May 03, 2025 12:54 Asia/Baku
  • İran ədalətli və balanslaşdırılmış nüvə razılaşmasını istəyir

İran-ABŞ danışıqlarının dördüncü raundu təxirə salındıqdan sonra İranın xarici işlər naziri Seyid Abbas Əraqçi vurğulayıb ki, biz ədalətli və balanslı razılaşma əldə etmək üçün həmişəkindən daha artıq qətiyyətliyik.

İran İslam Respublikasının nüvə proqramı ilə bağlı İran və ABŞ arasında dolayı danışıqlar aprelin 12-də başlayıb. Bu danışıqların ikinci və üçüncü raundları aprelin 19-u və 26-da keçirilib. Tərəflər arasında dolayı danışıqların dördüncü raundunun 3 may 2025-ci ildə keçirilməsi planlaşdırılırdı, lakin Omanın xarici işlər naziri Bədr bin Həməd Əl-Busəidi logistik problemlərə görə danışıqların təxirə salındığını xəbər verib.

Onun sözlərinə görə, danışıqların yeni tarixləri tərəflər arasında razılıq əldə edildikdən sonra açıqlanacaq.

Bu arada ABŞ dövlət katibi Marko Rubio bir daha iddia edib ki, “İran İslam Respublikası yalnız dinc nüvə enerjisi istəyirsə, onun zənginləşdirməyə haqqı yoxdur və zənginləşdirilmiş uranı idxal etməlidir”.

Bu açıqlama istər-istəməz Tramp administrasiyasının rəsmiləri arasında açıq ziddiyyət olduğunu göstərir.

Digər tərəfdən qəribədir ki, İran və ABŞ arasında dolayı danışıqlarla eyni vaxtda ABŞ hökuməti bir neçə dəfə İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ən son sanksiyalar ABŞ hökuməti tərəfindən çərşənbə günü tətbiq edilib. Danışıqlarla eyni vaxtda yeni sanksiyaların tətbiqi ABŞ hökumətinin maksimum təzyiq siyasəti formasında İran İslam Respublikasına qarşı düşmən münasibətinin davam etdiyini göstərən aydın sənəddir.

Bununla əlaqədar İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq, ABŞ-ın qeyri-qanuni sanksiyaları davam etdirməkdə israrlı olmasını qınayıb: “ABŞ prezidentinin İslam İnqilabının Aliməqamlı Rəhbərinə məktubundan və İranın sülhməramlı nüvə proqramı ilə bağlı yaranmış lüzumsuz və süni böhranın həlli üçün diplomatiya yolunu seçməyə hazır olduğunu bəyan etməsindən sonra İran İslam Respublikası xoşməramlı olduğunu göstərmək üçün Amerika Birləşmiş Ştatları ilə dolayı dialoqa girdi, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və qəddar sanksiyalara son qoyulması sahəsində İranın beynəlxalq hüquqa uyğun prinsipial yanaşmalarını ortaya qoydu”.

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi isə Amerika rəsmilərinin nüvə danışıqları ilə bağlı davam edən düşmənçi yanaşmasına və ziddiyyətli mövqelərinə baxmayaraq, “danışıqlar yolu ilə məsələlərin həllinə nail olmaq əzmimizdə heç bir dəyişiklik olmayıb” deyə vurğulayıb. “Sanksiyaların sonunu təmin edən və İranın nüvə proqramının əbədi olaraq dinc xarakter daşıyacağına əminlik yaradan, eyni zamanda İranın hüquqlarına tam riayət olunmasını təmin edən razılaşma bizə lazımdır”, - deyə iranlı nazir söyləyib.

Beləliklə də İran İslam Respublikası xarici işlər nazirinin bu bəyanatı hər şeydən çox İranın təzyiqlər təzyiqlər qarşısında öz milli maraqlarını qorumaq əzmini ifadə edir. İran İslam Respublikası bir tərəfdən təzyiqlərə boyun əyməyəcək, digər tərəfdən də tam nüvə hüquqlarının təminatının arxasınca gedəcəkdir.