May 26, 2025 17:59 Asia/Baku
  • Fransanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili bu ölkənin xarici işlər nazirinin İrana qarşı müdaxiləçi ifadələrinə etiraz etmək üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa xarici işlər nazirinin İran İslam Respublikasına qarşı səsləndirdiyi təhqiramiz bəyanatlar və əsassız iddiaları fonunda bu ölkənin Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə İkinci Departamentinin rəhbəri Məhəmməd Tənhai tərəfindən çağırılıb və İranın bununla bağlı kəskin etirazı ona çatdırılıb. 

İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə İkinci Departamentinin rəhbəri bu çağırışda Fransa xarici işlər nazirinin irəli sürdüyü iddiaları İranın daxili işlərinə açıq-aşkar müdaxilə kimi qiymətləndirib və bu cür məsuliyyətsiz və təxribatçı mövqeləri pisləməklə yanaşı, bununla bağlı Fransa Xarici İşlər Nazirliyindən rəsmi izahat tələb edib.

Məhəmməd Tənhai, həmçinin Fransa hökumətinin İran İslam Respublikasına qarşı siyasi məqsədlərinə nail olmaq üçün bir kino tədbirinə ev sahibliyi etmək fürsətindən sui-istifadə etməsini pisləyib və vurğulayıb: "Fransa hökuməti insan haqları və humanitar hüquqları, xüsusilə Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu kobud şəkildə pozmaqda davam edən sionist rejimin əsas dəstəkçilərindən biri kimi insan haqları iddiaları irəli sürmək və başqalarını ittiham etmək üçün heç bir mənəvi səlahiyyətə malik deyil.

Fransanın müvəqqəti işlər vəkili İranın narahatlığını hökumətinə çatdıracağını bəyan edib.