İranlı deputat Ermənistanın cənubundan keçən kommunikasiya xəttindən danışıdı
“Zəngəzur dəhlizi Tehranın strateji maraqları nəzərə alınmadan həyata keçirilə bilməz”
İran parlamentinin Ərdəbildən olan üzvü bəyan edib ki, Zəngəzur dəhlizi İranın strateji maraqları və rolu nəzərə alınmadan həyata keçirilə bilməz.
“Xəbər Online” agentliyinin Ərdəbil vilayəti bürosunun verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı və İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Südeyf Bədri deyib: “Son günlərdə Zəngəzur dəhlizinin icrası ilə bağlı bəzi qeyri-peşəkar və qeyri-real açıqlamaların şahidi oluruq. Bu cür məsələlər heç bir halda icra və əməliyyat mərhələsinə keçə bilməz və mütləq bölgədəki maraqlarımız bu layihələrdə nəzərə alınmalıdır”.
Deputatın sözlərinə görə, hədə-qorxu və məcburiyyət dili bölgə inkişafı üçün doğru və məntiqli yol ola bilməz. Bu səbəbdən Qafqaz regionunda yerləşən bütün ölkələr İran İslam Respublikasının iştirakı ilə ortaq maraqların təmin edilməsinə çalışmalıdır.
Ərdəbilli deputat qeyd edib ki, Qafqaz üçün davamlı və təhlükəsiz marşrut yalnız İranın əsas xəttindən keçir və bölgə ölkələrinin hamısı bilir ki, onların maraqlarını təhlükəsiz şəkildə təmin edə biləcək yeganə ölkə İrandır.
Xatırladaq ki, son günlər Zəngəzur dəhlizi məsələsi ABŞ-ın həmin nəqliyyat dəhlizinə nəzarət etməyi təklif etməsindən sonra yenidən gündəmə gəlib.