İran və Rusiya:
Üç Avropa ölkəsinin nüvə sazişi üzrə mübahisələrin həlli mexanizminə müraciət etmək səlahiyyəti yoxdur
İran və Rusiya xarici işlər nazirləri vurğulayıblar ki, Avropa üçlüyünün BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələrinin icrasını bərpa etmək məqsədilə nüvə sazişinin tətik mexanizmini işə salmaq üçün hüquqi və mənəvi səlahiyyətləri yoxdur.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığında İranın nüvə problemi ilə bağlı inkişaflar, xüsusilə üç Avropa ölkəsi - yəni Britaniya, Almaniya və Fransanın BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qanuni müddətinin başa çatması ərəfəsində hərəkətləri, eləcə də İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlıq məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
Söhbətdə vurğulanıb ki, üç Avropa ölkəsi bir tərəfdən Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə öhdəliklərini yerinə yetirmədikləri, digər tərəfdən isə İranın dinc nüvə obyektlərinə hücumda ABŞ-la əməkdaşlıq etdikləri üçün 2231 saylı qətnaməni kobud şəkildə pozublar və buna görə də, onların Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələrini bərpa etmək məqsədi ilə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə mübahisələrin həlli mexanizminə müraciət etmək üçün hüquqi və mənəvi səlahiyyətləri yoxdur.
İran və Rusiya xarici işlər nazirləri söhbət zamanı nüvə müzakirələrində irəliyə doğru gedən yolu dəyərləndirib, 2231 saylı qətnamənin vaxtında yekunlaşdırılmasının vacibliyini vurğulayıblar.
Üç Avropa ölkəsinin 2231 saylı qətnamənin uzadılması ideyasına gəlincə, İraqçi İranın prinsipial mövqeyini izah edərək, vurğulayıb ki, İranın nöqteyi-nəzərindən 2231 saylı qətnamənin müddətinin uzadılması haqda qərarın verilməsi Təhlükəsizlik Şurası və onun üzvlərinə aiddir.