Məzmum və məmduh sevinc. Bunların meyarı nədir?
-
Məzmum və məmduh sevinc. Bunların meyarı nədir?
Məzmum və məmduh sevinc. Bunların meyarı nədir?
O kəslər ki, bu dünyada özlərini İlahi iman və təqva libası ilə bürüyüblər, nəinki tək dünyada şad və xoşbəxtdirlər, axirətdə də onları sonsuz sevinc gözləyir. Allah onların sevincini belə təsvir edir: “Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır (dünyada peyğəmbərlərin dili və qeybdən edilən ilhamlarla, ölüm zamanı mələklərlə və axirətdə Allahın xitabı, mələklərlə görüş və həqiqətlərin aşkar olması ilə)”. (“Yunus” 64).
İnsanın fitrəti elə yaradılmışdır ki, sevinc və şadlıq hissi ilə tanışdır və ona meyil edəndir. Fitri olaraq elə həyatı sevir ki, orada şadlıq və sevinc olsun. Quran bir çox ayələrində şadlıq və sevincin açarlarını təqdim etmişdir. O cümlədən: “Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi və təqva (tövhid, səbat və təslim) kəlməsini onlara qoşdu. Və onlar ona və onun əhlinə daha layiq idilər. Allah həmişə hər şeyi biləndir”. (“Fəth” 26).
“De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 58).
Bəs şadlıq nədir?
Quranda şadlıq kəlməsi səkinə kimi təqdim edilmişdir. Səkinə - o qəlb nurudur ki, qeyb işləri ilə qarşılaşan zaman insana sabitlik və rahatlıq verər. Əllamə Təbatəbai səkinə kəlməsi barəsində buyurur: “Səkinə kəlməsi sükun maddəsindən götürülmüşdür ki, hərəkətin əksidir. Bu kəlmə qəlb rahatlığı mənasında işlənər. Mənası – iradə və qərar verən zaman batini iztiraba malik olmamaqdır. Həmçinin müdrik insanın halı belədir. Gördüyü hər bir işi əzmlə yerinə yetirər. Sübhan Allah bu halı kamil imanın xüsusiyyətlərindən hesab edir. Onu böyük nemət adlandırır”.
İmam Əli (ə) buyurur: “Şadlıq ürəyi açar və sevincə səbəb olar”. Deməli, şadlıq əvvəl insan qəlbinə təsir edər və onu açar. Ondan sonra insan sevinci hiss edər. (Erfan)
İslam dininin nəzərinə görə bəyənilən və bəyənilməyən şadlıqlar vardır. O sevinc ki, insanı Allaha yaxınlaşdırar – bu şadlıq məmduh, yəni bəyənilən şadlıq hesab olunur. Əksinə, o sevinc ki, insanı Allahdan uzaqlaşdırar və günaha yaxınlaşdırar – o, məzmum, yəni bəyənilməyən və məzəmmət olunan şadlıqdır.
Məmduh şadlığın əsasında iman, təqva, ümidvarlıq, etimad, təvəkkül və Allah razılığı durar. “Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar. O kəslər ki, iman gətirib həmişə (günahlardan) çəkinirdilər”. (“Yunus” 62-63).
Məzmum şadlıq insanın dünyaya bağlanmasından irəli gələr. O kəslər ki, uzun arzulara və dünya nemətlərinə meyil edirlər – daxillərində yalançı şadlıq və sevinc hiss edirlər. Tez ötən bu sevinc ancaq bu dünyaya aiddir. “Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular”. (“Ənam” 44).
Ona görə də deyə bilərik ki, dünyanın maddiyyatlarına görə keçici şadlıq və sevinc – həqiqi deyildir. Həqiqi olan – Allaha görə olan şadlıq və sevincdir.
/dəyərlər/