Acıların cocuğu
Acıların cocuğu
Bir dəfə ofisdə məndən yaşca kiçik olan iş yoldaşlarıma motivasiya ilə əlaqədar olaraq çətin keçən uşaqlıq dönəmimdən danışırdım. Sonda ofisin sonbeşiyi Pərviz bəy bir rəy ilə məni də güldürdü.
"Vay! Bəs müəllim acıların cocuğuymuş"
Ömrümün ikinci cocuq ibarəsini isə bu il 30 yaşımda "Doğum günü cocuğu" olaraq qəbul etmişdim.
Jül Renar mənimlə müqayisədə sözün həqiqi mənasında acıların adamı olmuş. Uşaqlıqdan yetim qalan Jül, ömrünü 46 il sürdü və demək olar ki, bütün iztirabları əsərlərinə hopub.
Son günlər onun "Gündəliy"ini oxuyuram. Maraqlıdır. Diqqətimi çəkən bir cümləsi var:
"Gecələr biz uşaqlara nisbətən daha çox qorxuruq".
Ey Jülye, bəlkə də sən gecədən qorxan bir-iki böyük tanıyırdın. Eh, ay rəhmətlik, bilirsən mən nə qədər nümunə tanıyıram?!
Rəngli dünyada Allah bilir bu gecədən qorxan neçə böyük var?
Səhər açılanda ac yatan övladlarına nə yedirdəcək deyə dərddən qıvrılan valideyn...
Borcunun ödənişini haradan tapacağını düşünərək yata bilməyən borclu...
Etdiyi günaha görə bu gecə tövbəsinin qəbulundan nigaran qalıb, ölümdən qorxan dindar...
Səhərin dan yeri söküləndə özünü asacağını planlayan bədbəxtin qərarsızlığı...
Postda ayaq üstə mürgüləyən əsgərin düşmənin gəlməməsi üçün yalvarışı...
Gecə namazı qılan abidin rəhmət gözləntisi...
Tənhaların giriftarçılığı...
Qolunda qandal məhkəmə gözləyən cani...
Gecə evində paltarlı uzanan ictimai fəal...
Ailəsiz bir insanın tənha qaldığı gecənin soyuqluğu...
Can qorxusundan yuxusu ərşə çəkilən məhkumun beyni...
Və oxuduqca əlavə edə biləcəyiniz məmləkət əhlinin halı...
Jülye, biz tərəflərdə gecələrdən qorxmayanlar da çoxdur.
Hər düşən gecəni açılan səhərə bağlayanlar.
Gün doğmadan nələr doğar deyənlər.
Zülmət gecələrin işıqlı gündüzünü bilənlər.