Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
Ərəfə günü – ən böyük əyyamlardan biridir. Baxmayaraq ki, bayram adını almamışdır, bu, o gündür ki, Allah Öz bəndələrini ibadətə və itaətə dəvət etmişdir. Bu gündə şeytanı (lən) xar etmiş və başqa vaxtlardan daha çox alçaltmışdır.
Hədislərdə oxuyuruq ki, Ərəfə günü İmam Səccad (ə) bir yoxsulun səsini eşidir ki, insanlardan kömək diləyir. İmam (ə) ona buyurur: “Vay olsun sənə! Məgər bu cür bir gündə Allahdan qeyrisindən istəyirsən? Halbuki, bu gündə Allahın fəziləti hətta dünyaya gəlməmiş uşaqlara belə şamil olur".
Bu günün əməlləri vardır:
1. Qüsl almaq. Zilhiccə ayının 9-cu gününün – Ərəfə gününün müstəhəb əməlləri sırasında birinci yeri qüsl tutur.
2. Ərəfə günündə oruc tutmaq, əgər ibadətlərə mane olmayacaqsa, müstəhəbdir və savabı böyükdür. (Nəzərdən qaçırmayaq ki, ertəsi gün, yəni Qurban bayramı günü oruc tutmaq haramdır).
3. Ərəfə günündə İmam Hüseynin (ə) Kərbəladakı hərəmini ziyarət etmək insana böyük savab gətirən əməllərdən sayılır. Hətta İmam Cəfər Sadiq (ə) buyurub ki, Ərəfə günündə Allah Təala əvvəlcə İmam Hüseynin (ə) zəvvarlarına mərhəmət göstərib onların ehtiyaclarını ödəyər, günahlarını bağışlayar, ondan sonra Ərəfə çölündə həcc əməllərini yerinə yetirən hacılara mərhəmət göstərər.
Əlbəttə, Ərəfə gününü Kərbəlada qeyd etməyə imkanı olmayan şəxs, İmam Hüseyni (ə) qiyabi olaraq da ziyarət edə bilər (İmam Hüseynin (ə) Ərəfə gününə məxsus ziyarətnaməsini oxumaqla).
4. Ərəfə günündə Həzrət İmam Hüseynə (ə) məxsus olan «Ərəfə duası»nı oxumağın da çox böyük əcri var. Ğalib Əsədinin oğulları Bişr və Bəşir rəvayət edirlər ki, İmam Hüseyn (ə) Ərəfə günündə Ərəfat çölündəki təpənin sol tərəfində duraraq, üzünü Kəbə istiqamətinə çevirmiş və mübarək əllərini üzünün bərabərində (qunut vəziyyətində) tutmuş halda, son dərəcə təvazökar bir vəziyyətdə bu duanı söyləmişdir. Duanın həcmi böyükdür və «Məfatihul-cinan» kitabında bütöv şəkildə verilmişdir.
5. Ərəfə günündə əsr namazından sonra 2-rükətli müstəhəb namaz qılmaq da gözəl əməldir.Birinci rükətdə “Fatihə” və “İxlas”, ikinci rükətdə isə “Fatihə” və “Kafirun” surələri oxunur. Həmçinin, Ərəfə günündə dördrükətli müstəhəb namaz qılmaq (hər rükətində bir dəfə “Fatihə” və 50 dəfə “İxlas” surəsini oxumaqla) da çox bəyənilir.
6. Ərəfə günündə bu duanı oxumaq da tövsiyə edilir: “Subhanəlləzi fis-səmai ərşuh, subhanəlləzi fil-ərzi hukmuh, subhanəlləzi fil-quburi qəzauh, subhanəlləzi fil-bəhri səbiluh, subhanəlləzi fin-nari sultanuh, subhanəlləzi fil-cənnəti rəhmətuh, subhanəlləzi fil-qiyaməti ədluh, subhanəlləzi rəfəəs-səma, subhanəlləzi bəsətəl-ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh”.
Tərcüməsi: «Müqəddəsdir o zat ki (yəni Allah), səmada Onun ərşi yerləşir, yerdə Onun hökmü hakimdir. Müqəddəsdir o zat ki, Onun qəzavü-qədəri qəbirlərdə həyata keçir, su Onun hökmü ilə yola dönür. Müqəddəsdir o zat ki, alov (cəhənnəm) Ona tabedir, Onun mərhəməti cənnəti bürüyüb, qiyamətdə Onun ədaləti hökm sürür. Müqəddəsdir o zat ki, səmanı ucaltdı, yeri genişlətdi, Ondan başqa heç kimə sığınmaq və Onun hökmündən qaçıb Onun özündən başqa heç kimin himayəsində xilas olmaq mümkün deyil».
Bundan sonra 100 dəfə demək: “Subhanallahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər”. (“Təsbihati-ərbəə”). Tərcüməsi: «Allah müqəddəsdir. Allaha həmd olsun. Allahdan başqa məbud yoxdur. Allah hər şeydən daha ucadır».
100 dəfə "Tövhid" surəsini və 100 dəfə də "Ayətül-kursi"ni demək. Sonra 100 dəfə salavat demək.
Bundan sonra 10 dəfə aşağıdakı dua oxunur: “Lə iləhə illəllah, vəhdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmd, yuhyi və yumit, və yumitu və yuhyi, və huvə həyyun lə yəmut, biyədihil-xəyru və huvə əla kulli şəy’in qadir”.
Tərcüməsi: «Allahdan başqa məbud yoxdur. O, təkdir, şəriki yoxdur. Dirildən və öldürən, öldürən və dirildən Odur. Özü isə ölməzdir və diridir. Xeyir Onun hökmündədir və O, hər şeyə qadirdir».
Sonra aşağıdakı zikrlərin hər birini 10 dəfə demək:
“Əstəğfirullahəl-ləzi lə iləhə illə huvəl-həyyul-qəyyumu və ətubu iləyh” - 10 dəfə
Tərcüməsi: «Ondan başqa məbud olmayan, diri və qalarlı olan Allahın hüzurunda günahlarımın bağışlanmasını diləyir və tövbə edirəm».
“Ya Əllahu” - 10 dəfə
“Ya Rahmənu” - 10 dəfə
“Ya Rahimu” - 10 dəfə
“Ya bədiəs-səmavati vəl-ərzi ya zəl-cələli vəl-ikram” - 10 dəfə
Tərcüməsi: «Ey göyləri və yeri yaradan. Ey cəlal və kərəm sahibi».
“Ya həyyu ya qəyyum” (ey diri və qalarlı olan Allah) - 10 dəfə
“Ya hənnanu ya mənnan” » (ey mehriban və hamının minnətdar olduğu Allah) - 10 dəfə
“Lə iləhə illə ənt” (Səndən başqa məbud yoxdur) -10 dəfə
“Amin” -10 dəfə
Axırda isə bu dua deyilir: “Əllahummə inni əs’əlukə ya mən huvə əqrəbu iləyyə min həblil-vərid. Ya mən yəhulu bəynəl-mər’i və qalbih, ya mən huvə bil-mənzəril ə’la və bil-ufuqil-mubin, ya mən huvər-rəhmanu ələl-ərşistəva, ya mən ləysə kəmislihi şəy’, və huvəs-səmiul-bəsir, əs’əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd”.
Tərcüməsi: «Allahım, ehtiyacımı Səndən istəyirəm. Ey mənə şah damarımdan da yaxın olan! Ey insanla qəlbi arasında rabitə yaradan. Ey uca məqamdan hər şeyi görən və açıq-aydın bilən! Ey ərşi öz hökmünə almış mərhəmət sahibi! Ey özündən başqa məbud olmayan! Hər şeyi eşidən və görən! Sənin salavatın Həzrət Muhəmmədə və Əhli-beytinə (ə) olsun!».
Sonra da Allahdan hacətini istəyirsən. Bu duadan sonra insanın istəyinin həyata keçməsi ehtimalı çox böyükdür.