İnsanların qəlbində sönməz Kərbəla çırağı
İman sahiblərinin qəlbində İmam Hüseynin (ə) şəhadəti ilə bağlı xüsusi bir hərarət var.
İldən-ilə Aşura
məktəbinin yaşadılması ilə bağlı həm kəmiyyət, həm də keyfiyyət artır. Bu artım
yalnız bizim məmləkətimizdə müşahidə edilmir. On beş, iyirmi il öncə İraqda
Kərbəla ziyarətinə gedənlər bunu çox yaxşı bilirlər. Çox az sayda insan böyük
çətinliklər, təzyiqlərlə ziyarətə gedirdi. O qədər çətinlik, o qədər
repressiya, o qədər sıxışdırılma var idi ki, insanlar beş-on nəfərdən çox
ziyarətgaha buraxılmırdı. Onilliklərlə Səddam kimi diktatorlar öz missiyalarını
həyata keçirir və zəlil halda aradan gedirlər. Bundan sonra cəmi bir neçə ay
bəs edir ki, növbəti Məhərrəm-Səfər və Aşurasında bütün dünyanın gözü oraya
yönəlir. Zəvvarların sayı milyonlara çatır. Dünyanın bütün yerlərində eyni
proses müşahidə olunur. Harada ki, Aşuraya qarşı nəsə işlər görüləcək,
müvəqqəti olaraq, zahirdə aradan getmiş kimi görsənə bilər, lakin insanların
qəlbində bu, heç bir zaman itməyəcək.
Bu, necə baş verir? Bu, nə məsələdir ki, xalq aşağıdan yuxarı, elliklə bu
məktəbi yaşadır? Kişilər, xanımlar, yaşlılar, cavanllar – bütün dərk edən
təbəqələr bu məktəbi yaşadır. Bəzi şeylər olur ki, o yaşlı üçün aktual olur,
bir məsələ olur ki, cavanlar üçün aktual olur və s. Lakin, Aşura elə bir
məktəbdir ki, yaşından, sosial durumundan, imkanlarından asılı olmayaraq, hər
bir insan üçün aktualdır. Burada məsələ çox köklüdür. Belə ki, insanların
qəlbində bu məsələ var və imanlarının nəticəsidir. Həzrət Peyğəmbər (s) dəfələrlə bildirir ki, iman
sahiblərinin qəlbində İmam Hüseynin (ə) şəhadəti ilə bağlı xüsusi bir hərarət
var və o, insanı hərəkətə gətirər. Qiyamətə qədər həmin hərarət sönməz və
soyumaz…
Əgər İmam Hüseyn (ə) olmasaydı…
İkinci önəmli məsələ isə
budur ki, dinin mövcudluğu bu məsələlərə bağlıdır. İnsan gerçək inanclılıq
yaşatmaq istəyirsə, o, fərqində olur ki, İmam Hüseyn (ə) olmasaydı, İslam adına
yalnız dekarasion qalmış olardı. İmam Hüseyn (ə) olmasaydı, İslamın cövhərindən
heç bir şey qalmazdı. Bir Ramazan ayında bu məsələ var ki, Ramazan ayında oruc
tutanın nəfəsi zikrdir. Oruc tutanın bütün işləri ibadətdir. Oruc tutanın
vəziyyəti elədir ki, hətta yatsa da, yenə ibadət halındadır. Eyni məsələ Məsum
İmamlardan (ə) məhərrəm ayı ilə bağlı da göstərilib. Əhli-beyt (ə) bildirir ki,
məhərrəm ayının əzadarları üçün də bu durum, by mənəvi yüksəliş var. Oruc tutan
yemək yemir, su içmir, orucu pozan digər işləri görmür, əzadar isə isə iradəvi
olaraq İmam Hüseynin (ə) və onun pak ardıcılları üçün kədərdə olur. Buna görə də
əzadarın bütün varlığı ibadi hala gəlir. Əzadarın aldığı hər nəfəs zikrə
çevrilir.
Bu yüksəklik nədən qaynaqlanır, haradan mənbələnir? Əba Əbdillah (ə) Aşura günü
öz vəzifəsini icra etməsəydi, İslam adına kamil din qalmayacaqdı. Müsəlman
toplumları üçün tamamlanmış nemət həyata keçməyəcəkdi. İslam və dindarlıq
bəyənilmiş hala çatmamış olacaqdı. İmam Hüseyn (ə) öz hərəkatı ilə imanı
yaşatdı, dini məhv olmağa qoymadı. Bu yolda öz canını verdi. Əzadar da öz
iradəsi ilə bu məktəbi yaşadır, faktiki olaraq, bu hərəkatı davam etdirir.