May 31, 2015 17:21 Asia/Baku
  • insanın yaşayısında  yuxulu düşüncələr
    insanın yaşayısında yuxulu düşüncələr

Kiçik divarda asılmış böyük xəritədəki kiçik miqyaslı böyük dünya...

 Bəzən saatlarca dayanıram onun qarşısında, maraqla baxıram xırda hərflərlə yazılmış ölkələrə, minlərlə şəhər adlarına, sayı milyondan çox olan yaşayış məskənləri, məntəqələr, xəritəyə düşə bilməyən daha neçə-neçə müxtəlif adlılar, yerlər, məkanlar... Yaşıl rəngli əks olunmuş meşələr, şəffaf rəngli okeanlar, dənizlər, göllər, çaylar... Necə də xoşbəxt görünür dünya kağız üstündə, lal-dinməz, hərəkətsiz. Hər şeydən uzaq bir adada heç kimdən asılı olmayan və heç kəsə pisliyi toxunmayan qoca bir insan kimi... Kağız üstündə nə münaqişə ocaqları gözə dəyir, nə uğrunda neçə illərdir müharibələr gedən, minlərlə günahsız insanların öldürüldüyü torpaqlar, nə də ki, acınacaqlı aclığın, əlacsızlığın, zülmün, fəqirliyin hökm sürdüyü ərazilər... Həqiqətən, necə də böyük, sonsuz bir yaradılışdır dünya, heç düşüncələrimizə, xəyallarımıza belə sığışdıra bilmədiyimiz. Bəzən bizə uzun görünən ömrümüzün belə yetməyəcəyi, başdan-axıradək dolaşsaq belə qurtarmayacaq, sonlanmayacaq bir aləm, varlıq dünyası. Lakin dərindən fikirləşdikdə kiçik, hər bir qarışı, guşəsi əlçatan görünən dünya, kiçik bir top təsiri bağışlayan kürə... Bir sözlə, möcüzədir. Min illərdir üzərində daşıdığı insanların sayı qədər başa düşülən, sevilən, bəlkə də nifrət olunan möcüzə... Nə qədər böyük, nəhəng bir yaradılış olsa da iç dünyamıza sığan, düşündükdə hər bir qarışına belə insan əlinin yetə biləcəyi qədər sadə olan bir kainat... Yeganə olan dünyadır ki, insanlar arasında heç bir fərq qoymur, yaxşısına-pisinə, qocasına-cavanına, varlısına-kasıbına eyni münasibət bəsləyir, nemətlərini, varını hamıya paylayır. Heç kimdən havasını, suyunu, torpağını əsirgəmir, hətta ən murdar, ləyaqətsiz insan belə öldükdə onu qoynuna qəbul edir əbədi olaraq... İnsanların hər cümlələrində “yaman”, “vəfasız”, “yalan” adlandırdıqları dünya... Görəsən, ona ixtiyar verilsəydi, o, nə edərdi? İnsanları necə adlandırardı? Seçim qarşısında qalsaydı, kimləri seçərdi, üzərində gəzdirməkdən, əziyyətin çəkməkdən imtina etməzdi? Ən azından insanlara cavab verərdi, ona etdikləri pisliklərə, ziyanlara biganə yanaşmazdı. Havasına, suyuna, torpağına, təbiətinə vurulan hər bir zərərin, çirklənmənin, yüz illərdir davam edən mənasız müharibələrin, savaşların törətdiyi fəlakətlərin, qarşısıalınmaz faciələrin intiqamını lazımınca alardı. Gücünü, qüdrətini, əslində kimin kimə möhtac olduğunu, asılı olduğunu sübut edərdi, məcburi də olsa hörmət etdirərdi özünə, özünün hər bir qarışına, hər bir budağına, yarpağına, hər damcı suyuna... Görəsən, dünya insanla insan kimi rəftar etsəydi düzgün olardı, yoxsa insan dünyaya dünya kimi davransa... Yəqin ki, dünyanın insana davrandığı tək insan insana...
/İslamazeri/

Teqlər