İmam Sadiq (ə)-ın şəhadəti münasibəti ilə başsağlığı veririk
Bu gün İmam Sadiq (ə)-ın şəhadəti günüdür
Əhli-beyt (ə) davamçılarının 6-cı imamı İmam Sadiq (ə) hicri 83-cü il rəbiül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya göz açmışdır. Atası İmam Məhəmməd Baqirdir. Anası İmam Əlinin (ə) əshabından olan Məhəmməd ibn Əbu Bəkrin nəvəsi idi. Məhəmməd ibn Əbu Bəkrin anası isə təqvalı, xanım Fatiməyə xidmət etmiş Əsma binti Üməys idi. Imam Sadiq (ə) babası imam Səccad (ə) dünyadan köçəndə 15, atası şəhid olduqda isə 34 yaşında idi.İmam Sadiqin (ə) dövründə xilafətə rəhbərlik edən Xəlifə Mənsur Əhli-beyt (ə) davamçılarına qarşı öz sələfləri kimi amansızlıq göstərirdi. Xəlifə Bəni-Haşim nəslindən bir neçə mömini şəhid etdikdən sonra Şəybə adlı bir kişini Mədinəyə vali təyin etdi. Vali İmam Sadiqin (ə) hərəkətlərini nəzarət altında saxlamalı idi. Şəybə cümə günü namazdan sonra minbərə qalxıb İmam Əli (ə) və Peyğəmbər (s) xanədanı haqqında nalayiq sözlər dedi. İmam Sadiq (ə) ayağa qalxıb etiraz etdi və valinin niyyətini açıqladı. Xəlifə Mənsur İmamı (ə) mübarizə yolundan döndərməyə müvəffəq olmadığı üçün onu şəhid etmək qərarına gəldi. Hicri 148-ci il şəvval ayının 25-də İmam (ə) zəhərələnərək, şəhid edildi. Həzrətin (ə) pak vücudu Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir.
İmam Sadiq (ə) şəhadət münasibəti ilə başda İmam Zaman ağa (ə.f) olmaqla bütün müsəlmanlara başsağlığı veririk.