Sen 01, 2016 23:16 Asia/Baku
  • İmam Cavadı (ə) şəhid etmək üçün zalım xəlifənin törətdiyi cinayətlər

İmam Cavadı (ə) şəhid etmək üçün zalım xəlifənin törətdiyi cinayətlər

 İmam Cavad (ə) 195-ci hicri-qəməri ilində dünyaya mübarək gözlərini açır. Anası Səbikə xanım və atası İmam Rzadır (ə). İmam Cavadın (ə) dünyaya gəlişi ilə bütün Əhli-beyt (ə) davamçılarının ürəyinə su səpildi. Çünki uzun zaman idi ki, düşmənlər İmam Rzanı (ə) övlad sahibi olmadığına görə məzəmmət edirdilər. İmam Rza (ə) öz oğlu haqqında buyurmuşdu:“Bu körpə indiki zamanda Əhli-beyt (ə) davamçıları üçün dünyaya gəlmişdir və ondan bərəkətlisi indiyə qədər dünyaya gəlməmişdir”. (Həvzəh)

 

İmam Cavad (ə) atasından sonra 16 il imamət kürsüsündə əyləşmiş və ən çətin zamanlarda Əhli-beyt (ə) davamçılarına rəhbərlik etmişdi. Özündən sonra gözəl əsərlər və elmi məktəbləri yadigar qoyub getmişdir.

 

İmam Cavadın (ə) ləqəblərindən biri Təqidir. Bu ləqəb İmamın (ə) İlahi təqvasından qaynaqlanmışdır. Bütün Məsum İmamlar (ə) İlahi təqvaya malikdirlər, lakin İmam Cavad (ə) həmin dövrün ən təqvalı insanı olduğu üçün ona belə ləqəb qoymuşdular. Düşmən çalışırdı ki, İmamın (ə) paklıq və İlahi nəcibliyini insanların gözündə alçaltsın. Hətta Məmun onu öldürmək üçün qızı Ummul-Fəzli onunla nikahlayır. Bu haqda hətta əmr belə verir. Lakin İmamın (ə) pak düşüncələri və əqidəsi Məmunun çirkin hiyləsinə qalib gəlir. Məmun əlindən gələni edirdi ki, İmam Cavadı (ə) da özü kimi eyş-işrət əhli kimi tanıtsın, lakin bacarmadı. Öz qızını gəlin köçürən zaman əmr edir ki, onunla bir yerdə yüz nəfər ən gözəl kənizləri seçib qızı ilə bir yerdə İmamın (ə) evinə göndərsinlər. Ancaq təbii ki, İmam (ə) onlara diqqət etmədi.

 

İmam Cavad (ə) saray həyatından çox şikayət edirdi. Hüseyn Məkari nəql edir: “Bağdadda İmam Cavadın (ə) xidmətinə getmişdim və xəlifənin sarayında cah-calal hökm sürürdü. Belə düşünürdüm ki, İmam Cavad (ə) indiki halı ilə artıq bir daha Mədinəyə qayıtmaz. Bu fikir beynimdən keçirdi ki, gördüm İmam (ə) başını aşağı saldı və bir qədər sonra başını qaldıran zaman rəngi saralmışdı. Mənə buyurdu: “Ey Hüseyn! Allahın Rəsulunun (s) hərəmindəki bir qədər döyülmüş duzla arpa çörəyi mənim üçün müşahidə etdiklərindən daha yaxşıdır””.

 

İmamın (ə) şəhadət amillərindən biri bu idi ki, Həzrət (ə) elmi səhnələrdə çox güclü idi və çox sayda insanı özünə tərəf cəzb edə bilirdi. Bu da xəlifənin xoşuna gəlməyən ən mühüm cəhətlərdən biri idi. İmamın (ə) elmi o qədər güclü idi ki, saray əhli onun qarşısındakı acizliyini etiraf edirdi.

 

Rəzqan adlı bir nəfər nəql edir ki, bir gün İbni Əbi Davudu qəmgin halda Mötəsəm məclisindən qayıtdığını gördüm. Bu halının səbəbini soruşdum və dedi:” Bu gün arzu etdim ki, ey kaş 20 il əvvəl ölmüş olaydım”. Soruşdum: “Niyə?”. Dedi: “İmam Cavadın (ə) Mötəsəmin məclisində başıma gətirdikərinə görə. Bir nəfəri gətirdilər ki, oğurluq etdiyini etiraf edirdi və Mötəsəmdən istədi ki, İlahi hökmü yerinə yetirərək onu pak etsin. Xəlifə də bütün alimləri toplayır və İmam Cavadı (ə) da dəvət edir. Bizdən soruşdu ki, bu oğrunun əlini haradan kəsək? Mən dedim: “Biləyindən”. Bəziləri isə dirsəkdən kəsilməyini söylədilər. Sonra İmam Cavaddan (ə) soruşdu və İmam (ə) buyurdu: “Bunlar nəzər veriblər, ona görə məni üzrlü bilin”. Lakin Mötəsəm çox təkid etdi və and verdi ki, gərək nəzərini deyəsən. İmam (ə) buyurdu: “Bunların dedikləri səhvdir. Oğrunun gərək barmaqları kəsilsin və əli yerində qalsın”. Mötəsəm səbəbini soruşdu və İmam (ə) buyurdu: “Səcdə bədənin yeddi üzvü ilə yerinə yetirilir. Ona görə də əgər oğrunun əli biləkdən və ya dirsəkdən kəsilsə, namazda səcdəyə getmək üçün əli qalmaz. Halbuki, Allah buyurur ki, səcdəgahlar Ona aiddir”. Mötəsəm də onun cavabını qəbul etdi və əmr etdi ki, oğrunun barmaqlarını kəssinlər. Mən də orada ölməyimi arzu etdim”.

 

İmam Cavadın (ə) şəhadəti haqqında bir neçə nəzər vardır. Bəzilərinin nəzərinə görə İmamı (ə) Ummul-Fəzl zəhərləmişdir. Lakin başqa bir hədisdə oxuyuruq: “Mötəsəm İmamı Bağdada gətizdirəndən sonra İmama (ə) portağal suyu göndərir və içinə zəhər tökür. İmama (ə) deyirlər ki, Mötəsəm bu şərtbətdən Əhməd ibni Əbi Davuda və Səyid ibni Xəsibə də göndərmişdi. Ona görə təkid edir ki, siz də içəsiniz. İmam (ə) da bu suyu içir”.

Başqa bir yerdə oxuyuruq ki, İbni Əbi Davud oğru mövzusundan sonra Mötəsəmi İmamı (ə) öldürməyə həvəsləndirir. Mötəsəm də vəzirlərindən birinə əmr edir ki, onu evinə dəvət edib, zəhərləsin. Həmin şəxs də İmamı (ə) dəvət edir, lakin İmam (ə) onun dəvətini qəbul etməyəndə vəzir çox təkid edir. Nəhayət İmam (ə) bu vəzirin dəvətini qəbul edir və onun evində yediyi yeməkdən zəhərlənib şəhid olur. İmam (ə) Zilqədə ayının son günlərində 220-ci hicri-qəməri ilində gözlərini əbədi olaraq bu dünyadan bağlayır.

Salam olsun, sənə, ey Bağdadın sönməz ulduzu!

Salam olsun sənə, ey dövrünün ən təqvalı insanı!

Salam olsun sənə, ey cavan şəhid olan İmam!

 

Teqlər