Tənqid mədəniyyəti 1-ci hissə
Fikirləri və ya əməlləri ilə razılaşmadığımız hərkəsə istədiyimiz ifadələri deyib adını tənqid qoya bilərikmi?
Mənbə : İslamazeri
Çoxdandır düşündüyüm mövzu ətrafında fikirlərimi sizinlə bölüşmək istədim. Axır vaxtlar dindarlar, xüsusən ruhanilər “tənqid” atəşinə tutulurlar. Sosial şəbəkələrdə tənqidin biri bir qəpikdir. İş burasındadır ki, bəzən edilən şeyin adı tənqid qoyulsa da, onunla heçbir əlaqəsi olmur. Qarşısındakının fikirləri ilə razılaşmayan hərkəs dediyi ifadələri və atdığı addımları tənqid adlandırır və tənqidin məntiq və dinlə heçbir təzad daşımadığını, əksinə tənqid qəbul etməyənləri qeyri ciddi insan kimi təqdim edir. Başqa sözlə desək öz sözlərini yeritmək üçün sofistikadan istifadə edir. Bəzən isə qarşı tərəf tənqid adı altında təhqir edilir və təhqir edən tərəf bu fikirlərin (tənqid adı ilə təhqirlərin) tam ürək ağrısı ilə bəyan etdiyini və məsələnin həlli üçün addım atdığını dilə gətirir. Lakin bu da başqa növ sofistikadır. Məsələn mən qarşı tərəfin necədə savadsız, gözü qapalı, fəaliyyətinin məntiqi ardıcıllıqsız olduğunu deyirəm və bütün bunları məsələnin həlli və ürəyimin yandığı üçün bəyan etdiyimi qeyd edirəm. Deyilən bu sözlər gündəmdə olan məsələlərdəndir və insanlar bu cür ifadələrdən istifadə edərək müəyyən kütlənin ağlını çaşdıra bilirlər. Bəs nədir çoxlarının yalnış yolda istifadə etdiyi tənqid? Fikirləri və ya əməlləri ilə razılaşmadığımız hərkəsə istədiyimiz ifadələri deyib adını tənqid qoya bilərikmi? Uzun sözün qısası, tənqid etmə mədəniyyəti necə olmalıdır?
1.Əvvəla tənqid edən özü, ən azı tənqid edəcəyi məsələdə düzgün mövqedə olmalıdır. Yəni hansısa fərdi, ictimai, siyasi və ya digər sahələrdə kimisə tənqid etmək istəyən əvvəla özü dediyi sözlərin əhli olmalıdır. “Mən filan siyasi addımla razı deyiləm, amma özüm də siyasətə qarışmadığımdan alternativ təklifim də yoxdur” demək məntiqi baxımdan düzgün deyil. Əli (ə) Nəhcül bəlağənin 105-inci xütbəsində buyurur: “Öz dediyinə əməl edənin nəsihətlərini qəbul et”. Tənqdiddən məqsəd yalnız eybləri demək olmamalıdır, uyğun və düzgün çıxış yolları da təqdim olunmalıdır.
2.Təhqirə yol verilməməlidir. Peyğəmbərə (s) kiminsə barəsində mənfi söz çatdırdıqlarında, o həzrət qarşı tərəf təhqir olunmasın deyə “niyə filankəs bu cür edir?” demirdi, “niyə filankəs bu sözü çatdırır?” deyirdi. Tənqiddən məqsədi islah etmək, məsələni həll etmək olan kəs məntiqsizlik edib təhqirə yol verməz. Ümumiyyətlə təhqir əlacsızlığın əlamətidir və din bunu qadağan edib. Elə bu səbəbdən bəzən təhqirlər sətiraltı baş verir və “tənqid” adlandırılır.
3. Tənqiddən məqsəd islah etmək olmalıdır, fəsad törətmək yox. Paxıllıq, qərəz, düşmənçilik üzündən deyilən sözlərin hədəfi adətən müsbət olmur, əksinə vəziyyəti daha da pisləşdirir. “Paxıl insandan tənqid və nəsihət eşitmək qeyri mümkündür” (Xisal c 1, s 269). Elə bu səbəbdəndir ki, paxıl insanın “tənqid”i adətən intiqam üzündəndir. İnsanın tənqiddən niyyəti həqiqətən islah etmək olarsa qeyd olunan digər şərtlərə də əməl edəcəkdir...
/İslamazeri/