Dek 30, 2015 16:47 Asia/Baku
  • \\\'\\\'Azərbaycan hansısa meydançaya çevrilə bilər\\\'\\\'
    \\\'\\\'Azərbaycan hansısa meydançaya çevrilə bilər\\\'\\\'

"Güman edirəm ki, hakimiyyət gələn ildən Amerika ilə insan haqları və demokratiya barədə danışıqlara başlayacaq"


2015-ci il siyasi-iqtisadi hadisələrlə zəngin oldu. Siyasi baxımdan hakimiyyət daxilində kadr və struktur dəyişiklikləri, yüksək çinli məmurların həbsləri, iqtisadi-maliyyə baxımından son 10 ayda 2 dəfə devalvasiya qərarı gündəmin hələ də müzakirə predmetidir. “Turan İnformasiya Agentliyi”nin direktoru Mehman Əliyevlə bu məsələlərin yaratdığı sualları ilin yekunları baxımından cavablandırmağa çalışdıq.


 


-  Mehman müəllim, 2015-ci ili hansı müsbət və mənfi hadisələrə yola salırıq?


-  Müsbət heç bir şey yoxdur. İlin nəticələri haqda xülasəni hazırlayanda maraqlı məqamlarla rastlaşdım, biri var ay və günbəgün izləyirsən,  biri də var ilə baxış, günlərlə izlədiyini aylıq xülasəyə daxil edirəm, ayların mənzərəsi əsasında isə ilin xülasəsini yaratdım. Acınacaqlı odur ki, prezident başda olmaqla rəsmilər çətin il olacağını deyirdilər, ancaq bu çətinliyin dərinliyini dərk etməmişdilər. Həm də gedişat hakimiyyətin çətinliyə hazır olmadığını göstərdi. Bundan əlavə, Yaxın Şərq və Azərbaycan ətrafında gedən prosesləri nə dərindən anladılar, nə də strateji yanaşma sərgiləyə bildilər. Görünür, hakimiyyət daxili və xarici siyasətdə regional və beynəlxalq oyunçuların tam istəklərini o qədər dərk edə bilmədilər. Bu hədəfləri və çətinlikləri keçmək üçün gərəkli tədbirlər görülməmişdi. Hökumət sanki düşünürdü ki, birtəhər ili başa vurarlar. Nəyəsə ümid edirdilər.


-  Yaxud prezident İlham Əliyev də idmançılar qarşısında “biz elə bilirdik ki, neftin qiyməti 50 dollarda qalacaq” fikirləri də həmin düşüncədən doğmurmu?


-  Görürsənmi, “biz elə bilirdik ki” ifadəsi işlənilməməliydi. Bunu mən deyərəm, yaxud ulduz fallarında söylənilə bilər. Hakimiyyətin isə institutları var, "Turan" İnformasiya Agentliyinin institutu yoxdu, 5-6 nəfər işçimiz var, darmadağın etdilər, əvvəl onlarla işçimiz vardı. Əgər bu vəziyyətdə bunları görüb narahatlığımızı ifadə ediriksə, o boyda dövlətin strukturları nə işlə məşğuldur?! Yalnız iqtisadi sahədə xeyli institutları var, gəlin sayaq: iqtisadi inkişaf, maliyyə nazirlikləri, Mərkəzi Bank, ARDNŞ, Nazirlər Kabineti, MTN-nin tərkibində İqtisadi Təhlükəsizlik İdarəsi və nəhayət, prezidentin müşavirləri, Strateji Araşdırmalar Mərkəzi. Bunlar nə işlərlə məşğuldurlar, nəyə görə maaş alırlar?! Əgər proqnoz verib, vəziyyəti izah edib, qarşısını ala bilmirlərsə, bu, faciədir.


-  Bu baxımdan prezidentin köməkçisi Əli Həsənovun 2016-cı ilin çətin olacağı barədə fikirlərinin arxasındakı mesaj nədən ibarətdir?


-  2015-ci ilin də çətin olacağını demişdilər, xatırlayırsınızsa, prezident yanvarın 10-da sınaq ili olması barədə anons verdi. Düzdür, çətin olacağını başa düşürlər, ancaq vacib addımlar atılmadı, problem bundadır. İndi isə təbirlər planı irəli sürülməliydi.


-  Nədən ibarət olmalıdır bu plan?


-  Mənim narahatlığım odur ki, hökumət dərin islahatlara hazır deyil. Yenə birtəhər hansısa formada, nəyisə güzəştə getməklə, iqtisadiyyatın və cəmiyyətin azadlığını əldən verməməklə ili yola vermək istəyirlər. Əsas məsələ odur ki, dövlət və xalqın naminə yox, şəxsi maraqlar üçün nəyin bahasına olursa olsun, hakimiyyəti əldə saxlamaq istəyirlər. Bax, bu, ciddi problemdir.


-  İl həm də məmurların həbsləri, iri nazirliklərin rəhbərliyinin, strukturunun dəyişdirilməsi, bir nazirliyin isə səlahiyyətlərinin məhdudlaşdırılması ilə yadda qaldı. Proses davam edəcəkmi?


-  Proses ondan başladı ki, neftin qiymətlərinin zərbəsi ilə hakim sistemdə çat yarandı. Maliyyə sistemi neftin qiymətinin yüksək olması hesabına qurulur, milyardlar içində oğurlanma adi hala çevrilir. Və neftin qiyməti düşməyə başlayanda xarici kapital Azərbaycandan qaçdı. İnvestorlar birinci növbədə Beynəlxalq Bankdan pullarını sürətlə çıxardılar, bu, bank sistemini çökdürən əsas amildir. Arxasınca da azalan neft gəlirləri sistemdə yaranan çatları aradan qaldıra bilmirdi və problemlər daha qabarıq üzə çıxdı. Bir də baxdılar ki, filan məmur 1 milyardı, digəri 2 milyard oğurlayıb, başladılar həbslərə. Onsuz da layihələrdə büdcə pulları oğurlanırdı, bundan əlavə, oğurlanan vəsaitlərin qaytarılması tələb olundu. Oyun qaydalarını pozduğu üçün qaytarmalıdırlar, oğurladıqlarına görə yox. Çünki hamısı oğrudurlar, məmur korpusunda oğru olmayan yoxdur. Sadəcə, qaydaları pozanlara qarşı sərt hərəkətlər edilir, bunun xalqa və dövlətçiliyə aidiyyatı yoxdur. Bu məsələlərə sistemin təmizlənməsi kimi yanaşılmamalıdır.

/dəyərlər/


Teqlər

Şərhlər