“Bu nüfuzla ölkәyә xarici investor cəlb etmәk çətin olacaq”
Natiq Cəfərli: “Bu nüfuzla ölkәyә xarici investor cəlb etmәk çətin olacaq”
Yanvarın
27-də Heritage Fondu və “Wall Street Journal” qəzeti dünya ölkələrində
iqtisadi azadlığın səviyyəsi ilə bağlı hesabat açıqlayıblar.
Azərbaycanın vəziyyəti araşdırılan 178 ölkə arasında 85-ci yerdədir
və “Qismən azad” ölkələr qrupuna aid edilib. Azərbaycanın qonşuları
arasında ən yaxşı yer Gürcüstanındır ki, 22-ci yerdə qərarlaşıb.
Ermənistan isə 52 yerdədir. Ekspertlərin fikrincə bu indekslər ölkəyə
investorların cəlb edilməsinə maneə ola bilər.
İqtisadçı
ekspert Natiq Cəfərli mövzu ilə bağlı deyib ki, İqtisadi Azadlıq İndesksində də Azərbaycan Rusiya
ilə birgə öz yerini itirməkdə davam edir: “İnvestorlar hər
hansısa bir ölkəyə getməmişdən öncə hәmin ölkəni çox ciddi şəkildə
araşdırırlar. Araşdırmanın ən mühüm qollarından biri beynəlxalq reytinq
agentliklərinin məlumatları və analizləri, onların qiymətləndirməsi,
yerli məhkəmə, bank sisteminin öyrənilməsi, Ümumdünya Ticarət
Təşkilatında olub-olmaması və s. təşkil edir.
Azərbaycanla bağlı sadalanan bütün parametrlərdə problemlər var, o cümlədən İqtisadi Azadlıq İndesksində. Rusiya da bu indeksdə 10 pillə geriləyib. Bu onu göstərir ki, əvvəlki illərdə
Azərbaycanın bu tipli indekslərdə bir az yuxarı pillələrdə yer tutmağımızın səbəbi müəyyən indikatorlarla bağlı idi. O indikatorlar ölkənin qızıl valyuta ehtiyatları, Mərkəzi Bankın ehtiyatları və dayanıqlılığı idi. Neftin qiymətinin düşməsindən sonra, ölkəmiz bu indikatorlarda xeyli dərəcədə gerilədi. Mərkəzi Bankın ehtiyatları 11 milyard azalıb, Neft Fondunun da ehtiyat və gəlirləri azalıb. Buna görә, Azərbaycanın yeri ötən illə bu ildə xeyli dərəcədə fərq etdi.
Azərbaycan belə bir nüfuzla xarici investorları ölkəyə cəlb etməkdə çox böyük çətinlik çəkəcək. Əslində indiki durumumuz bir struktur, sistem problemidir. Bu problemlərin həllindən sonra investorların ölkəyə cəlb edilməsini təşkil etmək olar. Bizim gecikməyimiz qonşu ölkələrin bu işdə bizi qabaqlamasına səbəb olacaq”.
/Deyerler.org/