“Suriyada Türkiyə-Rusiya qarşıdurmasında Azərbaycan kənarda qala bilməyəcək”
-
Elxan Şahinoğlu: “Suriyada Türkiyə-Rusiya qarşıdurmasında Azərbaycan kənarda qala bilməyəcək”
Elxan Şahinoğlu: “Suriyada Türkiyə-Rusiya qarşıdurmasında Azərbaycan kənarda qala bilməyəcək”
Suriya-Türkiyə böhranının son günlər ciddi olaraq dərinləşməsi dünyanın diqqət mərkəzindədir. Təbii ki, bu proseslər daha geniş münaqişənin başlanğıcı da ola bilər. Zatən bir çox ekspertlər olayı bu cür dəyərləndirir. Türkiyənin Suriya ərazilərini bomabalaması birmənalı qəbul edilmir. Qərb bu məsələ ilə bağlı Türkiyəni xəbərdarlıq edib. Türkiyədən bombardımanı dayandırmaq tələb edilib. Suriya hökuməti isə olayla bağlı BMT-yə müraciət edib.
politoloq Elxan Şahinoğlunun fikrincə Rusiya və Türkiyə uçurumun bir addımlığındadırlar: “Rusiya Əsəd ordusu ilə birgə Hələbə hücum edir, bombardmanlar Türkiyəni yeni qaçqın axını ilə üzləşdirib. Demək, Rusiya Suriyada hərbi varlığını artıracaq, bunun nəticəsində Türkiyəyə qaçqın axını artacaq və Ankaraya deyəcəklər ki, "Sən qarışma!". Bu tələbə, özünə hörmət edən hansı dövlət razılaşar? Əsəd və Putin daima Türkiyəni ittiham edirlər, ancaq bircə dəfə deməyiblər ki, bu 2 milyon yarım qaçqın Türkiyədə niyə peyda olub? Türkiyənin borcumu var suriyalı qaçqınlara milyardlarla dollar xərcləsin? Suriyada bombardmanlar həyata keçirən Rusiya özü nə qədər suriyalı qaçqın qəbul edib?
Ona görə də, belə vəziyyətdə Türkiyənin müttəfiqləri ilə birgə Suriyanın bir hissəsində quru əməliyyatı həyata keçirməkdən başqa alternativi qalmır. Ancaq bu çox mürəkkəb alternativdir. Birincisi, Türkiyə ordusunun Suriyaya daxil olması elə böyük problem yaratmayacaq, əsas sual başqadır: Türkiyə ordusu nə vaxt və hansı şərtlər daxilində Suriyanı tərk edəcək? Çünki Suriyada müharibəni şərtləndirən səbəblər illər uzun davam edəcək. İkincisi, Rusiya pusqudadır ki, Türkiyədən vurulan hərbi təyyarəsinin intiqamını alsın. Başqa sözlə, Türkiyə və Rusiya hərbçiləri Suriyada üz-üzə qalaraq bir-birlərinə qarşı zərbələr endirəcəklər. Bundan sonra aləm dəyəcək bir-birinə və bu prosesdən Azərbaycan da kənarda qala bilməyəcək. Azərbaycan üçün "Sən kiminləsən" sualı aktuallaşacaq”.
/dəyərlər/