“Suriyadakı münaqişə geosiyasi qarşıdurmanın nəticəsidir”
Fikrət Sadıqov: “Suriyadakı münaqişə geosiyasi qarşıdurmanın nəticəsidir”
Rusiyanın xarici işlər naziri Serqey Lavrov bəyan edib ki, Suriyada uğurun əldə olunması üçün Rusiya və ABŞ-ın hərbi əməkdaşlığı zəruridir. Lavrov qeyd edib ki, Suriyada atəşkəsin bərqərar olunması üçün əməkdaşlıq etmək vacibdir. "Suriyada atəşkəsin baş tutması üçün hərbi, humanitar və atəşkəs sahəsində əməkdaşlıq etmək zəruridir. Biz Suriyada hərbi əməliyyatlara başlayandan ABŞ-ın rəhbərliyi ilə yaradılan koalisiyaya əməkdaşlıq etməyi təklif etmişik. Təssüflər olsun ki, ABŞ əməkdaşlıqdan boyun qaçırıb. İndi isə mən düşünürəm ABŞ artıq anlayıb ki, hərbi əmәkdaşlıq olmasa irəliləyiş olmayacaq", - deyə Lavrov bildirib.
Politoloq Fikrət Sadıqov mövzu ilə bağlı bəyan edib ki, Rusiya XİN rəhbərinin sözündə müəyyən dərəcədə həqiqət var: "Əslində Rusiya XİN rəhbərinin bu fikirləri ilə razılaşmaq olar. Bu gün Suriyada baş verən münaqişə geosiyasi mənada ABŞ, Qərb və Rusiya arasındakı qarşıdurmanın nəticəsidir. Suriyada baş verən proseslərdə diqqət etsək görərik ki, kimlərin arasında münaqişə gedir. Bu gün demək olar ki, İŞİD qalıb bir kənarda, səhnəyə yeni bir kürd amili daxil olub. Türkiyə isə öz sərhədlərini qoruyur. Suriyada yaşayan türkmənlər və digər etnik azlıqlar bu münaqişəyə praktiki olaraq qoşulublar.
Vəziyyət o qədər mürkkəbləşib ki, indiki durum bir növ bu qarşıdurmanın nəticəsidir. Mən əminəm ki, əgər ABŞ və Rusiya arasında münasibətlər sabitləşsə bu Suriya münaqişəsinin sabitliyinə də gətirib çıxarda bilər. Çünki, burada bəzi qüvvələr Bəşər Əsədi dəstəkləyir. Digər qüvvələr isə əksinə Bəşər Əsədin getməsini istəyir. Bu baxımdan, fikir ayrılığının aradan qaldırılmasına nail olunsa təbii ki, Suriya münaqişəsinin də həllində ciddi dəyişiklik ola bilər".
/Deyerler.org/