İyun 19, 2016 14:39 Asia/Baku
  • Vidadi Mirkamal
    Vidadi Mirkamal

Vidadi Mirkamal : “Eldar Mahmudovun ölüm xəbəri ictimaiyyətin nəbz yoxlanışıdır”

Azərbaycanda bir neçə gündür ki, sabiq milli təhlükəsizlik naziri E.Mahmudovun ölüm xəbəri ictimaiyyətdə ciddi müzakirə olunur. Bu xəbərin yayılması ilə bağlı çox müxtəlif ehtimallar var. Amma real fakt ondan ibarətdir ki, Eldar mahmudovun ölüm xəbəri sadə insanlar tərəfindən yayıla bilməzdi. Bu xəbər mütləq əsaslı mənbələrdən yayıla bilərdi. Bu baxımdan ictimaiyyət bu xəbərin yayılma səbəblərinin açılması istiqamətində ehtimallar irəli sürür.

 

Vəkil Vidadi Mirkamal Deyerler.Org-a fikirlərini bölüşərkən deyib ki, MTN-lə bağlı obyektiv araşdırmaların aparılması bu qurumu böyüdüb, püxtələşdirən sistemə, hökumətə sərf etməyəcək: “MTN işi ilə bağlı əldə edilən məlumatlarda hamı üçün ciddi sual doğuran məqamlar var. Bütün bu sualların aydınlaşdırılması üçün ciddi araşdırmalar aparılıb, səy göstərmək lazımdır. Ən əsası isə obyektiv araşdırmalar aparmaq lazımdır. Amma MTN-lə bağlı obyektiv araşdırmaların aparılması bu qurumu böyüdüb, püxtələşdirən sistemə, hökumətə sərf edəcəkmi? Bu suallar cəmiyyəti həmişə düşündürüb. Bu konteksdə xeyli MTN zabitlərinin, rəhbər işçilərinin tutulması haqqında xəbərlər yayıldı. Hətta bu zabitlərdən biri də həbsxanada özünü asdı. Bu fonda MTN naziri ev dustaqlığına buraxılıb. Arada da xəbərlər yayılır ki, E.Mahmudov evdə içkiyə qurşanıb, mənəviyyat pozuğunluğu yaşayır və s. İndi də belə bir xəbər yayıldı ki, içki aludəçiliyinin səbəbindən E.Mahmudovun ürəyi dayanıb. Əslində bütün bu informasiyalar ictimaiyyəti bu xəbərlərə hazırlamaq məqsədi daşıyır. Sabah ola bilsin ki, E.Mahmudovun real ölüm xəbəri çıxsa heç kəsə sürpriz olmayacaq. Bu informasiya psixoloji və təcrübədən keçmiş bir gedişdir. Bütün bu xəbərlər ictimaiyyətə şüurlu şəkildə yerdilir. Bu eyni zamanda ictimaiyyətin nəbz yoxlanışıdır”.

 

Deyerler.Org

Teqlər