Böyük Britaniyanın Aİ-dən çıxması dünya və Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Böyük Britaniyanın Aİ-dən çıxması dünya və Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının tərəfdarları 16.7 milyonluq səs baryerini keçərək referendumda qalib gəliblər. Ümumilikdə Aİ-dan çıxmaq istəyənlər səsvermədə iştirak edənlərin 52%ini, qalmağın tərəfdarları isə 48% təşkil edib. Seçici fəallığı 72,1% olub. Bu addımın dünya iqtisadiyyatına təsirinin olacağı heç kəsdə şübhə doğurmur.
Mövzu ilə bağlıDeyerler.Org-la fikirlərini bölüşərkən iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, Böyük Britaniyanın bu qərarı ümumiyyətlə Avropa Birliyi ideyasına ciddi zərbə oldu: “Böyük Britaniyanın qərarı bir domino effekti yarada bilər. Belə ki, gələcəkdə digər ölkələrdə də buna bənzər addımların olması ehtimalı var. Əsasən millətçiliyin və islamofobiyanın artdığı bir dönəmdə, bu hal xüsusi ilə ciddi effekt yarada bilər. Bu Avropa Birliyi fəlsəfəsinə çox mənfi təsir etdi. Bu addımın siyasi nəticələri daha güclüdür. İqtisadi nəticələrinə gəldikdə isə çox ciddi dalğalanmalar olacaq. Hələ bir neçə həftə dünya bunu dəyərləndirənə qədər, dünya bazarlarında ciddi dalğalanmalar müşahidə ediləcək. İlkin mərhələdə ən böyük ziyan elə Böyük Britaniyanın özünə dəyəcək. Böyük Britaniya dünyanın maliyyə mərkəzi idi və həm də bir körpü rolunu oynayırdı. ABŞ və Avropa arasında bir çox iqtisadi əlaqələr Böyük Britaniya üzərindən yürüdülürdü. Bu qərardan qeyd edilən əlaqələrə də ciddi ziyan dəydi. Əslində bu ayrılma prosesi bir neçə il davam edəcək. Bu da Londonun maliyyə mərkəzi kimi nüfuzunun aşağı düşməsinə və Avropa Birliyi ilə yeni qaydalar əsasında əlaqələrin yaradılmasına gətirib çıxaradacaq. Bu da Böyük Britaniya iqtisadiyyatına müəyyən dərəcədə zərər vuracaq. Artıq ziyanlar bu gündən başlayaraq özünü göstərməyə başlayır. İlk reaksiya kimi funt sterlinq son 30 ildə ən aşağı səviyyəsinə düşdü və ucuzlaşmağa davam edir. Düşünürəm ki, bir neçə müddətdən sonra insanlar soyuq başla bu prosesləri təhlil etdikdən sonra daha ciddi qərarların olması ehtimalı da var. Avropa Birliyi Böyük Britaniyanın birlikdən çıxmaq məsələsi ilə paralel olaraq yeni bir müqavilə təqdim etmək istiqamətində addımlar ata bilər. Böyük Britaniyanın təqdim etdiyi şərtlər də bu müqavilədə öz əksini tapa bilər. Bundan sonra isə müəyyən dərəcədə dünya bazarında bir sakitlik əldə oluna bilər. Hələlik çox ciddi dalğalanmalar olacaq. Burada Azərbaycana da təsir edən məsələ ondan ibarətdir ki, dolların bahalaşması neftin ucuzlaşmasına səbəb oldu. Bir gecənin içində neftin qiyməti 6% ucuzlaşdı. Bu cür təsirlər dünyanın bir çox iqtisadi göstəricilərinə olacaq”.