İlham Şaban: “Böyük Britaniyanın qərarı neftin qiymətini sual altına qoydu”
İlham Şaban: “Böyük Britaniyanın qərarı neftin qiymətini sual altına qoydu”
Böyük Britaniyanın Avropa İttifaqından çıxması qərarı bir çox məsələlərə öz mənfi təsirini qoyub. Neftin qiyməti bir gecənin içində 6% enib. Bu da təbii ki, çox ciddi göstəricidir. Ekspertlərin fikrincə bu tendensiya davamlı ola bilər.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Deyerler.Org-la fikirlərini bölüşərkən deyib ki, sonrakı proseslər Avropa Birliyi-Böyük Britaniya arasında olan münasibətlərdən asılı olacaq: “Ekspertlər qeyd edirdi ki, OPEK-in iclasından sonra neftin qiymətində müəyyən enmələr ola bilər vә qiymәt 40 dollar ətrafında dəyişəcək. Çünki, bazarda 1,5 milyon barrel artıq təklif edilən neft var. Artıq neft bazarını bu həcmlərdən payıza qədər qurtarmaq lazımdır. Sentyabrın sonu, oktyabrın əvvəlində mümkündür ki, fundamental artımlar müşahidə olunsun. Bundan sonra isə neftin qiyməti 50-55 dollar ətrafında sabit bir qiymət platformasına gəlib çıxa bilər. Amma bunu müşahidə etmədik. Çünki, dünyada bir sıra hadisələr baş verdi. Belə ki, Kanadada ciddi yanğınlar baş verdi. Yanğınlar yataqların yaxınlığında olduğundan hasilatın dayandırlmasına səbəb oldu. Digər tərəfdən Nigeriyada ciddi münaqişə baş verdi. Hasilat kəskin aşağı düşdü. Bütün bunlar isə neftin qiymətinin aşağı düşməməsinə səbəb oldu.
Bu gün Böyük Britaniyanın verdiyi qərar ilə neftin qiymətində müəyyən azalmalar müşahidə olundu. Amma biz real olaraq bu durumu 3 həftə öncə yaşamalı idik, amma bu yaşanmadı. Bundan sonrakı proseslər Avropa Birliyi-Böyük Britaniya arasında olan münasibətlərdən asılı olacaq. Böyük Britaniyanın ayrılması ilə bağlı yaradılan komissiyanın fəaliyyəti yaxın gələcək üçün baş verəcək prosesləri müəyyən edəcək. Neftin qiyməti daha sonra Böyük Britaniyanın özünün daxilində gedən proseslərdən asılı olacaq. Heç kəsin gözləmədiyi halda Devid Kemeron istefa verəcəyi ilə bağlı açıqlama verib. Bu mәnfi bir informasiyadır. Şimali İrlandiyada ultramillətçilər qeyd ediblər ki, onlar İrlandiyaya birləşmək istəyirlər. Onların daima mərkəzi hakimiyyətlə problemləri var idi. Şotlandıiya qeyd edir ki, onlar referendum keçirdib Avropa Birliyində federativ ölkə kimi qalmaq istəyirlər. Yəni, bu kimi bəyanatlar neftin qiymətini dalğalandıracaq. Bütün bunlar neftin qiymətində sabitliyin olmayacağı anlamına gəlir”.
Deyerler.Org