“Terroru planlayan insanlar peşəkar və təcrübəli insanlardır”
Zərdüşt Əlizadə: “Terroru planlayan insanlar peşəkar və təcrübəli insanlardır”
İyulun 14-də Bastiliya qalasının alınması günü münasibətilə təşkil edilmiş atəşfəşanlıq zamanı yük avtomobili insanların üzərinə sürülüb. Bundan sonra yük avtomobilində olanlar insanlara atəş açmağa başlayıb. Verilən məlumata görə, 84 nəfər insan həyatını itirib. Hal-hazırda xəstəxanalarda 100-dək insanın müalicə olunduğu bildirilir. Onlardan 50 nəfərinin vəziyyəti ağırdır. Fransanın BFM TV telekanalının verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 22:30-da şəhərin əsas bulvarında baş verib. Yük avtomobili insanlardan ibarәt izdihamın üzərinə sürüldükdən sonra, terrorçular camaatı atəşә tutub. Polislə atışma zamanı bir neçə polisin də xəsarət aldığı bildirilir.
Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə qeyd edib ki, Fransa terrorla mübarizəsini nə qədər sərtləşdirəcəksə, terrorçular Fransaya qarşı bir o qədər aktiv iş görmək istəyəcəklər: “Terrora qarşı mübarizədə Fransa ən aktiv olan ölkələrdən biridir. İstər Afrikanın şimalında, istərsə də Yaxın Şərqdə Fransa ən fəal olan ölkələrdəndir. Bu baxımdan da İŞİD ən çox elə Fransanı özünə hədəf seçir. Unutmayaq ki, Fransada çox böyük bir müsəlman icması var. Bu baxımdan dünyada baş verən bir çox proseslərdən narazı olan və bu işdə ən ağlagəlməz addımlar atmağa razı olan insanları burada tapmaq daha asan olur. Bu baxımdan Fransa daha çox terror aktlarına məruz qalır. Düşünürəm ki, Fransa terrorla mübarizəsini nə qədər sərtləşdirəcəksə, terrorçular Fransa ya qarşı bir o qədər aktiv iş görmək istəyəcəklər. Onu anlamaq lazımdır ki, görülən işdə təbii ki, müəyyən xoşagəlməz proseslər də ortaya çıxacaq. Fransa terrorla mübarizədə aktivlәşdikcә ona qarşı da fəaliyyətlər aktivləşəcək. Onu da nəzərə almaq lazımdır ki, Fransa Avropanın ən ciddi təhlükəsizlik tədbirləri görüldüyü şəhərlərindən biri olmağına baxmayaraq bu qədər terror aktlarına şahidlik etməsi bir çox məsələdən xəbər verir. Deməli terrorçuların bu işlərini planlayan insanlar kifayət qədər peşəkar və təcrübəli insanlardır. Bu da Fransa kimi ölkədə ciddi insan tələfatı ilə nəticələnən terror aktlarını həyata keçirməyə imkan verir”.
/Dəyərlər/