"İŞİD belə davam edərsə, quru qoşunları müdaxilə edə bilər”
Hikmət Hacızadə: “İŞİD belə davam edərsə, quru qoşunları müdaxilə edə bilər”
Almaniyanın Münhen şəhərində silahlı insident baş verib. Hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb. Silahlı insident nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. Hadisəni üç nəfərin törətdiyi ehtimal edilir, onların axtarışı istiqamətində əməliyyat davam etdirilir.
Politoloq Hikmət Hacızadə belə deyib:İŞİD-lə mübarizəyə qoşulan koalisiya ölkələri artıq daha sərt tədbirlərə əl atacaqlar: “Artıq Avropanın növbəti böyük ölkəsində terror hadisəsi baş verdi. Bu onu göstərir ki, İŞİD-in terror təhlükəsindən heç kəs sığortalanmayıb. Bu baxımdan Qərbi Avropa ölkələri İŞİD-lə mübarizədə fərqli fazaya keçə biləcəklərini düşünürəm. Mümkündür ki, İŞİD-lə mübarizəyə qoşulan koalisiya ölkələri artıq daha sərt tədbirlərə əl atsınlar. Məlumdur ki, Almaniya çox ciddi miqrant axınına məruz qalan ölkələrdəndir. Bu baxımdan miqrasiya ilə bağlı qanunları daha da sərtləşdirə bilərlər. Ölkədə konstitusiyaya uyğun olmayan fəaliyyətləri, çıxışları daha ciddi şəkildə təqib edib məhdudlaşdıracaqlar. Ən önəmlisi daxili və xarici kəşfiyyat işini ciddi şəkildə gücləndirəcəklər.
Digər tərəfdən Yaxın Şərqdə baş verən proseslərdə fərqli addımlar atmaq üçün təşəbbüs göstərəcəklər. İŞİD-ə hava zərbələrini aktiv şəkildə reallaşdırcaqlar. Eyni zamanda İŞİD-lə mübarizədə mümkün olan bir çox addımları da reallaşdıra bilərlər. İŞİD-lə mübarizə silsiləsindən hətta mümkündür ki, quru qoşunları ilə belə müdaxilə etsinlər. Əgər İŞİD bu cür terror hadisələrini davam etdirsə, Qərbi Avropa ölkələri də məcbur olacaq ki, parlamentdə səsvermə ilə Yaxın Şərqə qoşun yollamağı reallaşdırsınlar, bu tam realdır”.