İqtisadçı-ekspert: "Dollara təzyiq göstərən amillər artıb"
-
Məhəmməd Talıblı
İqtisadçı-ekspert: "Dollara təzyiq göstərən amillər artıb"
Dolların ölkədə ciddi qıtlığı və durmadan artan məzənnəsi fonunda FED-in də uçot dərəcəsini artıra bilməsi xəbəri ciddi narahatlıq yaradır. Ekspertlərin fikrincə FED uçot dərəcəsini artıracağı təqdirdə manat daha ciddi dəyər itirə bilər. Bu informasiya dalğası dünya birjalarına da təsirsiz ötüşməyib.
İqtisadçı ekspert Məhəmməd Talıblı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, FED-in qərarının Azərbaycanda valyuta siyasətinə birbaşa təsiri var: “FED-in dolların uçot dərəcəsinin artırılması ilə bağlı hansı qərarı verəcəyini dəqiq demək mümkün deyil. Belə ki, son vaxtlar tam müxtəlif fikirlər səsləndirilir. FED rəhbərliyinin özündən bildirilmişdi ki, yaxın dövrlər üçün uçot dərəcəsinin artırlması haqqında düşünmür. Amma nəzərə alaq ki, Azərbaycanda bu addımın valyuta siyasətinə birbaşa təsiri var. Xüsusi ilə dollar-manat münasibətləri, Azərbaycanda dollar qıtlığının yaranması və onunla bağlı yaranmış təşviş ondan xəbər verir ki, bu istiqamətdə ciddi problemlər var. Neft Fondu hərraca 50-60 milyon dollar həcmində vəsait çıxardır ki, bu mövcud təlabatdan dəfələrlə azdır. Mövcud ehtiyaclar təxminən 500-560 milyon dollar həcmində dəyişir. FED-in bu qərarı təbii ki, Azərbaycanın valyuta bazarına təsir göstərəcək. Ümumilikdə ölkədəki valyuta bazarındakı təşvişin əsas səbəbləri ölkədəki valyuta qıtlığı ilə bağlıdır. Manata olan inamın azalması, ölkəyə gedib gələn turistlərin sayının azalması da dollar qıtlığına səbəb olan amillərdəndir. Digər tərəfdən dünya bazarında neftin qiymətinin aşağı həddə olması da ölkəyə gələn valyutanın həcminin azalmasına səbəb olur. Ölkədə dollar tələbinin təmin edilməməsi nəticədə dollar-manat tarazlığının pozulmasına gətirib çıxardır”.