Bakının Aşuraya açılan sübhü
Bakının Aşuraya açılan sübhü
Əziz, Bakı! Adına neçə neçə dastanlar qoşublar. Sən mənim qəhrəman şəhərimsən.
Mən Bakının qədim küçələrindən birində yaşayıram. Sübh vaxtı idi. Həmişəki kimi şəhərimizin müxtəlif yerlərindən ucalan azan səsləri adamın ruhunu oxşayırdı. Gecəboyu yağan yağış da öz pıçıltısı ilə sübh azanına qoşulurdu. Sanki şəhər yağış suyu ilə dəstəmaz alır və namaza durmağa hazırlaşırdı. Bu sübh digər sübhlərdən fərqlənirdi. Bu gün Aşura gününün sübhü idi. Bütün keşməkeşlərə baxmayaraq, əziz Bakı bu günü tarix boyu olduğu kimi, ləyaqətlə qarşılayırdı.
Azan səsi bitdikdən bir qədər sonra müxtəlif istiqamətlərdən həzin mərsiyə səsləri eşidilməyə başladı. Bu həqiqətən də insanın daxilini titrədə biləcək bir duyğular idi.
Bu şəhər uzun illər ərzində simasını dəfələrlə dəyişsə də (insanların təsiri ilə) öz həqiqi mahiyyətini həmişə qoruyub saxlaya bilib. Əsil mətləb isə bundadır ki, Bakı Əhli-Beyt (ə) sevərlər vətənidir. Onların sevincinə sevinən və kədərlərinə kədərlənən insanlarımız yaşayır bu qəhrəman şəhərimdə. Qəhrəman şəhərimin qəhrəman insanları.
Bakı haqqında bu mənada deyilən sözlər məncə Azərbaycanımızın hər guşəsinə aiddir.
Yazının sonunda kiçik bir bənzətmə işlətmək istərdim. Bakı küləklər şəhəridir, bəli. Bu küləkləri şəhərimizin damarlarında (küçələrində) axan pak sevgi – Əhli-Beyt (ə) sevgisi əsdirir. Bu səbəbdən bu şəhərdə külək daim əsər və heç vaxt səngiməz. Ya Hüseyn (ə), bu qədim küləklər şəhəri sənin adınla oyaqdır!
Aydın Abbas
Deyerler.org