“Azərbaycan Avropa Məhkəməsindən təcili qərar gözləyirsə...”
Əvəz Həsənov: “Azərbaycan Avropa Məhkəməsindən təcili qərar gözləyirsə...”
Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Azərbaycan Prezident Administrasiyası hüquqmühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bu gün Milli Məclisdə keçirilən iclasda çıxış edib. O erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa Məhkəməsinə müraciət edildiyini deyib: “Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilir. Avropa Konvensiyasının və əlavə protokolun on bir maddəsində nəzərdə tutulan müddəalara görə, hüquqlarının pozulmasını ifadə ediblər. Buna baxmayaraq Avropa Məhkəməsi həmin ərizələrə prioritet qaydada baxmaqdan imtina edib. Bu da həmin qurumun qeyri obyektivliyini bir daha göstərdi”.
Hüquq müdafiəçisi Əvəz Həsənov mövzu ilə bağlı fikirlərini belə söyləyib:Avropa Məhkəməsi kəlbəcərli girovların işini icraata götürüb: “Azərbaycan hökuməti bu işlərə tez bir zamanda baxılmağını istəyir. Vaxtı ilə Azərbaycanda bir çox siyasi məhbusların işlərinə məhz prioritet qaydada baxılıb. Avropa Məhkəməsi kəlbəcərli girovların işlərini isə prosedur qaydalara uyğun olaraq baxmağı məsləhət bilib. Bu işə nə vaxt baxılacağı təbii ki, Avropa Məhkəməsinin qaydalarından asılıdır.
Bu prosesin gedişi 1il də, 6 il də çəkə bilər. Bu baxımdan Azərbaycan hökuməti bu prosesin daha tez bir zamanda qərar mərhələsinə gəlib çatmasını istəyir. Avropa Məhkəməsinın bu cür işləri tez bir zamanda həll edəcəyini düşünmək sadəcə illuziyadır. Konkret olaraq işlərə prioritet qaydada baxılma halları əsasən siyasi fəaliyyətlə məşğul olan insanlarla bağlı baş verir və bu cür hallara kifayət qədər çox rast gəlinir. Azərbaycanda Eynulla Fətullayevin, İlqar Məmmədovun işləri buna misal çəkmək olar.
Amma kəlbəcərli qaçqınların durumu Avropa Məhkməsi üçün təcili sayılmaya da bilər. Bu baxımdan Avropa Məhkəməsi bu məsələnin operativ qaydada həll edilməsinə meyilli deyil. Azərbaycan doğrudan da Avropa Məhkəməsindən təcili qaydada qərar gözləyirsə, onda gәrәk hökumәt Avropa Məhkəməsinin qərarlarının icrasında səy göstərsin”.
/Deyerler.org/