Fev 20, 2016 19:28 Asia/Baku
  • Hikmət Hacızadə
    Hikmət Hacızadə

Hikmət Hacızadə: “Avropa İttifaqının zəifləməsi müşahidə edilir”


Son illər Avropa İttifaqı ilə bağlı fərqli proseslərlə, qərarlara şahidlik edirik. Yunanıstan, İspaniya, İtaliya Portuqaliya kimi ölkələrdə iqtisadi çətinləklər yaşanan bir dövrü də müşahidə etmişik. Təbii ki, Yunanıstan özünü pik dövrlərini daha qabarıq şəkildə göstərdi. Bu günlərdə isə Şengen zonasının ləğvi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Eyni zamanda, Böyük Britaniya da ittifaqda qalmaq üçn tələb etdiyi xüsusi statusu əldə edib. Ekspertlər bu prosesləri nikbin tərzdə dəyərləndirmirlər.

Politoloq Hikmət Hacızadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Avropa İttifaqına daxil olan ölkələr tam fərqli mədəniyyətə, tarixə malikdirlər: “Avropa Birliyinə daxil olan ölkələrin fərqləri həddindən artıq çoxdur. Onları bir yerə gətirmək çox ağır olan bir prosesdir. Bu baxımdan bir az güc düşəndə prosesi hərə bir tərəfə dartır. Məsələn, İngiltərə ilə Yunanıstan tam fərqli ölkələrdir. Onlar tam fərqli mədəniyyətlərə, tarixlərə malikdirlər. Həmin ölkələr tam fərqli həyat tərzi sürürlər. Məsələn SSRİ-də tam müxtəlif mədəniyyəti paylaşan ölkələrdən bir ittifaq yaradılmışdı.

Türkmənistanla, Baltikyanı ölkələr eyni ittifaqın üzvü idilər. Axı bu ölkələr dünyaya tamamilə fərqli baxış tərzi sərgiləyən ölkələrdir. Burada da eyni proseslərdir. Bu baxımdan müəyyən çətinliklər olacaq. Şəxsən mən heç istəməzdim ki, Avropa İttifaqı dağılsın. Amma görünən budur ki, bu birlik zəifləyir və getdikcə də zəifləyəcək. Düşünürəm ki, dünyada müşhidə olunan indiki böhran sona çatsa, bəlkə Avropa İttifaqı da müəyyən qədər dirçələr”.

 

/Deyerler.org/


Teqlər