Fev 26, 2016 21:02 Asia/Baku
  • İlham Şaban: “ABŞ-ın neft bazarına olan təsiri OPEK-dən çoxdur”

İlham Şaban: “ABŞ-ın neft bazarına olan təsiri OPEK-dən çoxdur”

"ABŞ hökumətinin neft hasilatının səviyyəsinə müdaxilə etmək hüququ yoxdur və buna cəhd də etməyəcək". Bunları ABŞ-ın Energetika naziri Ernest Moniz deyib. O, OPEK Baş katibi Abdulla Səlim Bədrinin hasilatın dondurulması barədə dialoq çağırışına cavab verib: “Biz hökumətik. Biz neft istehsalçılarımızın hasilat həcminə nəzarət etmirik”. Qeyd edək ki, OPEK baş katibi fevralın 22-də neft hasilatının dondurulması barədə ABŞ-ı danışıqlara çağırıb.

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, OPEK-in neft bazarında olan payı 30%-dən daha artıqıdır, amma reallıq budur ki, ABŞ-ın neftlə bağlı istənilən addımı bazarda müəyyən dəyişiklik yaradır: "Bu gün də faktiki olaraq biz bu təsirlərin nəticələrini yaşayırıq. Bu gün verilən informasiyada belə qeyd olunurdu ki, Roterdam limanında 40-a yaxın tanker öz yükünü boşlatmadan gözləyirlər. Onların hər birində 1 milyon barel neft var.

 

Treyderlər neftin qiymətinin az da olsa qalxacağını gözləyirlər və buna ümid edirlər. Bu qədər həcmdə olan neft üçün 50 sent qiymət fərqi belə küllü miqdarda vəsait deməkdir. Hal-hazırda neft bazarında sabitlik olmadığı üçün möhtəkirlik üçün çox münbit şərait yaranıb. Neftin qiyməti ciddi şəkildə dəyişəndir.

ABŞ-ın OPEK-ə verdiyi bu cavab yəqin ki, neft bazarına təsirsiz ötüşməyəcək. Hətta neftin qiyməti 34 dollara qədər də düşə bilər. Bu gün neftin qiymətinin hərraclarda formalaşması bəyanatlardan asılıdır. Buna informasiya pressinqi deyirlər.

Bu proses OPEK-in növbəti toplantısına qədər davam edəcək. Bu gün OPEK və qeyri-OPEK ölkələri arasındakı münasibətlər çox diqqət mərkəzindədir. ABŞ-ın neft bazarına olan təsiri OPEK-in neft bazarına olan təsirindən daha çoxdur. Neftin qiyməti bazarda olan tələb-təkliflə nizamlanmır. Bu proses möhtəkirliyə ən yaxşı yol açan bir vəziyyətdərir”.

 

/Deyerler.org/


Teqlər