Apr 03, 2016 16:24 Asia/Baku

Hərbi ekspertlər: "Artıq ermənilər Azərbaycan ordusunun gücünə bələddirlər"

“Bizim torpaqlarımız ermənilər tərəfindən işğal olunub. Əgər biz torpaqlarımızı işğaldan azad etmək istəyiriksə, deməli itkilərin də olması qaçılmazdır”. Bunu APA-ya hərbi ekspert Azad İsazadə Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənləri şərh edərkən deyib.

 

"Bu müharibədir, itkisiz mümkün deyil"

  O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bu gün nəzarəti bərpa etdiyi yüksəkliklər strateji və vacib yüksəkliklərdir: “Çünki bu yüksəkliklərdən Azərbaycanın mülki əhalisi atəş altında saxlanılırdı. O cümlədən praktiki olaraq bir neçə Azərbaycan kəndi həmin yüksəkliklərdən birbaşa vurula bilərdi. Strateji əhəmiyyətə malik yüksəkliklərə kim nəzarət edirsə, o da ətraf zonaları nəzarət altında saxlayır. Əməliyyat hələ davam edir, ona görə tam qiymət vermək tezdir. Bu məlumdur ki, bu gün azı 2 kənd azad olunub. Azərbaycan Müdafiə Nazirliyi də, Ermənistan da bu faktı təsdiqləyir”. 

 

A. İsazadə qeyd edib ki, bundan sonra da ermənilər təxribat törətməyə çalışacaqlar. Hərbi ekspert əlavə edib ki, bu günə olan məlumata görə hərbi əməliyyatları uğurlu hesab etmək olar.

 

 

Hərbi ekspert Üzeyir Cəfərov isə deyib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirib. Onun sözlərinə görə, Azərbaycan ordusunun itkilər verməsinə baxmayaraq, Silahlı Qüvvələrimiz bir neçə strateji yüksəkliyi ələ keçirib: “Bunu düşmən də etiraf edir. Bu çox yaxşı haldır. Artıq ermənilər Azərbaycan ordusunun gücünə bələddirlər. Onlar 2014-cü ilin noyabr ayında Azərbaycan ermənilərin döyüş helikopterini vuran zaman ordumuzun gücünü gördülər. Bu gün Azərbaycan ordusu düşmənin təxribatlarını cavabsız qoymayıb. Əlbəttə, şəhidlərə görə üzülürəm. Lakin, bu müharibədir. İtkisiz mümkün deyil. Müharibədə, döyüş şəraitində itkilər olmalıdır. Digər tərəfdən, Azərbaycan ordusu 90-cı illərdəki ordu deyil. Bu gün Azərbaycan ordusu ən müasir silahlara malikdir. Düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikası məhv edilib. Düşmənin itkiləri 10 dəfə çox olacaq".

 

Qeyd edək ki, aprelin 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

 

Teqlər