Apr 06, 2016 17:28 Asia/Baku
  • “ABŞ seçicisini dünyadakı proseslər ən son maraqlandıran məsələdir”

Bəxtiyar Hacıyev: “ABŞ seçicisini dünyadakı proseslər ən son maraqlandıran məsələdir”

Artıq ABŞ-da prezident seçkiləri ilə bağlı aparılan mübarizə şiddətlənir. ABŞ prezidentliyinə öz namizədliyini irəli sürən bir sıra namizədlər gərgin təbliğat kampaniyası aparır. Bəzi ekspertlərin fikrincə Avropada baş verən terror olayları Qərbdə və eləcə də ABŞ-da sağmeyilli, millətçi partiyaların hakimiyyətə gəlmə şansını artırır.

Bu baxımdan ABŞ seçkilərində qalmaqallı bəyanatlarla çıxış edən D.Trampın şansı arta bilər. Belə ki, prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki (praymeriz) prosesi davam edir. Viskonsin ştatında keçirilən praymerizdə respublikaçılar daxilində həmin ştatı təmsil edən senator Ted Kruz (49,6%) rəqibi Donald Trampı (34%) qabaqlayıb. Demokratlar daxilində Berni Sanders 56,6% səslə ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonu (43,1%) qabaqlayıb. Məlumata görə, Nyu-Hempşir ştatında baş tutan praymerizdə Demokratlar partiyasının digər üzvü Berni Sanders lider olub.

 

Mövzu ilə bağlı gənc siyasətçi Bəxtiyar Hacıyev  deyib ki, seçkilərdə müəyyən namizədlər terror, qorxu faktorundan istifadə etməyə çalışacaqlar: “Qərb ölkələrindəki terror hadisələrinin indiki mərhələdə ABŞ-da milliyətçi, sağ meyilli siyasətçilərin hakimiyyətə gəlmə şansını artırması fikri ilə razı deyiləm.

 

ABŞ seçicisini ilk növbədə ABŞ vətəndaşlarının təhlükəsizliyi, daha sonra ABŞ vətəndaşlarının iqtisadi durumu, ondan sonra isə dünyadakı proseslər maraqlandırır. Təbii ki, seçkilərdə müəyyən namizədlər terror, qorxu faktorundan istifadə etməyə və müəyyən elektoratın dəstəyini qazanmağa çalışacaqlar. Ancaq hazırda respublikaçılardan D.Trampın üstünlüyünün son terror hadisələri ilə bağlılığı yoxdur.

 

Aprelin 5-də Viskonsin ştatında keçirilən ilkin seçkidə respublikaçılardan da, demokratlardan da liderlik edən namizəd yox, ikinci namizədlər qələbə qazandılar. Respublikaçılardan Kruzun dünən qazandığı qurultay nümayəndə sayı Trampın qazandığı nümayəndə sayından xeyli artıq oldu. Demokratlarda isə fərq böyük olmasa da, Sandersin qələbəsi onun qərargahını ruhlandıracaq və aprel ayında keçiriləcək və böyük nümayəndə sayı olan Nyu-York, Pensilvaniya kimi ştatlarda fərqi daha da azaltmağa çalışacaq”.

 

/Deyerler.org /

Teqlər