“Ərdoğanın Putinə üzr məktubu yazması Türkiyə dövləti adına ləkədir”
Azər Qasımlı: “Ərdoğanın Putinə üzr məktubu yazması Türkiyə dövləti adına ləkədir”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Su-24 qırıcısının vurulmasına görə, rusiyalı həmkarı Vladimir Putindən üzr istəyib. Kremlin mətbuat katibi Dmitriy Peksov bildirib ki, Türkiyə prezidenti bununla bağlı V. Putinə məktub ünvanlayıb. Mətbuat katibinin sözlərinə görə, Ərdoğan məktubunda "üzr istəyirəm" ifadəsindən istifadə edib. Bundan başqa, Türkiyə prezidenti Moskvanı Ankaranın strateji tərəfdaşı adlandırıb və ölkəsinin Rusiya ilə münasibətləri korlamaq istəmədiyini bildirib.
ReAl-ın İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı deyib ki, bu addım Türkiyə dövlətini quran şəxslərin ruhu qarşısında ayıb hesab edilməlidir: “Əgər doğrudan da Peskovun dediyi kimi Ərdoğan Rusiya prezidentinin ünvanına belə bir məktub yazıbsa, bu Türkiyə adına bir ləkədir. Təbii ki, bir rəsmi insan, siyasətçi səhv edirsə o, öz səhvini etiraf etməlidir və üzr istəməlidir. Amma burada xarici siyasəti daxili siyasətlə qarışdırmaq olmaz. Çox təəssüflər olsun ki, Ərdoğan daxildə etdiyi səhvlərə görə Türk Xalqından üzr istəmir. Amma yürütdüyü xarici siyasətə görə, başqa ölkənin başçısından üzr istəyir… Bunu Türkiyə dövləti adına böyük ayıb hesab edilrəm… Bu addım Türkiyə dövlətini quran şəxslərin ruhu qarşısında ayıb hesab edilməlidir”. A.Qasımlı Ərdoğanın bu məktubunun niyə məhz indi yazılması ilə bağlı da fikirlərini bölüşdü. O qeyd etdi ki, Ərdoğanın bu məktubu məhz indi yazmasının müəyyən səbəbləri var: “Həm Avropa daxilində gedən proseslər, həm ABŞ-ın Ərdoğandan dəstəyini çəkməsi, Avropa ilə Türkiyə arasında danışıqların mənfi nəticələnməsi kimi proseslər Ərdoğanın xarici siyasətini sıxılmış duruma saldı. Türkiyənin bu son illər ərzində avtoritarlaşması həm ölkə daxilində, həm Qərbdə müəyyən narazılıqlara səbəb olub. Artıq Qərb mətbuatı bu haqda açıq şəkildə danışmağa başlayıb. Bu gün Ərdoğan özünə yeni müttəfiq axtarır. Avtoritar liderin əsas müttəfiqi də məhz özü kimi avtoritar lider ola bilər. Eyni zamanda Türkiyə və Rusiya arasında çox sıx iqtisadi əlaqələr var idi. Məsələn turizm sektorunda bu il Türkiyədə çox ciddi geriləmələr var. Təyyarə hadisəsi Rusiyadan gələn turist axınının qarşısını aldı. Ərdoğan bütün bu iqtisadi və siyasi durumu nəzərə alaraq bu addımı atdı. Amma düşünürəm ki, bu addım çox yanlış bir addımdır və Әrdoğan üçün nəticəsiz ötüşməyəcək”.
Deyerler.org