"Xəzəri hasarlayanlar Bodrumda dincəlir"
-
vəkil Aslan İsmayılov
"Xəzəri hasarlayanlar Bodrumda dincəlir"
Dənizi hasarlayanları, xüsusilə qanunsuz olaraq dəniz kənarında məskən salmış villa sahiblərini yaxın zamanlarda böyük “sürpriz” gözləyir.
Bu istirahət mövsümündə gündəmə gələn bu məsələ artıq hökumət tərəfindən müzakirə olunur. Yerli sakinlərin istirahətinə tam şəkildə mane olan bu məqam həm də Azərbaycana gələn xarici turistlərin də zövqünü korlayır. Bir növ dənizin hasarlanması əcnəbi turistləri qaçırdır. Bütün bunlar hökumət tərəfindən təftiş olunur. Modern.az-ın əldə etdiyi məlumata əsasən, demək olar ki, söküləcək hasarlar, villaların tam siyahısı hazırdır. Bununla da imkanlı şəxslər, oliqarxlar, yüksək çinli məmurlar zəbt etdikləri ərazilərdən çıxmağa vadar olacaqlar.
Bu isə əbəs yerə deyil. Belə ki, ilin əvvəlindən Azərbaycanda dəniz sahilində torpaq sahələrini icazəsiz hasarlayan şəxslərə qarşı cəza tədbirləri sərtləşdirilib.
Mövzunu zaman-zaman gündəmə gətirən vəkil Aslan İsmayılov deyib ki, dünyanın heç bir yerində dəniz hasarlanıb zəbt olunmur: "Dəniz ümumxalq sərvətidir və hamının ondan istifadəsi maneəsiz olmalıdır. Azərbaycan qanunvericiliyi də bunu deyir. Bu acgöz məmurlar onu hasarlayıblar və əgər hakimiyyət belə bir addım atarsa, hamı kimi mən də bunu alqışlayaram. Amma gec-tez bu addım atılacaq.
Qərb zonasından Bakıya gələnlər artıq Ələtdən başlayaraq, dənizi seyr eləyərək gəlirdilər. Bunun özü də əhalidə, insanlarımızda başqa bir əhval-ruhiyyə yaradırdı. İndi yol boyu hasar görür camaatımız. Bundan böyük biabırçılıq olmaz. Həmin o dənizi hasara alanların, hektarlarla ərazi tutanların heç biri Xəzərdə çimmir. Ona görə ki, onlar Xəzəri bəyənmirlər. Onlar çimməyə Bodruma, İtaliyaya, Fransaya gedirlər.
Mən çox təəssüf edirəm ki, öz ölkəmizdə yaşayan insanları vətəndaşlarımızı fikirləşmirik, gələn əcnəbi turistləri fikirləşirik. Birinci növbədə Azərbaycan vətəndaşının dənizə məhdudiyyətsiz girişi təmin olunmalıdır. İkinci, istənilən gələn turist həmin hasarları görəndə deyəcək ki, burada yaşayanlar barbarlardır. Ona görə ki, dəniz dünyanın heç bir yerində hasara alınmayıb. Bu hamısı acgözlüyün nəticəsidir. Belə bir addım hakimiyyət tərəfindən atılarsa, alqışa layiqdir. Bu çox aktual problemdir. Hakimiyyət nə qədər bu addımı tez atarsa, o qədər hörmət qazanar".