Avq 06, 2016 16:54 Asia/Baku
  • Fikrət Sadıqov: “Azərbaycandakı görüş yeni alyansın yaranmasına sәbәb ola bilər”
    Fikrət Sadıqov: “Azərbaycandakı görüş yeni alyansın yaranmasına sәbәb ola bilər”

Fikrət Sadıqov: “Azərbaycandakı görüş yeni alyansın yaranmasına sәbәb ola bilər”

Avqustun 8-də Bakıda ilk dəfə olaraq Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşün gündəliyi artıq bəllidir. Sammit çərçivəsində həmçinin ikitərəfli təmaslar olacaq, regional əhəmiyyətli bir sıra digər məsələlər və problemlər diqqət mərkəzinə gətiriləcək.

Politoloq Fikrət Sadıqov bu haqda deyib ki, regional təhlükəsizlik, terrorizmə qarşı məsələlər də ciddi müzakirə ediləcək: “Bu görüş müəyyən siyasi regional alyansın yaranmasına gətirib çıxarda bilər. Çünki, dünyada baş verən geosiyasi hadisələr bu prosesin reallaşmasını istisna etmir. Yaxın Şərq regionunda baş verən hadisələr, Rusiya-Qərb qarşıdurması, İran və Rusiya Suriyada yaxın müttəfiqlik münasibətləri və s. bu prosesin reallaşmasını bir az da zəruri edir. Təbii ki, Azərbaycanın hər hansısa bir ittifaqa daxil olmaq fikri yoxdur. Çünki, bizim siyasi prioritetlərimiz tamamilə başqadır. Eyni zamanda anlayırıq ki, Rusiya və İran regionda iri, aparıcı oyunçulardır. Burada bir sıra iri miqyaslı layihələr var. Bura ilk növbədə enerji, nəqliyyat layihələri daxildir. Bu layihələr artıq özü özlüyündə bu ölkələri birləşdirir. Digər tərəfdən istisna etmək olmaz ki, regional təhlükəsizlik, terrorizmə qarşı məsələlər də ciddi müzakirə ediləcək. Hər üç dövləti bu problemlər narahat edir. Bu risklərin qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Eyni zamanda Azərbaycanın ən ağrılı problemi olan, Dağlıq Qarabağ problemi dә qabardılacaq. Bu məsələ də ciddi müzakirə predmeti olacaq. Çünki, göründüyü kimi, Rusiya burada bir aparıcı ölkə kimi axır zamanlarda aktivlik nümayiş etdirir. Düşünürəm ki, bu məqamdan istifadə edib bu məsələni tezləşdirmək məqsədi ilə təkliflərin irəli sürülməsi baş verə bilər”.

 

Deyerler.Org

Teqlər