“H.Klintonun səhhəti ilə bağlı yaranmış problem D.Trampın şansını artırır”
Hikmət Hacızadə: “H.Klintonun səhhəti ilə bağlı yaranmış problem D.Trampın şansını artırır”
Hillari Klintonun səhhəti pisləşib, həkimlər ABŞ prezidentliyinə namizədə ağ ciyər pnevmoniyası diaqnozu qoyublar. Müayinə xanım Klintonun uzun müddət öskürəkdən əziyyət çəkdiyi üçün aparılıb. Qeyd edək ki, ötən gün Hillari Klintonun Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində halı pisləşib və o, rəsmi mərasimi başa çatmamış tərk edib. Ekspertlərin fikrincə seçkilərə az müddət qalmış belə bir vəziyyətin ortaya çıxması prosesi dəyişə bilər.
Politoloq Hikmət Hacızadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, H.Klintonun durumu seçkinin nəticələrinə nə dərəcədə təsir edəcəyini dəqiqliklə demək mümkün deyil: “Hillari Klintonun səhhəti ilə bağlı yaranan problem onun seçkilərdəki faizinə təsir edəcək. ABŞ-da bu amillər çox ciddi şəkildə nəzərə alınır. ABŞ KİV-ləri bu məsələdən ciddi olaraq yapışacaqlar və qeyd edəcəklər ki, H.Klinton çox zəif bir namizəddir, səhhəti ilə bağlı da narahatçılığı var. Bu gün H.Klintonun durumu seçkinin nəticələrinə nə dərəcədə təsir edəcəyini dəqiqliklə demək mümkün deyil. Amma bu mövzunun ciddi amil olduğu birmənalıdır. ABŞ-ı yaxın gələcəkdə kimin idarə edəcəyini demək o qədər də asan məsələ deyil. Amma Trampın şansı çox artır. Bu dünya üçün çox təhlükəli amildir. Demokratlar partiyası H.Klintonun durumunun pisləşəcəyi təqdirdə yeni namizəd ilə əvəz edə bilərlər. Bu məsələ ilə bağlı qanuni proseduralar var. Bütün məsələlər yaxın gələcəkdə aydınlaşacaq”.