Okt 01, 2016 15:24 Asia/Baku
  • Mehman Əliyev
    Mehman Əliyev

Mehman Əliyev: “Hökumət islahatları aparmaq üçün çox gecikib”

Refernedumdan sonra ölkədə ciddi dəyişikliyin olmasi ilə bağlı ölkə rəsmiləri vədlər verib. Cari ilin başlanğıcında bu ilin islahatlar ili olacağı da vəd edilmişdi. Eyni zamanda referendumdan sonra isə ölkədə bu islahatların olmasının zəruriyyəti də qeyd edilirdi. Ekspertlərin fikrincə bu islahatlar olması zəruridir. Amma bu zəruriyyət hökuməti nə dərəcədə islahatlara getməyə vadar edəcəyi ciddi sual altındadır.

Mövzu ilə bağlı “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, yaxın gələcəkdə prezident seçkiləri ola bilər: “Referendumdan sonra ölkədə müəyyən dəyişikliklərin olması qaçılmazdır. İlk olaraq yaxın gələcəkdə prezident seçkiləri ola bilər. Daha sonra isə islahatlar prosesinə də start verilə bilər. Sturktur dəyişiklikləri, islahatlar prosesi və s. kimi addımlar gözlənilir. Ümumiyyətlə sistemdə ciddi dəyişikliklər olmalıdır. Bu proseslərin baş verəcəyinin ən ciddi anonsu, hazırlığı kimi məhz referendumu hesab etmək olar. İslahatlar ilk olaraq iqtisadi sferadan başlanılacaq. Ölkədə iqtisadi dirçəliş olmasa, sosial dirçəliş ola bilməz. Amma iqtisadi dəyişiklikləri aparmaq üçün də mütləq siyasi dəyişikliklər olmalıdır. Ölkədə korrupsiya ilə mübarizə, proseslərdə şəffaflıq, hökumətin idarəçiliyində vətəndaş cəmiyyətinin iştirakı, məhkəmələrin azadlığı və s. istiqamətdə ciddi dəyişikliklərin olması zəruridir. Bütün bunlar bir birinə zəncirvari şəkildə bağlı olan bir məsələdir. Bilmək lazımdır ki, iqtisadi azadlıqlar arxasınca siyasi azadlıqları gətirir. Bunları bir birindən ayırmaq olmaz. Hökumət çox istərdi ki, bu proseslər ayrı ayrılıqda getsin. Amma indiki ağır böhranlı durumda gedişat onu göstərir ki, bu dəyişikliklərin ayrı ayrılıqda getməsi mümkün deyil. Çünki, həddindən artıq çox gecikilib. Bu baxımdan dəyişikliklər mütləq paralel şəkildə getməlidir”.

Teqlər