İmam Rzanın (ə) ürəkparçalayan şəhadət tarixi
Əba Sələt Hərəvi nəql edir: “Mən Həzrət Rzanın (ə) xidmətində idim. Mənə buyurdu: “Ey Əba Sələt! Harunun qəbri olan qübbəyə daxil ol və onun dörd tərəfindən torpaq götür və gəl”. Getdim və buyurduğu torpağı gətirdim.
İmam (ə) bu torpaqları iylədi və buyurdu: “Məni Harunun arxasında dəfn etmək istəyirlər. Ancaq orada elə bir daş var ki, bütün Xorasanın külünglərini gətirsələr də, onu yara bilməyəcəklər”. Bu sözləri Harunun qəbirinin yuxarısı və aşağısı haqqında söylədi.
O zaman Harunun qəbirinin baş tərəfində, yəni qiblə tərəfində olan torpağı iylədi, buyurdu: “Bu torpaq mənim qəbirimin yeridir. Ey Əba Sələt! O zaman ki, mənim qəbrim zahir olacaq (qazılan zaman) orada bir rütubət olacaqdır. Mən sənə bir dua təlim edəcəyəm ki, onu oxuyan zaman qəbrim su ilə dolacaqdır. Bu suda kiçik balıqlar görünməyə başlayacaqdır. Sənə verəcəyim çörəyi onlar üçün xırdala və onlar bu çörəyi yeyəcəklər. Sonra böyük bir balıq zahir olacaq və həmin kiçik balıqların hamısını udacaqdır. Sonra qeyb olacaqdır. Bu zaman əlini suya sal və sənə öyrədəcəyim duanı oxu. Suyun hamısı yerə hopacaq və bütün bu işləri Məmunun yanında gör”.
Sonra buyurdu: “Ey Əba Sələt! Mən sabah bu günahkar insanın yanına gedəcəyəm. Onun yanından çıxan zaman əgər başımı əba ilə örtsəm, mənimlə danışma və bil ki, məni zəhərləyibdir”.
Sabahısı günün səhəri İmam (ə) intizar içərisində əyləşmişdi. Bir müddətdən sonra Məmun nökərini göndərir ki, İmamı (ə) yanına aparsın. İmam (ə) Məmunun məclisinə gedir və mən də onun ardınca getdim. Onun qabağına içərisində xurma və müxtəlif meyvələr olan qab qoymuşdular. Məmunun özü orada olan üzümdən bir neçəsini yemişdi. İmamı (ə) görən kimi ayağa qalxdı və onu qucaqladı. Alnından öpüb, yanında əyləşdirdi. Sonra həmin üzümü İmama (ə) təklif etdi və dedi: “Mən bu üzümdən yaxşısını görməmişəm”.
İmam (ə) buyurdu: “Behişt üzümləri daha yaxşıdır”.
Məmun dedi: “Bu üzümdən yeyin”.
İmam (ə) buyurdu: “Məni üzrlü bil”.
Məmun dedi: “Heç bir çarəniz yoxdur, yoxsa bizi ittiham edirsiniz? Yox, mütləq yeməlisiniz”. Sonra özü həmin üzümlərdən birini qoparıb yedi və qalanını İmama (ə) verdi.
İmam (ə) o üzümdən üç dənə yedi və onu yerə qoyub, dərhal ayağa qalxdı.
Məmun dedi: “Hara gedirsən?”.
İmam (ə) buyurdu: O yerə ki, məni göndərirsən.
Sonra əbasını başına saldı, evinə getdi və mənə buyurdu ki, qapını bağlayım.
Mən evin ortasında nigaran və pərişan halda dayanmışdım. Sonra gördüm ki, bir gözəl simalı cavan gəldi və o, İmam Rzaya (ə) çox bənzəyirdi. Qabağa getdim və dedim: “Haradan gəldiniz? Axı qapılar bağlıdır? Siz kimsiniz?”.
Buyurdu: “Mən Allahın sənin üzərində olan hüccətiyəm. Ey Əba Sələt! Mən Muhəmməd ibni Əli Cavadam (ə)”. Sonra atasına tərəf getdi və mənə buyurdu ki, sən də gəl.
İmam Rzanın (ə) gözü oğluna sataşan kimi onu qucaqladı və alnından öpdü. Sonra yavaş danışmağa başladılar və mən heç nə eşitmədim. Onların bu sirli söhbəti İmam (ə) ruhunu tapşırana qədər davam etdi.
İmam Cavad (ə) buyurdu: “Ey Əba Sələt! Get, qüsl üçün lazım olanları gətir”. Onları gətirdim və İmama (ə) qüsl vermək üçün qollarımı çırmaladım. Həzrət Cavad (ə) buyurdu: “Ey Əba Sələt! Kənara çəkil! Mənə kömək edən səndən başqasıdır”. Sonra əziz atasına qüsl verdi və buyurdu: “Anbarda zənbil var ki, orada kəfən və kafur var, onu gətir”. Mən getdim və buyurduqları şeyləri gətirdim.
Həzrət Cavad (ə) onu kəfənlədi və namaz qıldı. Sonra buyurdu: “Tabutu gətir. Anbarda var”. Anbara getdim və gördüm ki, orada tabut da var. İmam (ə) atasını tabuta qoydu.
İmam (ə) namaz qılmağa başladı və hələ namazı başa çatmamışdı ki, gördüm evin damı açıldı. Gördüm ki, bu tabut səmaya qalxdı və mən dedim: “Ya ibn Rəsullah! İndi Məmun gələcək və deyəcək ki, İmam Rzanın (ə) mübarək bədəni haradadır?”.
Buyurdu: “Aram ol! Bu mübarək bədən tezliklə qayıdacaqdır. Ey Əba Sələt! Elə bir peyğəmbər yoxdur ki, dünyanın şərqində ölsün və Allah ruhu və cəsədini vəsiyinə qovuşdurmasın, hətta vəsiyi qərbdə olsa belə”. Bu zaman damın üstü yenə açıldı və tabut yerə endi.
Sonra İmam (ə) atasının mübarək cənazəsini götürdü və yatağına qoydu. Sanki nə qüsl olub və nə də kəfənlənmişdir. Sonra buyurdu: “Ey Əba Sələt! Qalx və qapını Məmun üçün aç!”.
Birdən Məmun qapıdan nökərləri ilə bir yerdə ağlayaraq daxil oldu. Başına döyürdü və İmamın (ə) mübarək bədininin yanında oturdu. İmamı (ə) dəfn etmək üçün əmr verdi.
İmamın (ə) mənə buyurduqlarının hamısı həyata keçdi. Məmun (lən) dedi: “Biz Həzrət Rza (ə) sağ olan zaman ondan çoxlu kəramət görmüşdük, indi ölən zaman da o, kəramətləri bizə göstərir”.
Məmunun vəziri ona deyir: “Başa düşdünüz, İmam Rza sizə nəyi göstərmək istəyirdi?”.
Dedi: “Yox”.
Dedi: “O, bizə bu kiçik və o böyük balığı göstərərək demək istəyirdi ki, siz Bəni-Abbasın səltənəti bu qədər uzun müddət olmasına baxmayaraq, kiçik balıqlar kimidir. Sizin əcəliniz çatan zaman Allah biz Əhli-beytdən (ə) olan bir nəfəri sizə hakim edəcəkdir və sizin hamınızı aradan qaldıracaqdır.
Məmun dedi: “Düz deyirsən”.
Sonra Məmun mənə dedi: “O nə dua idi ki, oxudun?”.
Dedim: “Allaha and olsun ki, həmin an yadımdan çıxdı”. Həqiqətən də unutmuşdum.
Ancaq Məmun məni həbs etdi və bir il zindanda qaldım. Bir gecə səhərə qədər dua etdim və Allahı Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) and verdim. Bu zaman Həzrət Cavad (ə) zindana daxil oldu. Buyurdu: “Ey Əba Sələt! Ürəyin darıxır?” Dedim: “Allaha and olsun ki, bəli”. Buyurdu: “Ayağa qalx”. Ayağımdakı zənciri açdı və məni zindandan azad etdi. Zindanbanlar məni görürdülər, ancaq bir şey etmirdilər. Buyurdu: “Get, Allah amanında ol, Məmunun əli bir də sənə çatmayacaqdır”. O gündən sonra bir daha Məmunu görmədim”.
/Dəyərlər/