Mövlud mərasiminin tarixçəsi
“Mövlud” sözünün ərəb dilindən tərcüməsi “doğuluş” deməkdir.
Dini
termin olaraq, İslam müqəddəslərinin (xüsusilə, Həzrət Muhəmməd
Peyğəmbərin (s)) doğum gününün ildönümü münasibətilə təşkil edilən
təntənəli mərasimlərə deyilir. Əslində “mövlid” deyilməlidir, amma bu
sözün təhrif olunmuş “mövlud” variantı daha çox işlədilir. Fərq bundadır
ki, “mövlid” – doğum deməkdir, “mövlud” sözü isə “doğulmuş” mənasını
verir.
İslamın
ilk əsrlərində mövlud bayramları keçirmək ənənəsi yox idi. Nə
Peyğəmbərin öz sağlığında, nə də raşidi xəlifələrin zamanında Onun doğum
günü qeyd edilmirdi. Tarixi məlumatlara görə, ilk mövlid məclisini
Misirdə hakimiyyət sürmüş Fatimilər sülaləsinin (909-1171) nümayəndələri
təşkil etmişlər. Mərasim yalnız sarayda, əyanların iştirakı ilə
keçirilirdi. Fatimilər Həzrət Əlinin (ə) və Fatimeyi-Zəhranın (ə) da
mövlid mərasimlərini qeyd edirdilər.
Sonralar
məşhur fateh Səlahəddin Əyyubinin yeznəsi, İrbil atabəyi Məlik
Müzəffərüddin Gökböri (1190-1232) bu ənənəni davam etdirərək, mövlid
mərasimlərinin keçirilməsinə əmr verdi (1207-ci il). Bayram
tədbirlərində hökmdar və saray əyanları ilə yanaşı, rəiyyət də iştirak
edirdi. Hər bölgədən din alimləri, xətiblər İrbildə keçirilən mərasimə
dəvət olunurdular.
Bunun
ardınca Məkkə, Mədinə kimi iri şəhərlərdə də Peyğəmbərin doğum gününü
qeyd etmək ənənəsi yarandı. Tədbirlərin əhatə dairəsi genişlənərək başqa
ərazilərə də yayıldı.
Osmanlı
sultanları arasında mövlidi ilk dəfə bayram səviyyəsində keçirən Sultan
III Murad (1574-1595) olmuşdur. 1588-ci ildən başlayaraq, mərasimlər
əvvəllər Ayasofiya camisində, daha sonralar isə Sultan Əhməd camisində
təşkil edilirdi. Sadə xalq da tədbirlərə qatılırdı.
Mövlid
mərasiminin başlanğıcında Qurani-kərimdən ayələr oxunurdu. Sonra gözəl
səsi olan xətiblər növbə ilə minbərə qalxır və Peyğəmbərin doğuluşunu
təsvir edən şeir nümunələri (mövlidnamələr) oxuyurdular. Sultan əyanlara
xələt bağışlayırdı, Mədinədən gətirilən xurma camaata paylanırdı.
Mövlid
ənənəsi günümüzə kimi davam edir. Peyğəmbərin doğum gününün ildönümündə
dünyanın müxtəlif ölkələrində (o cümlədən, Azərbaycanda) mövlid
mərasimləri keçirilir. Şiə (cəfəri) məzhəbinə mənsub müsəlmanlar Həzrət
Əlinin, Həzrət Fatimeyi-Zəhranın, İmam Hüseynin və İmam Mehdinin (ə)
mövlidini də təntənə ilə qeyd edirlər.
Bəzi
İslam cərəyanları mövlid mərasiminin keçirilməsini günah və bidət
sayırlar. Lakin alimlərin böyük əksəriyyətinin fikrincə, əgər mövlid
mərasimlərinin keçirilmə qaydasında, burada oxunan şeir və nəğmələrdə
dini inanclara, əxlaq normalarına zidd bir şey yoxdursa, haram deyildir.
Əksinə, mövlid mərasimlərində Həzrət Mühəmməd Peyğəmbərin (s)
fəzilətləri sadalandığı, Islamın mahiyyəti açıqlandığı üçün, bunları
təşkil etmək və bu tədbirlərə qatılmaq savab sayılır.
Tarix
boyunca müxtəlif şairlər mövlidnamə qələmə almışlar. Təkcə türk dilində
60-dan artıq mövlidnamə mövcud olduğunu yazırlar. Bunların ən məşhuru
Şeyx Ədəbalının nəslindən olan Süleyman Çələbi (vəf. 1422) adlı şair
tərəfindən XV əsrin əvvəllərində türk dilində yazılmış “Vəsilətün-nicat”
(Qurtuluş vəsiləsi) mövlidnaməsidir. Əsasən, Türkiyədə keçirilən mövlid
məra-simlərində Süleyman Çələbinin mövlidnaməsinin böyük bir hissəsi
avazla oxunur. Oxunan mətn 6 bölümdən ibarətdir. Hər bölüm fərqli
bəhrlər (avazlar) üzərində ifa edilir. Tövhid, Nur, Vəladət, Mərhəba,
Merac, Minacat adlanan bəhrlərin oxunuşu zamanı Səba, Hicaz, Rast,
Üşşaq, Hüzzam və s. muğam avazlarından istifadə edilir. Yalnız
Peyğəmbərin vəfatı bölümünü avazla oxumurlar. Mövlidnamənin
başlanğıcında və bölümlərin arasında Qurandan ayələr tilavət edilir.
Həcminin böyüklüyünə görə, Mövlidnaməni adətən bir neçə şəxs (mövlidxan)
növbə ilə ifa edir. Mövlidnamənin avazını XVII əsrdə Bursalı Səkban
adlı bəstəkar bəstələmişdir.
Əhli-sünnə
dünyasında Həzrət Mühəmməd Peyğəmbərin (s) doğum günü rəbiüləvvəl
ayının 12-də qeyd edilir. Şiələr fərqli rəvayətlərə əsaslanaraq, mövlidi
rəbiüləvvəl ayının 17-də keçirirlər. Artıq bir neçə ildir ki, İslam
Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası adlı beynəlxalq təşkilat
şiə və sünni məzhəbləri arasında yaxınlıq yaratmaq məqsədilə bu iki
tarixin arasındakı müddəti Vəhdət həftəsi elan edib. Bu həftə ərzində
həmin təşkilat tərəfindən beynəlxalq səviyyəli tədbirlər keçirilir.
Tədbirlərdə həm İslam Peyğəmbərinin doğum günü qeyd edilir, həm də
məzhəblərarası yaxınlaşmanın perspektivləri araşdırılır.