Dek 30, 2015 16:55 Asia/Baku
  • 4 min şagirdi olan İmam (ə)
    4 min şagirdi olan İmam (ə)

Əhli-beytin (ə) altıncı ulduzu İmam Cəfər Sadiq (ə) 83-cü qəməri ilinin rəbiül-əvvəl aynın 17-də Mədinədə dünyaya gəlmişdir.

Könyəsi Əbu Abdullah, ləqəbi Sadiqdir. Atası İmam Baqir (ə), anası Ümmil-Fəruhdur.

Həzrət Peyğəmbər (s) bu gözəl İmamın (ə) mövludunu illər əvvəl xəbər vermişdir və buyurmuşdu ki, adını Sadiq qoysunlar. Çünki Məsumların (ə) nəslində Həzrət Sadiqlə (ə) eyni adda olan biri olacaqdır ki, ona “yalançı Cəfər” deyəcəklər.


İmam Sadiq (ə) hələ imamət kürsüsünə əyləşməzdən əvvəl atasının dini maarifi yaymaq və vəfalı şagirdlər yetişdirmək yönündəki səylərini müşahidə edirdi. İmam Baqir (ə) hər fürsətdə ondan sonrakı imamın İmam Sadiq (ə) olacağını bəyan edərdi və davamçılarına onun ardınca getməyi tövsiyə edərdi.


İmam Sadiq (ə) 114-ci hicri ilində atasının vəfatından sonra 31 yaşında imamət kürsüsünə əyləşdi. İmamın (ə) imamət dövrü Əməvilərin hakimiyyətinin son illərinə təsadüf edir.


İmam Baqir (ə) şəhid olandan sonra İmam Sadiqin (ə) imam olmasını çoxları qəbul etmirdilər. Ancaq Həzrət (ə) səy göstərib onları inandırmağı bacardı və bu yolda möcüzələr də göstərdi.


İmam Sadiqin (ə) zamanında yaranan fürsət ondan öncə heç bir başqa İmamın (ə) zamanında yaranmamışdı. İmam Sadiq (ə) o zaman İmam olmuşdu ki, Əməvilər ilə Abbasilər bir-biri ilə hökumət üstündə dava edirdilər. Başları xilafət məsələlərinə qarışdığı üçün, ölkədə nələrin baş verdiyinə diqqət edə bilmirdilər. Onların bu mübarizəsi get-gedə şiddətləndi və nəhayət 129-cu ildə silahlı qarşıdurmaya çevrildi.


Əziz İmam Sadiq (ə) də bu fürsətdən istifadə edib, elmi və dini fəaliyyətlərini genişləndirir və çox sayda şagird yetişdirir. İmam (ə) ölkədə olan elmi və dini ehtiyacı hiss edib, əziz atası Həzrət Baqirin (ə) işini davam etdirdi və böyük bir elmi hövzə meydana gətirdi. Elmin müxtəlif sahələrində çox sayda şagirdlər yetişdirdi.


Onun şagirdlərinə: Hişam ibni Həkəmi, Məfzəl ibni Ömər Kufini, Muhəmməd ibni Müslim Səqəfini, Hişam ibni Salimi, Cabir ibni Hənnanı misal göstərmək olar. İmamın 4 min nəfər şagirdi olmuşdur.


İmam (ə) dininin, xüsusilə də Əhli-beyt (ə) məktəbinin müdafiəçisi kimi şagirdlərinə mühazirələr oxuyur və onlara möhkəm dəlillər təqdim edirdi. Bu yolla İmam Sadiqin (ə) zamanında elmin və dini maarifin inkişaf etməsi üçün gözəl zəminələr hazır oldu və İmamın (ə) nəql etdiyi hədislər qeydə alınmağa başladı. Ona görə də bu gün əlimizdə olan hədislərin çox hissəsi İmam Sadiqə (ə) aiddir.


Abbasilər hakimiyyətə gəlmək üçün Həzrət Peyğəmbərin (s) Əhli-beytinə (ə) zahirdə guya məhəbbət göstərməyə başladılar. Onlar yaxşı bilirdilər ki, bu yolla insanların qəlbində sevgi yarada biləcəklər. Ona görə də elə bir insanın axtarışında idilər ki, həm Peyğəmbərin (s) nəslindən olsun və də insanlar tərəfindən sevilsin. Belə bir şəxs – İmam Sadiq (ə) idi.


Amma İmam (ə) onların təklifini rədd edir və buyurur: “Nə siz mənim dostlarımdansınız, nə də zəmanə. Zəmanə mənəm”. İmamın (ə) bir çox qohumları bu təklifə aldanmaq istəyirdilər. Ancaq İmam (ə) hikməti və uzaqgörənliyi ilə onlara həqiqəti başa salmağı bacardı. İmam (ə) yaxşı bilirdi ki, Abbasilərin məqsədi hakimiyyətə gəlməkdən savayı başqa bir şey deyildir. İmam (ə) yaxşı görürdü ki, onlar Əhli-beytin (ə) yolunu davam etdirmirlər.


Abbasilər nəhayət qan tökəndən sonra hakimiyyət başına gəlməyi bacardılar və bundan sonra Əhli-beyt (ə) davamçılarına təzyiq göstərəmyə başladılar. Hakimiyyət başına gələn Mənsur Dəvəniqi (lən) bu dövrün daha qəddar xəlifəsi idi. İmam (ə) da onun təzyiqindən amanda deyildi və ona görə də İmamın (ə) həyatının son illəri hətta Əməvi hakimiyyətindən də ağır və çətin keçdi.


Mənsur İmamın (ə) insanlar arasındakı etibarını görəndən sonra onu şəhid etmək üçün yollar axtarmağa başladı. Nəhayət İmamı (ə) zəhərlədi. Əziz İmam Sadiq (ə) 65 yaşında dünyasını dəyişdi və Bəqi qəbiristanlığında torpağa tapşırıldı. (İslami saytlara istinadən)


Salam olsun sənə, ey İmam Sadiq!


Salam olsun sənə, ey Əba Abdullah!


 


/Deyerler.org/


 


Teqlər