Apr 18, 2016 18:22 Asia/Baku
  • İnsan öz iradәsi ilә haramlara qarşı gözünü kor, qulağını kar, dilini lal edәrsә...

İnsan öz iradәsi ilә haramlara qarşı gözünü kor, qulağını kar, dilini lal edәrsә...

 

İnsan yeganә mәxluqdur ki, öz Xaliqinә mәxsus kamalların daşıyıcısıdır. Mәsәlәn, insan Xaliq olmasa da belә (yәni, yoxdan var edә bilmәsә dә belә) nәlәrisә yaratmaq, daha doğrusu, nәlәrdәnsә nәlәrisә hasilә gәtirmәk qüdrәtinә malikdir.

Yaradıcı insanların hәyatına nәzәr salaq. Rәssam әgәr istәrsә, müxtәlif rәnglәrin ahәngindәn gözәl bir tablo yaradar. Elə bir tablo ki, tamaşaçıya rәssamin fikrini ötürәr, onunla danışar.

Şair, yazıçı sözlәrin uyğun düzülüşündәn şeirlәr, qәzәllәr, böyük nәsr әsәrlәri yaza bilәrlәr. Elә әsәrlәr ki, oxucu hәmin әsәri oxuyarkәn sözlә ifadә olunanları görәr.

Bәstәkar sәslәrin düzülüşündәn müxtәlif musiqi әsәrlәri yarada bilәr. Elә musiqi ki, dinlәyici eşidәn zaman cismәn donub qalar, daxilәn o sәsin qanadlarında hәrәkәt edәr.

Eyni çalarları Yaradanın Öz qüdrәtindә axtaraq. Mәsәlәn, rәssamlıq. Üzümüzü hansı tәrәfә tutsaq, hara baxsaq, (elә insanın özünә baxsaq) İlahi qüdrәt qәlәmi ilә çәkilmiş rәsmlәri görәcәyik vә bunların hamısı bizimlә Allahın qüdrәtindәn danışacaq.

Söz yaradıcılıgı: İlahi kәlam olan Qurani­Kәrimi oxuyarkәn, varlıq alәmini әvvәldәn sonuna qәdәr görürük.

Sәslәrin düzülüşü: İlahi qüdrәtdәn doğan sәs – Quran sәsi, külәyin, yağışın, şәlalәlәrin, quşların sәsi. Bu sәslәrin qarşısında insan donub qalır, ruhu pәrvaz edir.

Bir mәqama diqqәt edәk. Әgәr insanın qadir olduqları Allahın ona bәxş etdiyi Ilahi kamaldandırsa, bәs onda nә üçün nәticәlәr fәrqlidir? Niyә bütün rәsmlәrin sәsini eşitmir, bәzilәrindә sadәcә kәtan üzәrindә rәnglәrin qarışıgını görürük? Niyә şerlәrin hamısında nәyisә görmürük? Görünәn yalnız vәrәq üzәrindә yazılar olur. Niyә musiqilәrin bәzisi cismi, bәzisi isә ruhu hәrәkәtә gәtirir?

Buradan belә bir fikir yaranır. Insanın qüdrәti sәrbәst olaraq çox bәsitdir. Nәinki qüdrәt, insan bütün hiss vә hәrәkәtlәrini İlahi prizmadan keçirə bilirsә, mәhz o zaman nәticә adiliyin fövqündә olur. Yer kürәsinin günәşlә tәmasda olan tәrәfi necә işıqlıdı vә daha hәyatla doludursa, insan qüdrәtinin Ilahi qüdrәtlә cazibәsindәn, kontaktından doğan nәticәlәr dә o qәdәr işıqlı vә tәsirlidir. Bu zaman böyük kәşflәr, ölmәz әsәrlәr yarana bilәr. Hansı ki, dünyanın hәr yerindә, hәr zamanda başa düşülür, qәbul edilir vә xüsusi lәzzәt doğurur. Bu әsәrlәr digәrlәrindәn seçilir. Çünki, onları yaradarkәn yaradıcı insanın daxilindә olan qüdrәt zәrrәlәri İlahi qüdrәtin cazibәsinә düşmüş, bu cazibә onu mәkandan vә zamandan daha yüksәyә ucaltmışdı. Vә son olaraq ümumbәşәri vә hәmişәyaşar nәticәlәr yaranmışdı.

Sual oluna bilәr: bәs bu, necә cazibәdir? Bizim bildiyimiz cazibәnin yaranması üçün tәzadlı tәrәflәr olmalıdır. Amma nәzәrә alsaq ki, tәzadların cazibәsi materiyanın qanunlarından biridir, o zaman qeyri­maddi sayılan iki eyni kamalın bir-birini cәzb etmәsi dә mәqbul sayılmalıdır (Misal: iki insanı cismani tәzadlıq bir-birinә yaxınlaşdıra bilәr. Amma onların kamal uyğunluqları olmazsa, bu yaxınlıq uzun sürmür).

Bütün bunların hikmәti nәdәn ibarәtdir? Niyә Allah insanin içinә kamal zәrrәlәrini, kamala meyil, mәhәbbәt hissini qoymuş vә bu hisslәrin realizәsi zamanı ona xüsusi lәzzәt hissi bәxş etmişdir? Bu sualların İslam tәdrisindә konkret cavabı var. Mәqsәq insanın öz nәhayi kamalına, qürbi-İlahi mәqamına çatmasıdır. Prosesin mexanizmini başa düşmәk üçün isә, bir qәdәr yorucu da olsa, söhbәtin әvvәlindәki misallar üzәrindәn bәhsimizi davam etdirmәliyik. Yәni, yenә qüdrәtә qayıdaq. Elә yenә bәdii yaradıcılığı götürək. Mәsәlәn, rәsm. Әgәr rәsm bizim dediyimiz kimi әrsәyә gәlmişdirsә, onu çәkәn dә, ona baxan da xųsusi lәzzәt hissi kèçirir. Bu lәzzәtin hiss orqanı tәbii ki, gözdür. Gözün hәqiqәtlәri görmәsi üçün isә göz sahibi iradә göstәrmәli, gözünü haramlardan çәkindirmәlidir. Necә deyәrlәr, harama qarşı gözünü kor etmәlidir.

Hәzrәt Әli (ә) buyurmuşdur “Elm, günahlardan çәkinmә olmadan inkişaf etmir”. “Әgәr kәramәt vә alicәnablıq istәyirsәnsә, haramlardan uzaqlaş”. Yalnız o zaman insan qәlbinin gözü ilә görür, qәlbi ilә eşidir, hәqiqi kamaldan doğan hәqiqi lәzzәti hiss eləyir vә bu hissi davamlı yaşamaq hәvәsi onun iradәsini daim düzgün istifadәsinә tәkan verir. Aldığı böyük lәzzәtlәrlә haramlardan uzaqlaşıb, özünә vacib olanlara әmәl etdikcә Allaha yaxınlaşır. Buradan isә böyük cazibә qüvvәsi onu “Özünә tәrәf” çәkir. Necә ki, damla dәryaya qovuşaraq özünü fәna edir, amma, dәrya var olduqca, o da dәryada hәmişә var olur (bu damla yağ olsa, әlbәttə ki, dәryaya qarışa bilmәyәcәk, mütlәqdir ki, o da su olsun), insan da öz Allahına qovuşub orada fәna olur.

Әslindә bәhs etdiyimiz prosesin mexanizmi daha mürәkkәbdir, bu baxımdan müxtәlif hisslәrin birindәn digәrinә keçidlәr dә mövcuddur. Yәqin fikir vermisiniz, kimsә musiqinin gözәlliyini hiss elәmәk üçün gözlәrini yumur, vә ya fikrini cәmlәşdirib nәsә yazmaq üçün heç bir sәs eşitmәyәcәyi sakit bir yer axtarır. Vә yaxud hansısa hiss orqanından әlil olan bir kәs digәr hissi ilә çox böyük nailiyyәtlәrә çatır. Nәdәn? Çünki, gözündәn, qulağından, dilindәn әlil olmuş insanın bu hiss üzvlәri qeyri­iradi olaraq halallarla bәrabәr, haramlardan da uzaqlaşmışdır.

Bu, sadәcә bәsit bir misal idi ki, biz iradәmizlә nәlәrә çata bilәcәyimizi başa düşәk. Başa düşәk ki, әgәr insan öz iradәsi ilә haramlara qarşı gözünü kor, qulağını kar, dilini lal edәrsә, Yaradanın böyük lütfünә nail olar vә Onun iznilә, nicat tapanlardan olar.

 

Bikəxanım Əzimova,

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

Teqlər