Bütün vücudu ilə İslama dayaq olan cəngavər
Bütün vücudu ilə İslama dayaq olan cəngavər - Həzrət Həmzə (r.ə)
Onlar əhdlərinə vəfa etdilər, son nəfəsədək möhkəm dayandılar, al qanları onların sədaqətini sübut etdi. Onlar qəlblərini eşq nuru ilə diriltdilər, iman yolunda can verib, əbədilik qazandılar. Bu insanlar həmişə diridirlər və Allahın yanında ruzilərdən bəhrələnirlər. Onlar «Allah» deyib, son nəfəsədək öz əqidələrindən dönmədilər və nəhayət, şəhadət camını başlarına çəkdilər. Bu, İlahi yola sədaqətin sübutu idi.
Həzrət Həmzə, öz mübarək vücudu ilə İslama dayaq və rükn idi.
Həzrət Peyğəmbərin (s) və məsum İmamların (ə) buyuruqları onun məqamını daha aydın göstərir.
Həzrət Peyğəmbər (s) Həmzəyə xüsusi bir məhəbbət bəsləyirdi. «Həmzə» adını o qədər xoşlayırdı ki, övladı üçün ondan ad istəyənlərə, bu adı təklif edirdi.
Həmzənin uşaq yaşlarından Həzrət Peyğəmbərlə (s) yaxınlığı ona bir sıra fəzilətlər qazandırmışdı. Hicaz mühiti həmin dövrdə fitnə-fəsadla dolu olsa da, Həmzə heç vaxt günaha yol verməmişdi.
O, xoşagəlməz rəftarlardan çəkinər və Həzrət İbrahimin (ə) pak ayinlərinə əməl edərdi. Həmzə daim saleh işlər ardınca tələsərdi.
Həzrət Həmzə yaxşı at çapar, ox atar və öz dövrünün pəhləvanları ilə kəmər tutardı. Həmzənin sağlam və güclü bədəni vardı. Onu övladlarının adı ilə «Əbu-Yəla» və «Əbu-Əmmarə» çağırardılar.
Həzrət Həmzə uşaqlıqdan Əziz Peyğəmbərimizlə (s) bir yerdə böyüyüb. Hətta bir süfrədə çörək yeyərdilər. Onlar bir-birlərinə süd qardaşı idilər.
Əziz Həmzə, iki böyük müharibədə Peyğəmbərimizlə (s) iştirak edib. Onlardan biri Bədr müharibəsidir. İkincisi isə müşriklərdən 30 nəfərini cəhənnəmə vasil etdikdən sonra, özü də oruc ağızla mələkut aləminə qovuşduğu Ühüd müharibəsidir. Belə ki, onun mübarək cismi torpağa düşdükdən sonra, ona qarşı vəhşilik edərək bədən üzvlərini doğrayıb, hətta ciyərin də çıxarırlar. Sonra Peyğəmbərimiz (s) iki nəfəri - biri Həzrət Əli (ə) olmaqla ard-arda göndərir ki, Həmzədən xəbər gətirələr, lakin hər ikisi o Həzrətin bu halını gördükdən sonra gəlib Peyğəmbərə (s) deməyə həya edirlər. Sonra əziz Peyğəmbər (s) özü gəlir Həzrət Həmzənin cənazəsinin üstünə və onun bu halını müşahidə etdikdən sonra buyurur ki, "Bu, mənim gördüyüm ən dəhşətli səhnədir". Daha sonra Cəbrayıl (ə) nazil olur və o Həzrətə (s) təsəlli verir və buyurur ki, "Ya Rəsulullah, heç narahat olma, Həzrət Həmzənin adı yeddi qat göylərdə yazılıb və Həmzə həm Allahın, həm də Onun rəsulunun şiridir".
Sonra əziz Peyğəmbər (s) Həzrət Həmzəyə cənazə namazı qılır, özü də yeddi təkbirlə. Və ondan sonra 71 şəhidin cənazə namazlarını qılır. Özü də hər şəhidə namaz qıldıqda, Həmzəyə də qılır – yəni 72 dəfə Həmzəyə namaz qılır.
İlk dəfə Həmzəyə qəbri Həzrət Zəhra (s.ə) öz mübarək əlləri ilə düzəldib, ona daşlarla əlamətlər qoyub.
Tarixdə, lənətlik Müaviyyə müəyyən hiylələrlə o qəbri aradan aparmaq istəyib. Düz 40 il sonra qəbri açırlar, görürlər ki, mübarək bədəni elə bil dünən dəfn edilmiş kimidir.
Allahın salamı olsun sənə, ey sözün həqiqi mənasında Allah yolunda canı-ciyəri ilə fədakarlıq göstərən kəs!
/dəyərlər/