Qəzəbin mərtəbələri. Bəyənilən qəzəb necə olur?
-
Qəzəbin mərtəbələri
Qəzəbin mərtəbələri. Bəyənilən qəzəb necə olur?
Qəzəb elə bir hissdir ki, insan bəzən ondan istifadə etsə yaxşıdır, bəzən isə istifadə etməsə yaxşıdır. Əgərinsan qəzəb hissindən istifadə edirsə, gərək onun mərtəbələrinə riayət etsin. Yəni, hər bir işdə eyni mərtəbədə olan qəzəbdən istifadə edə bilməz. Misal üçün,Həzrət Musanın (ə) dastanında qəzəbin üç mərtəbəsinin şahidi ola bilərik.
1. İnsanlarla münasibətdə: qəzəblə xitab edir.
2. Qardaşı ilə münasibətdə: insanların rəhbərliyini öhdəsinə götürdüyü üçün onunla daha sərt rəftar edir.
3. Samiri ilə münasibətdə: insanları büt hazırlayaraq yoldan çıxartdığına görə onunla daha şiddətli rəftar edir.
Qəzəbi iki hissəyə bölmək olar: bəyənilən və məzəmmət olunan. Əgər qəzəb İlahi riza üçün həyata keçərsə, o zaman bəyənilən qəzəb sayılar. Əgər qəzəb nəfsani istəkləri yerinə yetirmək üçün olarsa,məzəmmət olunan qəzəb sayılar.
İmam Rza (ə) buyurur: “Mömin qəzəblənən zaman qəzəbi onu haqqa riayət etməkdən xaric etməz”.
Bəs qəzəb qüvvəsini necə kontrol edə bilərik?
Hədislərimiz bizə bu yolda bəzi tövsiyələr verir:
1. Soyuq su ilə dəstəmaz və ya qüsl almaq. Qəzəb atəşdəndir və atəşi yatızdıran şey – sudur.
2. Məkanı və ya vəziyyətini dəyişmək. İmam Baqir (ə) buyurur: “Nə zaman bir şəxs qəzəblənsə, əgər ayaq üstə dayanıbsa tez əyləşsin ki, çirkinlik və şeytanın vəsvəsəsi ondan uzaq olsun”.
3. Rəftarda ciddi olmaq. Əxlaq kitabında oxuyuruq: “Əgər insanın hədəfi Allah olarsa və bu yolda ciddi olarsa, qəzəbinin qarşısını almağa qadir olacaqdır”.
4. Nəvaziş. İmam Baqir (ə) buyurur: “O insan ki, yaxınlarına qəzəblənir, (yaxınlarından biri) ona tərəf getsin və ona yaxınlaşsın və onu nəvaziş etsin. Çünki yaxınları ilə bədən təması rahatlanmasına səbəb olar”.
5. Zikrlərə pənah aparmaq. "Əuzu billəhi minəş-şəytanir-racim", "Lə həvlə və lə quvvətə illə billəh"kimi.
6. Qəzəbi yatızdırmağın təsirlərinə diqqət etmək. İmam Sadiq (ə) buyurur: “Hər kim qəzəblənən zaman nəfsinin maliki olarsa, Allah Təala onu cəhənnəm atəşinə haram edər”.
7. Qəzəbin zəminələrini aradan aparmaq. Aclıq, susuzluq, yuxusuzluq, əsəbi insanlarla yoldaş olmaq kimi.
8. Dahi insanların əxlaqını mütaliə etmək. Onların ən üstünü isə Məsumlarımızdır (ə).