İnsan niyə yalan danışır? Düz sözlə yalanı ayırmağın meyarları hansıdır?
İnsan niyə yalan danışır? Düz sözlə yalanı ayırmağın meyarları hansıdır?
“Münafiqlər sənin yanına gəldikdə deyərlər: «Şəhadət veririk ki, həqiqətən, sən Allahın Rəsulusan». Allah bilir ki, sən Onun Rəsulusan və həm də Allah şəhadət verir ki, həqiqətən, münafiqlər yalançılardır (və öz əqidələrının əksinə olaraq şəhadət verirlər)”. (“Munafiqun” 1).
Bəziləri yalana çox da əhəmiyyət vermir və onu kiçik hesab edirlər. Ancaq əslində yalan, bir çox günahların açarıdır. Əgər dilə gətirilərsə, o biri günahların qapısını açmış olar.
O kəs ki, bəyənilməyən işlər görər və qanunları pozar – sorğu-sual olunan zaman yalanları ilə özünü təmizə çıxartmağa çalışar. Bu yolla başqalarını aldatmağa çalışar. Yalanın da mahiyyəti məhz budur. Yəni, başqalarını aldatmaq. İnsan ona görə yalan deyər ki, başqalarını həqiqətdən uzaqlaşdırsın və öz eyiblərini gizlətsin.
Yalan danışan insan bir növ münafiqdir. Çünki yalan ilə ikiüzlü olmaq arasında sıx rabitə vardır. Yalan və ikiüzlü olmaq onu göstərər ki, bu şəxsin batini ilə zahiri bir-birinə uyğun gəlmir. Ona görə də yalan ilə ikiüzlü olmağın mahiyyəti eynidir.
Bəs yalanı doğrudan necə ayırd edə bilərik?
O insan ki, öz etiqadının əksinə sözlər deyər, əslində yalan danışmış olar. Hətta əgər sözlərində haqq sözlər olsa belə, etiqadına uyğun olmadığı üçün yalan hesab olunur. Çünki sözü ilə inancı bir-birinə uyğun gəlmir və belə bir söz yalandır, doğru deyildir.
Ona görə də bəzən insan haqsız sözlər danışar, ancaq onun inancı belə olduğuna görə onu yalan kimi qəbul etmək olmaz. Çünki öz inancına görə doğru danışmışdır və buna görə onu ittiham etmək olmaz. Əksinə, əgər insanın əqidəsi bir şey olar və onun əksinə haqq söz danışar, o, yalançıdır. Çünki öz inancının əksinə söz demişdir. Yalan niyyətilə doğru sözü dilinə gətirmişdir. Ona görə də doğru sözü yalandan ayırd etməyin tək meyarı – insanın inanc və əqidəsidir. Onun sözlərini etiqadına görə ölçüb-biçmək lazımdır.
Quranın nəzərində əsassız və yalan sözlərin əsil amili – dində bidətdir. “Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən «bu, halaldır və bu, haramdır» deməyin ki, Allaha yalan yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar”. (“Nəhl” 116).
Yalanın meydana gəlməsinin səbəblərindən biri – qəlbin xəstə olmasıdır. “İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər. Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər. Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır”. (“Bəqərə” 8-10).
Yalançı insanlar batini həqiqətləri dərk etməkdən məhrumdurlar. “Vay olsun peşəsi günah olan hər bir yalan uydurana ki, Allahın həmişə ona oxunan aylərini eşidir, sonra onları eşitməmiş kimi təkəbbürlə (öz küfr və inadkarlığında) israr edir. Buna görə də onu ağrılı bir əzabla müjdələ”. (“Casiyə” 7-8).
O kəs ki, dünyada yalana üz çevirər – münafiq sayılar. “Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və daim yalan danışdıqlarına görə, Allah, Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir nifaq saldı”. (“Tövbə” 77).
Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, hər kimdə olarsa – münafiqdir, baxmayaraq ki, oruc tutar, namaz qılar, həcci yerinə yetirər və deyər ki, mən müsəlmanam: o kəs ki, danışan zaman yalan deyər, o zaman ki, vədə verər, amma yerinə yetirməz, əmanət alan zaman xəyanət edər”.
İnsan dilinə nəzarət etməlidir. Dediyi hər sözün onun taleyinə necə təsir qoyacağından qəflət etməməlidir. Əgər çox danışan olarsa, istər-istəməz yalan danışacaq və çoxlu günahlar edəcəkdir. Ancaq əgər sükut əhli olarsa, doğru söz danışmaq üçün şansı daha çox olar. Çünki bu zaman diqqqətini toplayıb, yalandan uzaq olmağa çalışacaqdır.
İmam Əli (ə) buyurur: “Hər nə eşitsən, insanlara danışma ki, həmin (söz), (sənin) yalançı olmağın üçün kifayətdir”.
İmam Əli (ə) buyurur: “Yalançı insan öz yalanı ilə üç şey əldə edər: özünə qarşı Allahın qəzəbini, özünə qarşı insanların təhqiramiz baxışını, özünə qarşı mələklərin düşmənçiliyini”. (Tebyan)