Qardaş olub Hayastan, Azərbaycan!
Nikol Paşinyan: İlham Əliyevin qərarı çox pozitivdir
Ermənistanın baş naziri V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərarının pozitiv olduğunu bildirib.
Azərbaycan mediasının məlumatına əsasən, Nikol Paşinyan bu qərarın regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
Baş nazir həmçinin qeyd edib ki, regiondakı kommunikasiyaların, yolların və iqtisadi əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və rifahı möhkəmləndirəcək. Əlaqələrin qurulması və əməkdaşlığın genişlənməsi region ölkələrinə daha çox imkanlar, inkişaf və firavanlıq gətirəcək. Bu, Cənubi Qafqazda sülhü daha da möhkəmləndirəcək.
Ermənistan parlamentinin sədri müavini Ruben Rubinyan da İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmasına münasibət bildirərkən deyib ki, Azərbaycan vasitəsilə Ermənistana buğda idxal etmək həqiqətən inqilabdır.
O, yerli müxalifətin Qazaxıstandan Ermənistana Azərbaycan ərazisindən buğda idxalı ilə bağlı tənqidinə toxunaraq bildirib: “Tənqidlər var idi ki, bu, birtərəfli güzəştdir, Azərbaycan Ermənistan ərazisindən tranzit imkanı əldə edəcək, Ermənistan isə heç nə əldə etməyəcək. Bu səbəbdən hesab edirəm ki, baş verənlər həqiqətən də inqilabdır”.