Fev 16, 2017 15:35 Asia/Baku
  • Qasemi: Dünya üçün real ciddi təhdid İsrailin nüvə cəbbəxanasıdır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsrail rejiminin nüvə cəbbəxanasını dünyada sülh və təhlükəsizlik üçün ən böyük təhdid adlandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi cümə axşamı ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun İranın dinc məqsədlər üçün olan nüvə proqramı barədə səsləndirdikləri fikirlərə cavab olaraq deyib: Nüvə cəbbəxanasında yüzlərlə nüvə başlığına malik olan İsrail Yaxın Şərq və dünya sülhü üçün ən böyük təhlükə sayılır.

B.Qasemi əlavə edib: Heç bir beynəlxalq qanuna əməl etməyən və Fələstin xalqı habelə, digərlərinə qarşı insanlıqdan uzaq cinayətləri ilə bağlı qalın bir dosye sahibi olan bir rejim tərəfindən bu kimi iddiaların səsləndirilməsi həqiqətən çox gülüncdür.

İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: ABŞ prezidenti Donald Trampın və İsrail baş naziri Benyamin Netanyahunun Vaşinqtonda birgə mətbuat konfransında səsləndirdikləri fikirlər hansısa yeni məqama malik olmayıb və keçmiş əsassız iddiaların yenidən təkrarlanması olaraq heç bir dəyərə malik deyil.

Bəhram Qasemi İranın dinc məqsədlər üçün olan nüvə proqramı əleyhinə səsləndirilən fikirlərə rəğmən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin öz hesabatlarında İranın nüvə fəaliyyətlərinin tamamilə dinc məqsədlər üçün olduğunu təsdiq etməsinə də təkid edib.

İranın XİN sözçüsü sonda deyib: Nüvə silahları dini baxımdan İslam İnqilabının Böyük Rəhbərinin fətvası əsasında haramdır və İranın müdafiə doktrinasında heç bir yerə malik deyil. Və heç şübhəsiz İran nüvə anlaşması çərçivəsində dinc məqsədlər üçün olan nüvə proqramını tam ciddi formada davam etdirəcək.

Teqlər