Avq 08, 2020 13:57 Asia/Baku
  • Qarabağ münaqişəsi: Avropaya enerji nəqlinə təhdid-TƏHLİL

Cənub Qaz Dəhlizinin təhlükə ilə üzləşməsi Avropanın enerji təhlükəsizliyinə problem yarada bilər. Ekspertlər həyəcan təbili çalırlar.

Əksər ekspertlər Azərbaycanın Tovuz bölgəsini “Qafqaz boğazı” adlandırır. Xəzərdən keçərək Qara dənizə çatmaq istəyən hər kəs mütləq bu bölgədən adlamalıdır. Azərbaycanın Qərbə uzanan neft-qaz boruları, quru və dəmir yolu da buradan keçir. Üstəlik, Tovuz Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaxınlığındadır. Bütün bunlar Tovuz rayonunun əhəmiyyətini artırır.

Sadalananların fonunda görünən odur ki, Ermənistan Azərbaycanla bu istiqamətdə ötən ay baş vermiş hərbi qarşıdurmalara əvvəldən hazırlaşıbmış. Hər halda, Ermənistanın Azərbaycanla sərhədinin bu istiqamətində çox sayda hərbi bazası var. Başqa sözlə, ermənilərin Tovuz rayonu istiqamətində hücumlara başlamasının əsas səbəbi yəqin ki, onun qlobal enerji kəmərlərinə yaxın olmasıdır. 

Yeri gəlmişkən, Tovuz istiqamətində toqquşmaların qızğın vaxtında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov da diqqəti məhz bu məqama çəkmişdi. O, toqquşmaların Xəzər neft-qazını dünya bazarına nəql edən infrastrukturun yaxınlığında baş verdiyini demiş, qarşıdurmaların davam etdməsinin bölgədə enerji təhlükəsizliyini poza biləcəyini söyləmişdi.

Nəsirov Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz borusunun, həmçinin Xəzər dənizindən Avropaya enerji nəqlinin həyata keçirildiyi bir sıra digər obyektlərin toqquşmaların baş verdiyi ərazinin yaxınlığından keçdiyini xatırladıb. Bu isə o deməkdir ki, Ermənistan enerji nəqli marşrutlarını bir daha nəzarət altına almaqla, bundan Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlarda kozır kimi istifadə etməyə çalışır.

Məlum olduğu kimi, Azərbaycandan başlayan “Cənub Qaz Dəhlizi” Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanır. Bu layihənin tam həcmdə istismara verilməsi Avropanın Rusiya qazından asılılığının azalması deməkdir. SOCAR-ın məlumatına görə, layihənin bir hissəsi olan Transadriatik boru xəttinin də istismara verilməsindən sonra Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin 2-ci fazası çərçivəsində hasil olunan təbii qaz Avropaya ixrac ediləcək. Bu, Azərbaycanın gəlirlərini artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə ciddi töhvə verəcək.

Beləliklə, bəzi dairələrin bölgədəki son hərbi qarşıdurmanın mümkün səbəbkarı kimi Rusiyanı göstərməsi bəlkə də bundan qaynaqlanır. “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya enerji nəqli təhlükə altına düşərsə, Avropanın Rusiya qazından asılılığı azalmayacaq. Bununla da “Cənub Qaz Dəhlizi” hələ uzun müddət Moskvanın maraqlarına toxunmayacaq.

Teqlər

Şərhlər