Sen 08, 2017 15:52 Asia/Baku
  • Qədir Xum həqiqətləri
    Qədir Xum həqiqətləri

Qədir-Xum – dinin kamilləşmə bayramı, mübarək dinimizin Allah Təala tərəfindən bəyənildiyi bir tarixdir.

Rəhbərlik və hakim təyini məsələsi bütün bəşər ictimaiyyəti tarixində həmişə həyati məsələlərdən sayılıb, camaatın səadəti və müvəffəqiyyəti ona bağlı olduğundan insanlar həmişə ona xüsusi həssaslıq göstərib. İslamda isə rəhbərlik və imamət məsələsinin əhəmiyyəti məhz ictimayi əlaqələrin tənzimi və iqtisadi inkişafa səbəb olmasına xatir deyil. Camaatın hüquqlarını qorumaq, daxili və xarici düşmənlərin müqabilində təhlükəsizliyi təmin etmək, dini maarifləndirmə və insanların hidayəti kimi çox önəmli məsələlər, dini rəhbərin vəzifələrinin bir qismidir. İslamda rəhbərlik, Peyğəmbərlik (s) hədəflərinin davamı; yəni şəriət əhkamının qorunması və camaata doğru-düzgün çatdırılması və hakəza, camaatın dünya və axirət səadətini təmin etməyə görə önəmlidir.

Həzrət Peyğəmbər (s) dünyadan köçdü. Xilafət (və imamət) öz layiqli yerindən təhrif oldu. Sonra İslam maarifi;-əqayid, əxlaq və əhkam- təhrif oldu (dəyişdi). Təəssüflər olsun ki, xəlifələrin sünnəsi Peyğəmbər (s) və Əhli-beyt (ə.s) sünnəsinin yerini aldı. Əbul-Durda deyir: “Allaha and olsun ki, mən onların (xəlifələrin) arasında  Muhəmmədin (s) dinindən -namazı birlikdə qılmaqdan başqa- heç bir şey görmürəm” [Musnəd-i Əhməd, 6-cı cild, səh:443].

İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki, onlar -Əməvilər dövründəki camaat- Peyğəmbərin (s) göstərişlərindən – üzü kəbəyə (qibləyə) durmaqdan başqa – heç nəyə sahib deyillər” وَ اللَّهِ مَا هُمْ عَلَى شَیْ‏ءٍ مِمَّا جَاءَ بِهِ رَسُولُ اللَّهِ ص إِلَّا اسْتِقْبَالَ‏ الْکَعْبَةِ فَقَطْ. [Biharul-ənvar, 68-ci cild, səh: 91]. Şafei Vəhəb ibn Keysandan nəql edir ki; “İbn Zübeyri cümə namazının xütbələrindən qabaq namazı başladığını gördüm! Peyğəmbərin (s) bütün sünnəsi dəyişdirildi, hətta namaz da” [Əl-umm, 1-ci cild, səh: 269]. Deməli “Qədir-xum” məsələsini araşdırmaq İlahi məqsədi və Peyğəmbərin (s) sünnəsini və bəşərin unikal səadət yolu müqabilində yer tutan xəlifələrin sünnəsini araşdırmaq deməkdir.

 

“Qədir-Xum” hadisəsinin icmalı:

Hicri təqviminin onuncu ili, Peyğəmbərin (s) bərəkətli ömürünün sonu idi. Həzrət həcc ziyarətinə getmək qərarına gəldi. Müsəlmanların hazırlanması üçün ümumi höküm verdi. Bu, Peyğəmbərin (s) Məkkədən Mədinəyə köçdükdən sonra ilk və sonuncu həcci idi. Bu üzdən o həcc, “Həccətul-vida” adlanır. Mühacir, Ənsar və Ərəbin digər qəbilələrindən sayı 124000 yetən camaat Peyğəmbərlə (s) birlikdə ziyarətə getdilər. Şənbə günü, zil-qədənin 24-ü (yaxud 25-i) Məkkəyə tərəf yola düşdülər. Bir dəstə müsəlman da Məkkədə Peyğəmbərə (s) qoşuldu. Başqa bir qrup müsəlman isə həzrət Əli (ə.s) və Əbu Müsa Əşəri ilə Yəməndən gəlmişdilər. Onlar da ziyarətə gedən müsəlmanlara qoşuldular.

Peyğəmbər (s) Allah evinin kənarında camaata çox önəmli və dəyərli nəsihət verdi. Onlara həccin əməllərini başa saldı. Sonra Mədinəyə tərəf yollandılar. Mədinə yolunun üstündə “Qədir-xum” adlanan yerə çatdılar. Qədir-xum Mədinənin cənubunda, Məkkənin 27 fərsəxlik şimalında (Məkkə ilə Qədir-xum arasındakı məsafə 27 fərsəxdir) yerləşir. Mədinə, Misir və İraqın yolu orada ayrılır.

Bu vaxt həzrət Cəbrayıl Allah tərəfindən Maidə surəsinin 67-ci ayəsini nazil etdi:

یا أَیُّهَا الرَّسُولُ بَلِّغْ‏ ما أُنْزِلَ إِلَیْکَ مِنْ رَبِّکَ وَ إِنْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسالَتَهُ وَ اللَّهُ یَعْصِمُکَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لا یَهْدِی الْقَوْمَ الْکافِرین‏

“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!”

Peyğəmbər (s) Əli İbn Əbu Talib (ə.s) barədə olduqca çox önəmli bir məsələni camaata çatdırmağa məmur olmuşdu. Amma camaatın bu önəmli məsələ müqabilində itaətsizliyindən çox nigaran idi. Bu üzdən Haqq-təalaya buyurdu: “İlahi! Mən təkəm, camaat mənə qarşı çıxacaq; deyəcəkələr: “o əmisi oğlu üçün belə etdi”. Onlar cahiliyyət düvründən çox uzaqlaşmayıblar!” [əd-Dürrul-mənsur, 2-ci cild, səh: 298]. Cahiliyyət təəssübkeşliyi hələ də onların canından çıxmamışdı. Amma Haqq-təala israr etdi, zəmanət verdi və həzrəti bu işi görməyə vadar etdi. Bu minvalla: Hz. Peyğəmbər (s) zilhiccənin 18-i həftənin dördüncü günü Qədir-xumda hamının dayanmasına əmr verdi. Hamı ayaq saxladı. Geridə gələnlər gəlib çatdılar. Öndə gedənlər qayıtdılar. O gün hava çox isti idi. Camaat qızmar günəşdən qorunmaq üçün əbalarının bir hissəsini başlarına örtmüşdü. Zöhr namazını qıldılar. Sonra dəvələrin yüklərindən və yəhərlərindən hündür bir yer düzəltdilər. Hz. Peyğəmbər (s) oraya çıxıb bir xütbə oxudu. Xütbədə Allaha həmd-səna etdi. Allahın vəhdaniyyətinə (birliyinə) və nübuvvətə şəhadət verdikdən sonra buyurdu: “Ey camaat! Mənim bu dünyadan köçməyimə az qalıb. Mən də, siz də məsuliyyət daşıyırsınız, bu barədə nə deyirsiniz? Camaat tövhidə və Muhəmmədin (s) risalətini bir daha təsdiqlədi və cənnət, cəhənnəm, ölüm, qiyamətin qopmasını və ölülərin diriləcəyinə şəhadət verdilər. Sonra həzrət byurdu: Allah şahid ol. Ey camaat eşidirsiniz? Dedilər: “Bəli”. Mən kövsər hovuzun kənarında sizi gözləyəcəm. Siz orada mənim yanıma gələcəksiniz. Baxın görün sizin aranızda qoyduğum iki dəyərli şeylə necə davranacaqsınız?!” Camaatın içərisindən bir nəfər ucadan soruşdu; o iki dəyərli şey nədir? Həzrət buyurdu: biri Allahın kitabı (Qurandır), o elə bir ipdir ki, bir ucu Allahın əlində, digər ucu isə sizin əlinizdədir. Ona itaət edin ki, yolunuzu azmayasınız. İkincisi mənim itrətimdir (Əhli-beytimdir), Allah mənə xəbər vermişdir ki, onlar (Qurani-Kərim və Əhli-beyt) kövsər hovuzunun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmayacaq. Onlardan önə keçməyin və onlardan geri qalmayın ki, həlak olarsınız.

Həzrət Cəbrayıl Haqq-təala tərəfindən mənə əmr gətirmişdir ki, bu məkanda hər kəsi agah edim. Bu zaman Hz. Əlinin (ə.s) əlini tutub yuxarı qaldırdı. Camaatın hamısı Əlini (ə.s) gördü, onun əlini də müşahidə etdilər. Hz. Peyğəmbər (s) buyurdu: Ey camaat! Kimdir möminlərə onların özlərindən daha layiqli olan? (yəni onun hökmləri möminlərin öz istəklərindən daha keçərlidir?). “Allahın rəsulu daha yaxşı bilər”-dedilər. Həzrət buyurdu: Allah mənim mövlamdır və mən möminlərin mövlasıyam. (və mənim hökmlərim onlara, onların öz istəklərindən daha çox layiqlidir). Sonra buyurdu: mən hər kimin mövlasıyamsa Əli də onun mövlasıdır  من کنت مولاه فهذا علی مولاه (bu cümləni üç-dörd dəfə təkrarladı). Təbərinin nəqlinə əsasən həzrət buyurdu: Əli ibn Əbi Talib mənim qardaşım, vəsiyyim, və canişinimdir. Məndən sonra imamdır. Həqiqətən Haqq-təala onu sizin üçün “vəli” və imam qərar verdi. Onun itaətini hər kəsə vacib etdi. Onunla müxalifətlik edən hər kəs məlundur. Eşidin və itaət edin. İmamət mənim övladlarımdan və Əlinin nəslindən qiyamətə qədər davam edəcəkdir. Mənim bu sözlərim Allah və Cəbrayıl tərəfindəndir. Bilin ki, mən çatdırdım, eşitdirdim və izah etdim. Həzrət, Əlini (ə.s) sevənlər üçün dua etdi və ona ədavət bəsləyənlərə nifrin etdi (qarğıdı). Sonra buyurdu ki, hazır olanlar (xütbəni eşidənlər) qaib olanlara çatdırsınlar. Camaat hələ dağılışmamış ayə nazil oldu:

الْیَوْمَ‏ أَکْمَلْتُ لَکُمْ دینَکُمْ وَ أَتْمَمْتُ عَلَیْکُمْ نِعْمَتی‏ وَ رَضیتُ لَکُمُ الْإِسْلامَ دینا

“…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim…” [Maidə surəsi, 3-cü ayə]. Peyğəmbər (s) “Allahu əkbər”, “din təkmilləşdi”, “nemət bizə tamamlandı”, “Allah mənim peyğəmbərliyimə və Əlinin vilayətinə razılığını bildirdi”- deyə bu cümlələri söylədi. Sonra Hz. Peyğəmbər (s) “Məni təbrik edin!” deyə camaata səsləndi. O zaman camaat dəstə-dəstə Peyğəmbərlə (s) Əliyə (ə.s) tərəf gəlib onları təbrik etdilər. Peyğəmbər (s) buyurdu: الحمد لله الذی فضلنا علی جمیع العالمین “Allaha həmd olsun ki, bizi bütün aləmlərə üstün etdi” Əbu Bəkr və Ömər ilk təbrik edənlərdən idi.

بَخٍ‏ بخٍ‏ لک یا ابن أبی طالب أصبحتَ و أمسیتَ مولایَ و مولى کلّ مؤمن و مؤمنة

“Bəh-bəh! Ey Əbu Talibin oğlu mənim və hər mömin kişi və mömin qadının mövlası oldun” [əl-Ğədir, 1-ci cild, səh: 35]. Təbrik etdilər! beyət mərasimi gecə qaranlıq düşənə qədər davam etdi. Camaatın izdihamı və və təbrik etmək üçün sıxlıq bais oldu ki, zöhr və əsr namazını və məğrib və işa namazını birlikdə qılındı. Bu mərasim üç gün davam etdi. Peyğəmbər (s) öz arvadlarına əmr etdi ki, Əlinin yanına gedib onu təbrik etsinlər. İbn Abbas deyir: “Allaha and olsun ki, Əlinin vilayəti camaata vacib oldu”. Bu, Qədir-xum hadisəsinin qısa izahı idi. (Ətraflı məlumat üçün “Qədir-xum xütbəsinin qısa təhlili” adlı məqaləyə müraciət edə bilərsiniz).

Qəribədir! Peyğəmbərdən (s) sonra hakimiyyət başına keçmək istəyənlər ümmətin yolunu dəyişdi. Onlardan sonra isə onların tərəfdarları xüləfanın yanlış metoduna haqq donu getindirməyə davam etdilər və hər şeyə bəhanə tapan adamlar, Qədir-xum hadisəsi və hədisinin müqabilində də qayət təəccüblü və yüngül (əsassız) bəhanələr gətirməyə çalışdılar; necə deyərlər: “Bəhanəçiyə bəhanə əskik deyil”. Yazının davamında, Qədir-xum hədisinin (hadisəsinin) müqabilimdə gətirdikləri bəhanələri diqqətinizə çatdırırıq:

  • “Mütəvatir”-dir ya şübhəli?!

Qədir-xum hadisəsinin qəribəliklərindən biri də Qədir-xumdan münhərif olmuş şəxslərin ziddiyyətli sözləridir. Məsələn: Təəssübkeş İbn Həzm Əndolosi (Əhli-sünnə alimləri, o cümlədən Alusi onu yolunu azmış hesab etmiş və kitablarının yandırılmasına fətva vermişlər) [Lisanul-mizan, 4-cü cild, səh: 200] o qədər münhərif şəxs idi ki, həzrət Əlinin (ə.s) qatili İbn Mülcəmi müctəhid hesab edirdi! Yəni etdiyi cinayətə görə günahkar sayılmır, əksinə, digər müctehidlər kimi savab iş görmüşdür!! [əl-Mühəlla, 10-cu cild, səh: 482], amma o, Osmanın qatillərini müctəhid hesab etmir! [əl-Fisəl, 4-cü cild, səh: 161]. O deyir: “Əbul-Ğadiyə (Əmmarın qatili) Əmmarı öldürərkən müctəhid idi və bu cinayət üçün əcri var! [əl-Ğədir, 1-ci cild, səh: 328]. Hədisin mütəvatir (mötəbər) olması üçün dörd səhabənin o hədisi nəql (rəvayət) etməsinin kifayət etdiyini [əl-Mühəlla, 1-ci cild, səh: 86]-düşünən İbn Həzm Qədir-xum hədisinin mötəbərliyini (mütəvatir-liyini) inkar edir; halbuki Qədir-xum hədisini 110 səhabə, 84 tabei və 360 nəfər islam alimləri müxtəlif əsrlərdə nəql etmişlər!!

 

Heyrətamiz təəssüblər!!

Cahiz (Siyuti onu “nasibi” və yalançı hesab edir) və şagirdi, Əbi Davud həzrət Əli ilə düşmən idilər, (Əliyə ədavət bəsləməyi ustadından irs aparmışdır) bəzi Əhli-sünnə alimləri (o cümlədən atası), onu Əlinin (ə.s) ünvanına dediyi nalayiq sözlərə görə töhmətləndirmişlər. Hətta Əliyə (ə.s) dediyi ədəbsiz sözlərə görə onu edam etmək istəyirdilər. Cahiz deyir: “Əgər “Teyr hədisi”-bu hədisdə həzrət Peyğəmbər (s) Əlini məxluqatın ən sevimlisi kimi tanıtdırmışdı- düzdürsə Peyğəmbərin nübuvvəti batildir!” bu söz o qədər dəhşətli idi ki, Zəhəbi –özünün Əli ilə düşmənçiliyinə baxmayaraq- narahat olub deyir:  “هذه عبارة ردیة و کلام نحس”“bu söz ayıb və nəhs sözdür”. [Feyzul-ğədir, səh: 136].

Fəxr Razi, Təftəzani, İci və İbn Teymiyyə də mütəəssib olduqlarına görə Qədir-xum hədisinin səhihliyində tərəddüd etmiş alimlər qəbilindəndirlər. Halbuki Əhməd ibn Hənbəl 40 sənədlə, Təbəri 70 sənədlə, Cizri 80 sənədlə, İbn Öqdə 105 sənədlə, Əbu Səid 120 sənədlə, Əbu Bəkr 125 sənədlə, Əmir Muhəmməd Yəməni 150 sənədlə və Əbul-Əttar Həmədani 250 sənədlə “Qədir-xum” hədisini rəvayət etmişlər. [əl-Ğədir, 1-ci cild, səh: 152 və 414; Qədir hədisinin müəllifləri fəslində].

Əhli-sünnənin böyük alimlərinin çoxu Qədir-xum hədisinin səhihliyinə etiraf etmişlər. Təhavi və Əbu Muhəmməd Əhməd ibn Muhəmməd Asimi deyir: “Bu hədisi islam ümməti qəbul etmişdir” [əl-Ğədir, 1-ci cild, səh: 295]. Əbul-Məkarim Əlauddin Semnani deyir: “Hamı bu hədisin düzlüyündə müttəfiqdir” [əl-Ğədir, 1-ci cild, səh: 297]. Ziyaul-həqq Muqbili yazır: “Əgər bu hədis qəti olmazsa, deməli dində heç bir mütləq şey yoxdur (deməli dində yəqin etməli heç nə yoxdur)” [əl-Ğədir, 1-ci cild, səh: 307]. Zəhəbi yazır: “Mən Qədir hədisini gördüm və istinadının çoxluğundan heyrətə gəldim” [əl-Ğədir, 1-ci cild, səh: 152]. Zəhəbi -Əhli-sünnənin mütəəssib alimidir- deyir: “mən kuntu mövlahu fəƏliyyun mövlahu”-cümləsi mütəvatirdir, mən yəqin etmişəm ki, Rəsulullah (s) onu buyurmuşdur. [əl-Ğədir, 1-ci cild, səh: 297]. Siyuti və Mir-Əbdul-Baqi… kimi digər əhli-sünnə alimləri də Qədir hədisinin mütəvatir-liyinə etiraf etmişlər.

“Qədir-xum” hədisinin sənədləri barədə 29 cild kitab!!

İbn Öqdə və Təbəri kimi bəzi alimlər isə “Qədir” hədisi barədə müstəqil kitab yazmışlar. Əbul-Məani Əbdül-Kərim ibn Əbdullah təəccüblə detir: “Bağdadda nəşriyyatda bir kitab gördüm “Qədir” hədisinə aid idi və (kitabın) üzərinə “28-ci cild” yazılmışdı, həzrət Peyğəmbərin (s) “mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır” sözünün sənədləri barəsində növbəti kitab 29-cu cild olacaqdı” [Yənabiul-məvəddət, səh: 36; əl-Ğədir, 1-ci cild, səh: 158].

Olduqca təəccüblüdür ki, bəzi əhli-sünnə alimləri hədisi (Qədir hədisini) qəti və mütəvatir hesab edirlər, çünki, yüzdən çox səhabə o hədisi nəql edib. Amma bəzi alimlər hədisə şəkk-şübhə ilə yanaşır!!

 

  • Qədir hədisi dördüncü xəlifəni tanıtdırır!

Bəzi mütəəssib alimlər Qədir hədisinin sənəd və dəlalət baxımından tam olduğunu gördükdə çarəsizlikdən hədisin həzrət Əlinin (ə.s) vilayətinə dəlalət etməsini qəbul etdilər. Amma üç xəlifədən sonra! Dedilər: “Hədis Əlinin vilayətini üç xəlifədən sonra isbatlayır və əhli-sünnə də belə bir məsələyə etiqad bəsləyirlər!” [Feyzul-ğədir, səh: 437-438].

Alusi Bağdadi əhli-sünnə alimlərindəndir. Bu bəhanəni irəli sürdükdən sonra yazır: “Həzrət peyğəmbər (s) məhz Əlinin adını çəkib. Çünki, o, Əlinin xəlifəlik dövründə vaqe olan üç müharibədən agah idi” [Ruhul-məani, 3-cü cild, səh: 186].

Bu qəribə bəhanədir! Belə bir hadisə heç bir yerdə eşidilməyib ki, camaatın rəhbəri mühüm olmasına baxmayaraq, camaat üçün birinci canişinini deyil, (dördüncü canişini təyin etməsinə işarə etmədən) dördüncü canişinini təyin etsin! Heç bir ağıllı insan Qədir-xumdakı canişin təqdim etmə mərasimini, dördüncü canişinin təqdimatı hesab edə bilməz.

Həzrət Əlinin (ə.s) camaata imam və xəlifə olaraq təqdimatında bütün Mədinə xalqı, səhabələr (az qismi müstəsna olmaqla) onu qəbul etdilər. Heç bir xəlifənin təqdimatında bu qədər adam iştirak etməyib. Belə bir təqdimatda Əlinin (ə.s) birinci xəlifə olmasını xatırlatmaq lazım idi!? Amma birinci xəlifə seçiləndə o qədər müşküllər və fitnələr yarandı, Osman xəlifə olanda İslamda çox müdhiş fitnələr yarandı. Bu üç xəlifənin Peyğəmbər (s) tərəfindən təqdimatı olmayıb və neçənci xəlifə olduqları da camaata deyilməyib!

 

  • Əli ibn Əbu Talib Qədir-xumda iştirak etməyib!!

Qədir hədisinin qəribəliklərindən birinə (bəlkə də ən gülüncünə) də Fəxr Razi imza atıb. O deyir: “Şiələr həcc ziyarətindən qayıdarkən deyilən من کنت مولاه فهذا علی مولاه hədisinin Əlinin xəlifəliyinə dəlalət etdiyini bildirirlər, halbuki o vaxt, Əli Yəməndə idi və Peyğəmbərlə birlikdə deyildi!” [Feyzul-ğədir, səh: 62].

Fəxr Razi kimi mütəəssib, inadcıl və iddialı insan necə ola bilər ki, səhv (batil) yola düşər!? Tarixdə baş verən məşhur hadisəni asanlıqla inkar edər?! bu ən azı öz (sünnilərin) dini ədəbiyyatına ehtiramsızlıq sayılır. Əhli-sünnənin ən məşhur mənbələrinə, yəni –Səhih-i Buxari, Səhih-i Müslim, Sünən-i İbn Macə və Sünən-i Əbu Davud, Sünən-i Termizi və Sünən-i Nəsai- müraciət etməyibmi?! Müraciət etsəydi görərdi ki, həmin mənbələr deyir: “Həzrət Əli (ə.s) Yəməndən qayıtdıqdan sonra Peyğəmbərə mülhəq oldu (qoşuldu) və birlikdə həccin əməllərini yerinə yetirdilər…

Təəccüblüdür ki, həzrət Əlinin (ə.s) Qədir-xumda hazır olması və Peyğəmbər (s) onun əlini qaldırıb camaata göstərməsi və on minlərlə insanın buna şahid olmasına dair rəvayətlər məcmusu ola-ola niyə görə bu möhtəşəm hadisəni inkar edirlər?!

Məhz bu səbəbdən İbn Həcər bu işkalı yersiz hesab edib deyir: “Hər kəsə sabit olmuşdur ki, Əli Yəməndən qayıtmışdı və Peyğəmbərlə həccin əməllərini yerinə yetirirdi” [əs-Səvaiqul-muhriqə, səh: 25].

Maraqlıdır, Fəxr Razi Səhih-i Buxari və Səhih-i Müslimi o qədər mühüm hesab edir ki, Qədir hədisinin o iki kitabda nəql olunmamasını əsas götürərək, hədisin sənədini zəif hesab hesab edir. Amma həzrət Əlinin (ə.s) “həccətül-vada”-da iştirak etməsi o iki kitabda nəql olunmasına baxmayaraq, Fəxr Razi bu hadisəni də inkar edir!!

 

  • Niyə görə “Səhih-i Buxari”-də nəql olunmayıb?

Qəribədir! Əhli-sünnənin Fəxr Razi kimi bəzi alimləri “Qədir” hədisinin Səhih-i Buxari və Səhih-i Müslimdə nəql olunmamasını hədisin zəifliyinə bir işarə olduğunu deyirlər! İndiyədək heç bir alim bütün səhih (mötəbər) hədislərin bu iki mənbədə toplanmasını iddia etməmişdir. Heç kəs iddia etməmişdir ki, Səhih-i Buxari və Səhih-i Müslimdə nəql olunmayan hədislərin hamısı etibarsızdır. Bu elə bir məsələdir ki, hətta Allahın kitabı barəsində belə deyilməyib!

Buxari özü yazır: “Mən bu kitabda səhih hədisləri nəql etmişəm. Nəql etmədiyim səhih hədislər nəql etdiklərimdən daha çoxdur” [Hudəs-sari, səh: 4, Fəthul-bari müqəddiməsi]. Nəql olunur ki, o yüz min səhih hədisi əzbər bilirmiş. Məhz bu səbəbdən Hakim Nişaburi “əl-Müstədrəku ələs-səhiheyn” adlı böyük bir kitab yazır və Səhih-i Buxari və Səhih-i Müslimdə nəql olunmayan səhih hədisləri zikr edir.

Qədir hədisinin bu iki kitabda nəql olunmaması hədisin zəifliyinə dəlalət etmir. Əksinə, müəllifin Əhli-beytə (ə) qarşı kin-küdurətinə dəlalət edir. Əks təqdirdə, məqsədi səhih hədisləri toplamaq olan bir mühəddis sənədinin çoxluğu və mötəbərliyilə fərqlənən “Qədir” hədisinin niyə nəql etməməlidir?! Halbuki yüzdən çox səhabə o hədisi nəql etmişdir. Xüsusilə də Buxarinin 39 ustadı Qədir hədisini mötəbər sənədlərlə nəql etmişdir. [əl-Ğədir, 1-ci cild, səh: 320]

Ayətullah əl-uzma Safi Qulpayqani dəyərli “Əman-ul-ümmət-i minəz-zəlali vəl-ixtilaf, səh: 53-54” əsərində Buxarı barədə yazır: “Təəccüblüdür ki, Buxari 1200 nəfər “xəvaric”-dən rəvayət nəql etmiş, yüzdən çox məchul hədisə istinad etmiş, Muğəyrə, Mərvan, Əmr ibn As və digər münafiqlərə, Əhli-beyt düşmənlərinə və Əliyə (ə.s) qarşı kin-küdurətli olanların nəql etdikləri hədisləri səhih hədis hesab etmişdir. Amma həmin Buxari həzrət Peyğəmbərin (s) nəvələri, behişt cavanlarının ağaları, imam Həsən (ə) və imam Hüseyndən (ə) heç bir hədis nəql etməyib. O, əsərinin ikinci cildində “cənnətin sifətləri” barədə olan fəsildən (və başqa fəsillərdə) qabaq Səmərət ibn Cündəbin rəvayət etdiyi dörd hədisə istinad etmişdir. Həmçinin, Əkrəmə və İmran ibn Həttandan nəql olunan hədisə istinad etmiş, amma imam Muhəmməd Baqir (ə), imam Cəfər Sadiq (ə), imam Kazım (ə) və imam Rızadan heç bir hədis nəql etməmişdir!”

والعجب أن مثل البخاری الذی یروی عن ألف ومائتین من الخوارج، ویحتج بأکثر من مائة مجهول، وبأعداء أهل البیت مثل المغیرة ومروان وعمرو بن العاص وغیرهم من المنافقین الذین ظهر فیهم أبرز امارات انفاق وهو بغضهم لعلی علیه السلام وصح فیهم أحادیث الحوض المتواترة وغیرها. هذا البخاری لا یروی شیئا من حدیث ریحانتی الرسول وسبطیه سیدی شباب أهل الجنة، ویحتج بحدیث سمرة بن جندب، ص 138 من الجزء الثانی من صحیحه قبل باب ما جاء فی صفة الجنة بأربعة أحادیث، وکذا فی غیر ذلک من الموارد التی لا تخفى على المتتبع، ویحتج أیضا بحدیث عکرمة وعمران بن حطان. دون حدیث واحد من مثل الإمام جعفر بن محمد الصادق والإمامین الکاظم والرضا علیهم السلام

Rəvayət deyil, ravi müttəhəmdir

Buxari həzrət Əliyə (ə.s) olan ədavətindən dolayı təkcə Qədir hədisini deyil, həzrət Məhdiyə (əc) aid hədisləri də nəql etməmişdir. Halbuki Seyyid Əhməd Şeyxul-islam Şafeiyyə müftisi o hədislərin mötəbərliyinə etiraf etmişdir. Həmçinin “Səqəleyn” hədisinin və “hədis-i kisa”-nı da nəql etməmişdir. Əllamə Şərəfud-din deyir: İslam məzhəblərindəki bütün əhli-qiblə müsəlmanları “Təthir” ayəsinin beş şəxs (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn-ələyhis-səlam) barədə nazil olmasına ittifaq etmişlər. Bəzi alimlər Buxarinin həzrət Əliyə ədavətini və bu səbəbdən Əlinin fəzilətlərinin nəql etməməsini açıq-aşkar etiraf etmişlər. Buxari nəql etdiyi hədislərdə Əlinin adını silməklə ünvanına söylənilən iddiaları isbatlamış olur. O Peyğəmbərin (s) buyurduğu, Əhmədin müsnədində və Termizinin sünənində nəql olunan bu cümləni- هو ولی کل مومن بعدی- o məndən sonra hər bir möminin vəlisidir-təhrif edir və belə yazır ki, həzrət Peyğəmbər buyurdu: “Əliyə düşmən kəsilməyin! Çünki, xumsda onun səhmi (payı) bundan çoxdur!”

(Ardı var)