Fev 12, 2017 18:15 Asia/Baku
  • Mədəniyyət və mədəni hücum
    Mədəniyyət və mədəni hücum

Xalqın və məmurların mədəni hücuma qarşı vəzifələri

Ruhanilərin, fiqhin heysiyyətini, fiqhin elmi səviyyəsini və bir ölkənin ümumi hərəkətinə təsirini inkar etsək, yaxud sual altına salsaq, əslində xalqın, böyük və təsirli bir təbəqənin dini təmayülünə zərbə vurmuş olarıq. Düşmənlər bunu istəyirlər və bu, düşmən dəyirmanına su tökməkdir.

 3- İnqilab ədəbiyyatını, incəsənətini və mədəniyyətini təhqir və təcrid etmək

Müharibə dövründə informasiya vasitələlərində işıqlandırılan səhv və yanlış fikirlərlə - bunda xalqın özünün yanlış elmi-psixoloji qalıqları da təsirli idi - mədəni hücum davam etdi. Lakin müharibənin həyəcanı bu hücumun qarşısında bir növ maneə idi. Müharibə bitəndən sonra isə bu yeni cəbhə daha ciddi şəkildə hərəkətə keçdi.

Müharibədən sonra mədəni hücuma əlverişli şərait vardı. Çünki o zaman müharibənin hərarət və həyəcanı gənci özünə cəlb edir və o, düşmənin sözlərini dinləmək istəmirdi. Müharibədən sonra isə düşmənə şərait yarandı. Onlar geniş şəkildə işə başlayıb hərtərəfli mədəni hücum məqsədi ilə müxtəlif vasitələrə əl atdılar.

Mən düşmənin istifadə etdiyi vasitələrin genişliyinə baxanda məsələnin onlar üçün nə qədər əhəmiyyətli olduğunu anlayıram. Onların işlərindən biri ölkədə inqilab ədəbiyyatını, incəsənətini və mədəniyyətini təhqir və təcrid etməkdir. İnqilabın mühüm işlərindən biri bir qrup mədəniyyət və incəsənət xadimi yetişdirməkdir. Bizdə belələri var və Allaha şükür olsun ki, az deyil. Bizdə çoxlu şair və yazıçılar yetişdi, farsca yazan güclü və dəqiq qələm sahibləri meydana çıxdı. İnqilabın qələbəsindən yalnız 13 il ötmüşdür. Siz görün bizim mədəni və tarixi ömrümüzün hansı 13 ilində birinci dərəcəli şəxsiyyətlər yetişmişdir?! Düzdür, bunların birinci dərəcəli şəxsiyyət olmasına hələ var. Lakin inqilabın ərsəyə gətirdiyi bu qrupda birinci dərəcəli şəxsiyyətlər çox olacaq.

Bizim vətən anamız şah dövrünün sonlarındakı diktatura zamanı sonsuz olmuşdu. Həqiqətən böyük adamlar, yazıçılar, xüsusən incəsənətin bəzi sahələrində böyük sənətkarlar yetişmirdi. Lakin bu gün görürük ki, bizim gənc uşaqlarımız arasında yaxşı kinematoqraf, aktyor, rejissor, şair və yazıçılar çoxdur. Bu mömin qüvvələri inqilab meydana çıxardı. Onların əleyhinə görülən işlərdən biri onları təcrid etməkdir. Bizim gəncimiz də təcrübəsizdir. Ölkənin rəsmi mədəniyyət qurumunda kiminsə ona etinasız yanaşdığını, yaxud onu aşağıladığını görən kimi işinə təsir edir, onu zəiflədir; yaxud ölkənin ədəbiyyat və incəsənət jurnallarında bu üsula və xəttə müxalif simaların böyüdülüb tərif olunduğunu görəndə ruhdan düşür; yaxud dindar və gənc bir rejissor işinin qazanc gətirməsi və onu davam etdirə bilməsi üçün öz filmini aidiyyətli mərkəzlərə aparır, amma etinasızlıqla ona deyirlər ki, biz bu filmi qəbul etmirik. Halbuki incəsənət baxımından onun işindən zəif olan, lakin İslam rəngi olmayan müxtəlif işlərin qəbul olunduğunu bilir. Belə olan halda bu gənc öz-özünə təcrid olunur və ümidsizliyə qapılır. Mən bu mömin, inqilabçı və qayğıkeş gəncləri görəndə dəfələrlə ürəkdən kədərlənmişəm. Belə yaxşı gənclər incəsənət xadimi kimi tanınan adamlardan zəif olmadıqları və hətta bir çox cəhətlərdən çox üstün olduqları halda nə üçün etinasızlıqla üzləşirlər? Məsələyə düzgün diqqət yetirəndə bu etinasızlığın köklərinin məsul şəxslərin də diqqət yetirmədiyi bir nöqtədə çirkin bir iradəyə bağlı olduğu görünür.

Bizim mədəni məmurlarımız yaxşı adamlardır, lakin orta səviyyələrdə görülən işlərə diqqət yetirmirlər. Mömin qüvvələri təcrid etmək üçün işlədilən üsullardan biri də - məncə bu, səssiz dərdlərdəndir və bunları bütün xalqın bilməsi lazımdır - budur ki, İranın inqilabi duyğuları tərənnüm edən filmi, yaxud hər hansı sənət əsəri beynəlxalq təşkilatlara təqdim olunanda etinasızlıqla üzləşir. Bu beynəlxalq təşkilatlar zahirən qeyri-siyasidirlər, əslində isə ayrı cürdür. Siz beynəlxalq təşkilatların, Təhlükəsizlik Şurasının, BMT-nin Bösniya və Herseqovinaya qarşı nə etdiklərini, sərnişin təyyarəmizin ABŞ tərəfindən vurulduğu zaman ICAO təşkilatının hansı mövqeyi seçdiyini gördünüz...

 Bunlar bitərəfdirlər?! Bunlar qeyri-siyasidirlər?! Beynəlxalq təşkilatlar eyni işi bizim filmlərimizə, teatrlarımıza və uşaq işlərimizə qarşı da görürlər. İnsan necə gözlərini yumub onların qeyri-siyasi olduqlarını deyə bilər?! Nə üçün onların mükafat verdiyi əsərlər arasında bir inqilabi əsər yoxdur?! Bizim inqilabi filmimiz yoxdur?! Bizim inqilabi şeirimiz yoxdur?! Onların incəsənət baxımından dəyəri yoxdur?! Mən güman edirəm ki, bu təşkilatlar belə dırnaqarası mədəni, antiislam və antiinqilab qüvvələri dünyada böyütmək və inqilabçı qüvvələri təcrid etmək üçün onlara hətta Nobel mükafatı da verəcəklər. Bəs bu, mədəni hücum deyil?![228]

4- İslam quruluşunu azadlığı boğmaqda ittiham etmək

İslam quruluşunu azadlığı boğmaqda ittiham edirlər. Necə yəni biz azadlıq vermirik?! Siz hansı ölkədə istədiyini yazan bu qədər jurnal və qəzet tapa bilərsiniz?! Ölkənin rəsmi qəzetləri açıq-aşkar hökumətin siyasətlərini sual altına salıq və tənqid edirlər. Hökumət də çox nəzakətlə qulaq asır və cavab verir. İndi İranda elə jurnallar çap olunur ki, ölkənin keçmiş mədəniyyət işçiləri ilə qısa tanışlığı olan, şah dövrünün incəsənət xadimlərini tanıyan, düşməndən qorxanların və Amerikanın dostlarının kimliyini bilən adam bu jurnalların pulunun haradan gəldiyini anlayar. Bunu təxmin etmək olar, biz də xəbərsiz deyilik. Hökumət orqanları da bundan xəbərdardır. Amma bunlar çap olunur, bizim onlarla işimiz yoxdur. Biz hansısa jurnalın 3-4 kəlmə sözündən qorxmuruq. Biz də yazırıq. İranda mövcud olan mətbuat azadlığı başqa ölkələrdə yoxdur. İran dövləti mətbuat azadlığı sahəsində məzlumdur. Dəlili də budur ki, bir jurnala və qəzetə azadlıq verir, o da dövlət əleyhinə tənqidlərə başlayıb tez-tez nəqarət kimi təkararlayır: “Bizə azadlıq vermirlər!” Əgər azadlıq yoxdursa, bunları necə yazırsınız?! Bu ölkədə yazısına görə kimi cəzalandırıblar?! Bəli, kimsə mətbuat cinayəti törətsə, kimliyindən asılı olmayaraq cinayətkardır. Qanunun cinayət kimi müəyyən etdiyi əməli törədən şəxs mütləq cəzalandırılacaq. Qanunda nəzərdə tutulan cəzalardan biri də cinayətin baş verdiyi qəzeti bağlamaqdır. Bu başqa məsələdir. Danışmaq isə azaddır. Düşmənlər hökumətin yazılanlara həssas yanaşıb cavab verməsini azadlığı boğmaq sayırlar. Düşmənin istəyi budur ki, hegemonizmə bağlı olan mədəni cinahın qələm sahibləri istədiklərini yazsınlar, amma İslam quruluşunun və İslam cinahının tərəfdarları onlara cavab verməsinlər. Cavab verəndə deyirlər ki, azadlıq yoxdur, bizi qorxudurlar. Baxın, düşmən qəsdən belə bir şərait yaradır, bir qrup sadəlövh də asanlıqla aldanır. Düzdür, nə dediklərini və nə etdiklərini anlamadan bu sırada yer tutan qərəzsiz adamlar da ola bilər.

Öz faydasız ömürlərini əxlaqi və siyasi fəsadlarla, müxtəlif çirkin əməllərlə keçirən bəzi yazıçı və natiqlər bu fəsadların qarşısını aldığına və onların xarici ərbablarını qovduğuna görə İslam hökumətinə müxalifdirlər. Onlar İslama, milli müstəqilliyə, azadlığa və əxlaqa qarşı bu müxalifət və ədavəti siyasi və iqtisadi durumu tənqid kimi qələmə verir, istədiklərini dedikləri halda həyasızlıqla azadlıq tələb edirlər. Onların əsl istəyi Amerikanı buraya qaytarmaq, ölkəni düşmənlərə satmaqdır. Bizim xalqımız isə Amerikaya köləlik dövrünə qayıdış həsrətini onların ürəyində qoyacaq və özünün böyük nailiyyətlərini - yəni İslam quruluşunu, insanların iradə və imanının hakimiyyətini var gücü ilə qoruyacaq.

İslam quruluşu bayraqdarı İslam və Quran olan azadlığı heç zaman Qərbin yalançı azadlıq iddiaçılarından öyrənmək istəməyib.

Biz Qərbin rəhbər tutduğu və əsiri olduğu fəsad və pozğunluq, yalan və kələk, zülm, istismar və xalqlara təcavüz azadlığını açıq şəkildə və qətiyyətlə rədd edirik.

Biz əxlaqsız mürtəd Salman Rüşdiyə bir milyard insanın müqəddəslərini təhqir etmək icazəsi verən, amma İngiltərə müsəlmanlarına ondan şikayət etmək haqqı tanımayan azadlığı, ABŞ dövlətinə xalq hakimiyyətinə qarşı çıxan quldurları qızışdırmaq, onlara rəhbərlik etmək haqqı verən, lakin həmin xalq hakimiyyətinə bu quldurların qarşısını almaq haqqı verməyən azadlığı, soyğunçu oliqarxlara qanunsuz şəkildə zəif ölkələrə daxil olub xalqların var-yoxunu talamağa icazə verən, amma o xalqların mübarizə hüququnu qəbul etməyən azadlığı rədd edir, nifrətlə qarşılayır və bəşəriyyətə ar hesab edirik! Bizim məntiqimizdə azadlıq İslamın xalqlara verdiyi, onları zalım və təcavüzkar istismarçılar qarşısında yenilməz dağa çevirən azadlıqdır; necə ki, İran xalqı belə oldu və bəlli möcüzə baş verdi. Bu azadlıq bizim ölkəmizdə həmişə olub, olacaq və insanlarımızın hər biri onu qorumalıdır.

Bizim ölkəmizdə mətbuat üçün azadlıq var. Biz azadlığa əhəmiyyətli yanaşır, onu uca tuturuq. Odur ki, azadlıq olmalıdır. Lakin mətbuatın azad olması o demək deyil ki, ölkədə düşmən siyasətlərini icra edən mətbuat olmalıdır. Təəssüf ki, bəzi mətbu orqanları belədir.

Mən sizdən sorşuram: tapşırılan 500, 600, 1000 yeniyetmənin pozulması qarşısında məsuliyyət hiss edən, düşmən əlində alətə çevrilib məktəbə heroin gətirən nadinc uşağın qulağını çəkən məktəb direktoruna biz nə deməliyik? Biz deməliyik ki, sən nə üçün azadlığı pozub bu işi gördün?! Bu söz düzgündür?! Məktəb direktoru deyər ki, 1000 gənci mənə tapşırıblar, mən sabah bunları heroinə aludə vəziyyətdə ata-analarına təhvil vermək istəmirəm. İndi ona: "Xeyr! Onların özlərinə seçim imkanı verməlisən. Biz heroini gətirib yayırıq, kim istəmirsə, çəkməsin. Sən isə yalnız onun zərərlərindən danışa bilərsən!" - demək düzgündür?! Bu rəftarın özü mədəni hücumun bir hissəsi deyil?!

 

Dördüncü fəsil: Xalqın və məmurların mədəni hücuma qarşı vəzifələri

 

Birinci hissə: Xalqın və məmurların mədəni hücuma qarşı ümumi vəzifələri

1- İman və mənəviyyatı qorumaq və gücləndirmək

Allah dininin hakimiyyəti sayəsində insanın gözəl həyatı o zaman təmin olunar ki, insanlar öz qəlblərini Allahın xatirəsi ilə canlı saxlasınlar, Onun yardımı ilə bütün şər və fəsadlara qarşı mübarizə aparsınlar, bütün bütləri sındırsınlar, daxili və xarici şeytanların soyğunçuluğuna son qoysunlar.

Bizim milli şərəfimiz və inkişafımız, bu möhtəşəm hərəkət, bu xalq həvəskarlığı, İran xalqının və hökumətlərimizin Allahın lütfü ilə bu günədək əldə etdikləri saysız-hesabsız nailiyyətlər şeytani güclərdən üz çevirməyə, onlara etinasız yanaşmağa və həmçinin Allaha yaxınlaşmağa görə əldə olundu. Bizim problemlərimizin açarı da budur. Bizim hamımız Allahı özümüzdən razı etməliyik. Heç kəs deməsin ki, əvvəlcə filankəs Allahı özündən razı etsin. Burada birinci və ikinci yoxdur, hamımız Allahın razılığını qazanmağa çalışmalıyıq. Allahın razılığı bizim təqvamızla hasil olur: günah etməmək, Allahdan qorxmaq, Allahın bəndələri ilə yaxşı davranmaq, Allahın düşmənlərinə düşmən və sərt olmaq, qardaşlar arasında kiçik ixtilaflara asanlıqla göz yummaq, düşmənlərdə isə hər bir zərrəni hesablamaqla. Möminlərin qarşısında təvazökar olun, özünüzü kiçildin. Təqva kəllə-kəlləyə gəlməklə uyğun deyil, məhəbbətlə, güzəştlə, yola getməklə uyğundur. Bilin ki, maliyyə məsələlərində, fərdi və iş məsələlərində, xüsusən də siyasi məsələlərdə təqva xalqın hərəkətinə elə təkan və rövnəq verər ki, bütün dünya məəttəl qalar. Biz harada təqva əlaməti gördüksə, onun təsirini də müşahidə etdik.

Bizim hər birimiz çalışıb öz daxilimizdə paklıq və işıq yaratmalıyıq. Bu gün doğum gününü qeyd etdiyimiz əziz Peyğəmbərin (s) dərsi budur. Bu dərs olmadan İslam inqilabının ağır yükünü daşımaq olmaz. İnqilabı sağlam saxlamaq və inkişaf etdirmək həqiqətən ağır vəzifədir. Onu heç bir vəzifə ilə müqayisə etmək olmaz. Allaha şükür olsun ki, bu xalq bu ağır illərdə və müxəlif sınaqlarda bu vəzifənin öhdəsindən yaxşı gəlmişdir. Bizim inqilabımız digər inqilablar kimi və hökumətimiz digər hökumətlər kimi deyil. Allah-Taala öz Peyğəmbərinə buyurur: "Ey örtünüb bürünən! Gecəni – az bir hissəsi istisna olmaqla – qalxıb (namaz qıl)! (Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az və ya bir qədər ondan çox! Həm də aramla (ağır-ağır) Quran oxu! Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir söz vəhy edəcəyik". Bu ağır sözü və ağır yükü götürmək üçün hətta Peyğəmbər (s) mənəvi tərbiyəyə, ruhi paklığa və davamlı nəzarətə ehtiyaclıdırsa, ilahi qüdrətin bu çağlar bulağı qarşısında biz zəif insanların yeri bəllidir. İnqilabın indiyədək inkişaf etməsinin səbəbi də budur.

Qlobal güclər İslam Respublikası ilə oxşar maddi gücü və imkanı olan digər ölkə və hökumətlər kimi rəftar etməyin, hədələməklə, tamahlandırmaqla və təzyiq göstərməklə sıradan çıxarmağın mümkünlüyünü düşünməkdə səhvə yol verdilər. Onların böyük səhvləri bu idi ki, bizim xalqımızda və inqilabımızda olan bu mənəviyyatı, Allaha və mənəviyyata diqqəti dərk etmirlər. Əgər təqva və Allaha diqqət olsa, bu dedi-qodular, kiçik, dayaz və az əhəmiyyətli münaqişələr olmayacaq. Mənim fikrimcə bunlar fikir vermək həddində deyil. Hər halda, hər bir cəhətdən birlik nə qədər çox olsa, düşmən üçün bir o qədər təhlükəli, dost üçün bir o qədər gözəl, möhtəşəm və ümidverici olar.

Harada mənəviyyat, Allahla mənəvi əlaqə, Allahın mərhəmətinə inam, Allah qarşısında təslimçilik və təzim varsa, orada qorxu və zəiflik yoxdur: "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər". Belə yerdə təəssüf də yoxdur. Biz Allah üçün çalışdıqda zahirən uğur qazandıqda da razıyıq, qazanmadıqda da. Çünki Allah üçün çalışmış və üzərimizə düşəni yerinə yetirmişik.

Dəyişiklik yaratmaq Allahın işidir, biz isə öz daxilimizdə, həyatımızda və dünyada bu dəyişiklik üçün addım atmağa, iradə göstərməyə və çalışmağa borcluyuq. Dünyanın və həyatın bütün çirkinlikləri insanlardan törəyir. İnsanlar yaxşı olsalar, həyat gözəl və şirin olar. Nəfs və daxili şeytan insanın əməllərinə hakim olmasa, həyat Allahın razı qaldığı və bəyəndiyi şəkildə davam edər. Həyatı və dünyanı acı, şeytani, çirkin, dərdli, məşəqqətli və pərişan edən insanlardır.

Harada insanlar yaxşı olsalar, orada həyat da yaxşı olar; harada özlərində güclü dəyişiklik yaratsalar, onların həyatı da dərindən dəyişər. Əgər bu böyük dünyada ədalətsizlik, ayrıseçkilik, yoxsulluq, acılıq və şeytani xüsusiyyətlər görürüksə, bütün bunların izini insanların vücudunda və daxili şeytanlarında axtarmaq lazımdır.

Bu gün İslam Respublikasının birinci növbədə biz məmurların və sonra xalqın öz vücudunda və qəlbində dəqiq və nizam-intizamlı şəkildə İslamın əxlaqi məqsədləri istiqamətində dəyişiklik yaratmasına ehtiyacı var. Düzdür, qəlblərdə dəyişiklik yaranmasaydı, inqilab da qələbə çalmazdı. İnqilabın qələbəsi göstərir ki, ümumilikdə qəlblərdə bir dəyişiklik baş verdi. Bu olmasaydı, inqilab qalib gəlməzdi. Odur ki, inqilabın, qələbələrin və bu xəttin davam etməsi və ən önəmlisi, bu xətdən yayınmamaq üçün hamımızın əxlaq və xarakterlərimizdə dəyişiklik yaratmağa ehtiyacımız var.

Bizim düşmənlərimiz hələ də pusquda durub bu xalqın nə zaman İslamdan yorulacağını və imanını əldən verəcəyini gözləyirlər. O zaman hər tərəfdən ona hücum edəcəklər. İslam düşmənləri sakitləşməmişlər. Xalq və onun imamı dəfələrlə Amerikanın və dünyanın digər quldurlarının ağzından vursalar da, onlar ümidlərini kəsməmişlər. Onlar bu xalqı İslamdan, imandan, inqilabdan və imamdan ayırdıqlarını və şüarlarını aldıqlarını görəndə - lakin bu imkansızdır – bütün dünyaya səs salacaqlar ki, hökumət Qərbə yaxınlaşır və filan-filan yolları açır. Bu sözlər dünya xalqlarında ruh duşkünlüyü yaratmaq, dünyanın ucqar bölgələrinin gözlərini siz şücaətli və böyük xalqa tutan müsəlmanlarını məyus etmək üçündür. Yəni sonda "İran da belə getdi" deyib ümidlərini əldən versinlər. Lakin onlar səhv edirlər.

Düşmən bizim xalqımız kimi ayağa qalxmış bir xalq qarşısında zəifdir. Düşmən maddi ölçülərdə güclü, mənəvi ölçülərdə isə çox zəifdir. Bizim xalqımız inqilabın əvvəlindən göstərdiyi mənəviyyat, iman, birlik və sayıqlıqla səhnədə qalmalıdır.

Düşmənlərin, istismarçıların və müstəmləkəçilərin didişdiyini gördüyünüz bu dünyada bu güclü tufan qarşısında zəifləmək, təsirlənmək istəməyən, təsir göstərmək, məğlub etmək və tufanı yatırtmaq istəyən bir xalq polad kimi möhkəm olmalıdır və bu, mənəviyyat olmadan mümkün deyil.

Bizim yolumuz uzun və çətindir. Hamımız özümüzdə mənəvi saflıq, paklıq və ilahi işıq yaratmalıyıq. Biz bu inqilabı İslam inqilabı kimi qorusaq, böyük güclərin düşmənliyi və onların bu quruluşu məhv etməyə dair qərarları heç zaman azalmayacaq, ABŞ və digər tağutlar İran İslam Respublikası ilə heç zaman barışmayacaqlar.

         

Həqiqi imanla hərəkət edən xalq həm başıuca, həm maddi rifah içində olar, həm də onu nəyəsə məcbur edə bilməzlər. Biz bunlara nail olacaq, xalqımızın güclü imanı və Allahın lütfü sayəsində dünyanın bu parçasında elə gözəl, azad, rifah və asayiş dolu bir cəmiyyət quracağıq ki, bütün xalqlara dərs və inqilab düşüncəsinin ixracına səbəb olsun. Allah indiyədək lütfünü bizim xalqımızdan əsirgəməyib, bundan sonra da əsirgəməyəcək.

Bu quruluşun uğurlu inkişafı yalnız təqva sayəsində mümk­ündür. İlahi quruluşun xisləti belədir. Haqq quruluş təqvasız inkişaf etmir. Onun qarşısında olan nahaq quruluş ayrı cürdür. Onun da inkişaf etməsi üçün bəzi prinsiplərə sadiqlik lazımdır, lakin mənəvi saflıq, paklıq, dəyərlərə, ideologiyaya və İslama əsaslanan bir cəmiyyətə lazım olan bütün dəyərlərə əməl etmək ona vacib deyil. Onlarda yanlış üsullardan çəkinmək kimi öhdəliyin olmadığına görə ancaq irəliləyirlər; bir şey əldən verir, bir şey də əldə edirlər. Haqq cəbhəsi isə belə deyil. Haqq cəbhəsi yalnız Allahla, təqvalı və mənən pak olduqda batil cəbhəsi önündə dayana və inkişaf edə bilər. Bunsuz mümkün deyil.

Quruluşu dini və dəyər quruluşu kimi saxlamaq lazımdır. Bu bir neçə ildə hegemonizm, onun əlaltı və təbliğatçıları daim bizi dəyər quruluşuna peşman etməyə çalışmışlar. Daim deyirlər ki, bunlar mürtəce, təəssübkeşdirlər. Onlar bəzi İslam hökmlərini ortaya atıb əks-təbliğatla məşğul olurlar, bizim, yaxud digər müsəlmanların şəxsi əməllərini İslamın adına yazıb təşvişə düşməmizi, cana doymamızı və "Xeyr! Biz dindar deyilik. Bizim quruluşumuz da digər dünyəvi quruluşlar kimidir" deməmizi istəyirlər. Onların məqsədi budur. Hətta dildə deməsəniz, amma əməliniz qeyri-dəyər və dünyəvi bir quruluşun əməlini göstərsə, onlar yenə öz məqsədlərinə çatmışlar və bu bizim məğlubiyyətimiz deməkdir. Onların məqsədi bu cəbhənin məğlub olmasıdır. Bu cəbhə yalnız təqva ilə inkişaf edə bilər. Bu quruluş yalnız təqvaya, mənəvi paklığa əməl etməklə və bizim hər birimizin özümüzü dəqiq və düzgün hesaba çəkməmizlə - "Özünüzü hesaba çəkin"- inkişaf edə bilər. Digər hökumətlərin, dünyanın digər dövlət məmurlarının gördüyü işləri bizim də görə bilməli olduğumuzu düşünənlər səhv edirlər. Bizim özümüzə xas prinsip və üsullarımız var. Bunlar İslam prinsipləridir. Bu prinsiplər dünyaya hakim olmalıdır, cahil və hegemon dünyanın yanlış üsulları bizi özünə çəkməməlidir.

Allahı, ölümü, ilahi sorğu-sualı yaddan çıxarmayaq. Bizim işlərimiz zəif və məhdud məlumatlı bir müstəntiqin əlinə düşəndə, yaxud buna ehtimal verəndə diqqətimizi toplayırıq. Ora isə tam başqa bir səhnədir: "Bu necə bir kitab imiş! O bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!]"

Müqəddəs İslam quruluşu uca ilahi məqsədlər üzərində möhkəm dayanması, Peyğəmbər (s) və övliyaların düzgün yolunu ciddiliklə davam etdirməsi, məzlumları müdafiə etməsi, zalımlara qarşı vuruşması, İslam ədaləti uğrunda mübarizə aparması, bu yolda beynəlxalq istismarçı düzən tərəfindən edilən təhdid, təzyiq və zərbələrdən qorxmaması ilə dünyanın bütün məhrum və məzlumlarının qəlbində ümid yaratmış, onlara cəsarət və güc bəxş etmişdir. Hazırkı dövr İslam dövlətindən qabaqkı dövrlə aydın şəkildə fərqlənir. Dünya bir mərhələdən digərinə keçid halında olub həssas bir zamanı yaşayır. Şübhə yoxdur ki, İslam inancı və ona söykənən saleh əməl bu dəyişiklikdə böyük rol oynayıb bəşəriyyəti düzgünlük və kamillik yoluna sövq edə bilər. Buna əsasən, dünyanın gözü uca İslam bayrağını bu böyük və misilsiz xalqın güclü qolları, çoxlu fədakarlıqlar və saysız-hesabsız şəhidlərinin qanı vasitəsi ilə yüksəkdə saxlayıb imanın gücünü və dünyagir hakimlərin acizliyini hamıya göstərmiş İslam Respublikasına dikilmişdir.

İran xalqının bugünkü əzəməti İslama imanın və Allaha etiqadın nəticəsidir. Bu xalqın düşmənləri də etiraf edirlər ki, İran xalqı qorxmaz, azad, güclü və zülmə boyun əyməyən bir xalqdır. Biz hər gün qəlblərimizdə bu imanı gücləndirməyə çalışmalıyıq. Xüsusən də xalqın müəllimləri və ilahi müjdənin daşıyıcıları olan möhtərəm din alimləri, ruhani, vaiz və natiqlər bu imanı gücləndirməyə çalışmalıdırlar.

Əziz qardaş və bacılar! Allah-Taala Quranda söz vermişdir ki, İslam inancı olunca bu xalqı və inqilabı heç bir təhlükə təhdid etməz, İslam Respublikasına və sizin möhtəşəm inqilabınıza heç bir güc ən az zərər belə vura bilməz.

İslam quruluşu imanla, şüarları saxlamaqla, uca tutmaqla yaranır, qorunur və inkişaf edir.

Bir quruluşa güc verən amil atom bombası deyil. ABŞ-ın, keçmiş SSRİ-nin və dünyanın irili-xırdalı digər güclərinin bu günədək bacarmadığı, bundan sonra da bacarmayacağı islami güc hizbullahçı qüvvələrin imanının gücüdür.

Mənəviyyat, Allahla raz-niyaz, mənəvi əlaqə, Allahı məqsəd seçmək, zahiri məsələlərə aldanmamaq, dünyanın bərbəzəyinə və gözəlliklərinə məftun olmamaq - mömin bir toplum yetişdirən amillər bunlardır. Həm də: "O qədər olub ki, azsaylı bir dəstə Allahın izni ilə çoxsaylı bir dəstəyə qalib gəlib". Yəni sayınız az da olsa, həmin mənəvi cəhətə görə sayı çox olanları məğlub edərsiniz. Həmin mənəviyyat Bəsic üzvlərində elə şövq yaradır, gəncləri həvəslə cəbhəyə elə çəkirdi ki, gələndə qayıtmaq istəmirdilər.

Din və imanın qurucu hərəkətlərə böyük təsiri var. Qərb dünyası və hegemon qüvvələr uzun illər təbliğat apararaq dini passivləşmək, mürgüləmək, kənara çəkilmək və dünyadan küsmək kimi təqdim etmişlər. İmam bunun tam əksini göstərdi. İmam əsl dindar idi. Görün dünya ilə necə rəftar edirdi, siyasi və quruculuq işlərini necə aparırdı. Bu, dinin təsiridir. Dini xalqların uyuşdurucusu adlandıranlar onu tanımamışdılar. Bəlkə də pis niyyətləri olmamışdır. Onlar dinlə tanış deyildilər. Qarşılarında din adlı mənasız bir şey vardı və onun uyuşdurucu olduğunu görüb ümumiyyətlə dinin belə olduğunu düşünürdülər. Xeyr! Din uyuşdurucu deyil. Onların gördüyü uyuşducu ola bilər, İslam dini isə oyadan və hərəkətə gətirəndir.

Xalqı inqilaba, imama və İslam Respublikasına belə möhkəm bağlayan əsas amil, İran xalqını inqilabın bütün mərhələlərində, o cümlədən ümmət imamının vəfatından sonra dünyanın gözündə güclü bir okeana çevirən möhtəşəm qüvvə sizin imanınız, Allaha və İslama etiqadınızdır. Buna əhəmiyyətsiz yanaşmaq olmaz. Bizim xalqımızın İslama imanı olmasaydı, inqilab də qələbə çalmazdı. Əziz imamımız ölkə daxilində və bütün dünyada insanların qəlbinə onların Allaha və İslama imanı sayəsində yol tapdı, onun sözü, işarəsi və rəftarı xalqımıza və hətta digər müsəlman xalqlara da dərs oldu. Bu on ildə dünyada baş verən böyük dəyişikliklərdə İslama imanın rolu birinci dərəcəli olmuşdur. Biz Allah üçün çalışdığımıza görə Allah-Taala da bizə yardım edir. İran xalqının Allaha, İslama və Qurana imanı olduğuna görə dünyanın digər xalqları ona hörmət bəsləyirlər. İran xalqı Allaha imanlı olduğuna görə öz ilahi və mənəvi rəhbərinə elə hörmət ifadə edirdi. Həmin əziz rəhbərin qəlbi doğruçu, ixlaslı və işıqlı imanla dolu olduğuna görə xalq tərəfindən sevildi, insanların beynində və ruhunda güclü təsir buraxdı. Allah ona bu dövrdə ən böyük işləri görmək üçün qüvvə və qüdrət bəxş etdi.