Mart 07, 2019 20:02 Asia/Baku
  • Türkiyənin cümhuriyyət dönəmindəki ən iri məscidi qapılarını müsəlmanların üzünə açdı

Türkiyədə cümhuriyyət dönəmində tikilən ən iri məscid bu gün sübh namazında qapılarını müsəlmanların üzünə açdı.

İstanbulun ən yüksək təpəsi olan Çamlıcada 2013-cü ildən inşasına başlanılan Çamlıca məscid kompleksi istifadəyə verilib.

Eyni vaxtda 63 min insanın ibadət edəcəyi, Türkiyənin ən böyük məscidi olan Çamlıcada bu gün ilk azan oxunub və ilk namaz qılınıb.

Kompleksdə məscidlə yanaşı, 11 min kvadratmetrlik muzey, 3 min 500 kvadratmetrlik sənət qalereyası, səkkiz sənət atelyesi, 3 min kvadratmetrlik kitabxana, min nəfərlik konfrans salonu da yer alır.

İstanbulun simvollarından biri olacaq kompleks Osmanlı-Səlcuqlu memarlıq tərzində inşa edilib. Altıminarəli məscidin Malazgirt zəfəri şərəfinə ucaldılan dörd minarəsi 107,1 metr, digər ikisi isə 90 metr hündürlüyündədir. İstanbulu təsvir edən məscidin qülləsinin diametri 34 metrdir. Məscidə 17 min kvadratmetrlik xüsusi hazırlanmış xalı döşənib. Məscidin 5 metr eni, 6,5 metr hündürlüyü və 6 ton ağırlığı olan əsas qapısı türk taxta-əl işi sənətinin ən gözəl nümunələrindən biri - kündekari işçilik adlandırılan mismarsız sistemlə hazırlanıb.

Məscidin açılış mərasimində İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd Binəli Yıldırım iştirak edib.