Avq 12, 2015 09:17 Asia/Baku
  • Zərifin Livan baş naziri ilə görüşü
    Zərifin Livan baş naziri ilə görüşü

İran İslam Respublikası xarici işlər naziri çərşənbə axşamı Beyrutda Livanın baş naziri Tamam Salam ilə görüşüb, ikitərəfli və regional məsələlər barədə onunla fikir mübadiləsi aparıb.

İRİB-nin məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu görüşdə müqavimətin təsirli roluna işarə edərək, bütün livanlı qruplar arasında dialoq və anlaşmanın olmasını bütün tərəflərin xeyrinə adlandırıb və bunun Livan və regionun daha artıq inkişafına xidmət edəcəyini bildirib.
Məhəmməd Cavad Zərif daha sonra deyib: Biz, Livanın siyasi problemlərinin həlli istiqamətində livanlı-livanlı müzakirələrini himayə edirik.
Zərif daha sonra Vyana anlaşmasına işarə edərək, əldə olunmuş anlaşmanın regionda sabitliyin bərqərar edilməsi və inkişafın əldə olunması istiqamətində təsirli olduğunu bildirib.
İranın xarici işlər naziri həmçinin deyib: Biz, bir neçə onillik davam edən ixtilaflara rəğmən, dialoq yolu ilə dünyanın ən mürəkkəb böhranlarından birini həll etməyi bacardıq və Vyana anlaşmasını başqalarına problem yaratmaq üçün bəhanə qərar vermədik. Buna görə də bütün dost və qonşu dövlətlər, ərəb və islam ölkələri əldə olunmuş anlaşmanı sevinclə qarşıladılar və onun nəticəsindən faydalanacaqlar.
Livanın baş naziri Tamam Salam da bu görüşdə deyib: İran İslam Respublikasının Vyanada anlaşmanın əldə olunması üzrə uğuru bizim üçü də sevindirici haldır və biz anlaşma prosesinin gedişinə nikbin yanaşırıq.
Tamam Salam əlavə edib: Regional hadisələrdə İranın rolu böyük və təsirlidir. Və biz Livanda bəzi məsələlərlə bağlı, tayfalar arasında fərqli baxışlara malik olsaq da, daim İran İslam Respublikası ilə əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində addım atmışıq.
Livanın baş naziri Livanda müqavimətin rolunu da son dərəcə mühüm adlandırıb və deyib: Biz, Livanın bütün mənəvi, siyasi və ictimai strukturunda quruculuq işləri ilə bağlı müqavimətin rolunun gücləndirilməsinə təkid edir və müxtəlif livanlı qruplar arasında danışıqların davam etdirilməsini vurğulayırıq. Və bu bizim üçün çox sevindirici hal olar ki, İran İslam Respublikası da uduş-uduş prinsipi əsasında öz baxışları və tövsiyələri ilə mövcud böhranın həllinə kömək etmiş olsun.
İran İslam Respublikasının xarici işlər naziri Beyrutda, Livanın baş naziri ilə görüşdükdən sonra jurnalistlər qarşısında verdiyi açıqlamada deyib: Bu gün Livanda rəqabət günü deyil, quruculuq yolunda əməkdaşlıq günüdür.
İRNA-nın məlumatına görə, Zərif daha sonra deyib: Livanın baş naziri ilə görüşdə ikitərəfli əlaqələr, sülh və təhlükəsizlik habelə Livan və İran üçün mühüm olan məsələlər barədə danışıqlar apardıq.
Zərif həmçinin deyib: Livanda təhlükəsizliyin qorunması, ifratçılıq və terrorizm ilə mübarizə, müxtəlif livanlı qruplar arasında həmrəylik və əməkdaşlığın formalaşması istiqamtində görülən işlərdə baş nazir Tamam Salamın rolunu son dərəcə təsirli və dəyərli hesab edirik. Onun bu rolu bu gün Livanda təhlükəsizlik və sabitliyin bərqərar olmasına səbəb olub.
İranın xarici işlər naziri region ölkələrinin turnesinin birinci mərhələsində dünən Livanın paytaxtı Beyruta daxil olub.

Teqlər