Mart 28, 2017 19:57 Asia/Baku
  • İran və Rusiya prezidentlərinin birgə bəyanatı; Birgə strateji əməkdaşlıqlara təkid edildi

İran İslam Respublikası prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada, Kreml sarayında baş tutan görüşün sonunda əlaqələr və əməkdaşlıqların genişləndirilməsi üzrə birgə bəyanat veriblər.

İran və Rusiya prezidentlərinin "Hərtərəfli Strateji Əməkdaşlıqlara Doğru" adlı birgə bəyanatı iki ölkə arasında əlaqələrin inkişafı üçün yol xəritəsi sayılır.

Bu birgə bəyanatda "2026-2020-ci illər üçün İran və Rusiya arasında ticarət və sənaye üzrə birgə layihələrin icrası üçün yol xəritəsi"nin icrasına da təkid edilib.

Bu bəyanata görə, İran və Rusiya ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində iri addımların atılması üzrə öhdəliklərini elan ediblər.

İran və Rusiya həmçinin, bu bəyanatda regional və beynəlxalq təşkilatlarda xüsusi ilə də BMT-də birgə əməkdaşlıqların möhkəmləndirilməsinə təkid ediblər.

İran və Rusiya prezidentlərinin birgə bəyanatında Suriyanın müstəqilliyi, milli hakimiyyət haqqı və ərazi bütövlüyünə də təkid edilib və hər iki ölkə Suriya dövləti, ordusu və xalq qüvvələrinin terrorçu qruplaşmalar ilə mübarizədəki səylərinə dəstək verdiklərini bildirib.

Tehran və Moskva həmçinin, Yəməndə dağıdıcı müharibənin davam etməsindən narahatlıq duyduqlarını və savaşın dərhal dayandırılmasını istədiklərini bildirərək, böhran üçün siyasi həll yolunun tapılmasını zəruri adlandırıblar.

İran və Rusiya prezidentləri həmçinin, Mərkəzi Asiya və Qafqaz məntəqəsində sülh və sabitliyin möhkəmləndirilməsinə dəstək məqsədi ilə region ölkələrinin iştirakı ilə əməkdaşlıqların genişləndirilməsinə təkid ediblər.

Həsən Ruhani Moskvada Rusiya prezidenti Vladimr Putin və baş nazir Dmitri Medvedyev ilə görüşüb danışıqlar aparıb, Kreml sarayının kənarında yerləşən "Naməlum Əsgər" abidəsinin önünə əklil qoyub.

İran və Rusiya arasında prezidentlərin iştirakı ilə 14 əməkdaşlıq sənədi imzalanıb.