Fev 18, 2018 16:36 Asia/Baku
  • İran prezidenti təyyarə qəzası ilə əlaqədar başsağlığı verdi

İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehran-Yasuc istiqamətində hərəkət edən sərnişin təyyarəsinin süqut etməsi nəticəsində bir qrup insanın həyatını itirməsinə görə başsağlığı verib.

İran İslam Respublikası Prezident Administrasiyasının verdiyi məlumata görə, prezident Həsən Ruhani başsağlığı müraciətində bildirib: Tehran-Yasuc hava reysini həyata keçirən "Aseman" hava yolları şirkətinə məxsuus sərnişin təyyarəsinin süqut etməsi nəticəsində bir qrup vətəndaşımızın həyatını itirməsi böyük narahatlığa səbəb olub.

Həsən Ruhani hadisə qurbanlarının yaxınlarının kədərini bölüşərək, təyyarə qəzası nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, onların  yaxınlarına isə səbr və ilahi mərhəmət diləyib.

İran İslam Respublikası prezidenti həmçinin, yol və şəhərsalma nazirinə İranın Aviasiya Təşkilatının qanunları əsasında təyyarə qəzasının araşdırılması üzrə qərargah təşkil etməsi barədə göstəriş verib.

"Aseman" hava yolları şirkətinə məxsus ATR tipli sərnişin təyyarəsi bu gün səhər Tehran hava limanından havaya qalxdıqdan 20 dəqiqə sonra Denakuh dağlıq ərazisində süqut edib. Yasuc istiqamətində hərəkət edən bu təyyarədə 66 nəfər olub. Hadisədən sağ qurtulan olmayıb.

Teqlər