Okt 15, 2018 10:10 Asia/Baku
  • Təbrizdə
    Təbrizdə "Regionda terrorizm, separatçılıq və işğalçılığın nəticələri" adlı elmi konfrans keçirilib

İran İslam Respublikası və Azərbaycan Respublikasından olan ziyalılar, universitet müəllimləri, mədəniyyət xadimləri və media nümayəndələrinin iştirakı ilə Təbrizdə "Regionda terrorizm, separatçılıq və işğalçılığın təsirləri" adlı elmi konfrans keçirilib.

Bu mərasimdə çıxış edən Təbriz Universitetinin müəllimi Dr.Məhəmməd Əli Mütəfəkkir Azad ikinci dünya müharibəsindən sonra Asiyanın qərbi və Afrikanın şimalında cərəyan edən hadisələrə, Osmanlı imperiyasının dağılmasına işarə edərək, deyib: Müstəmləkəçi dövlətlər bu müharibənin ardınca regionun güclü dövlətlərini parçalamaq qərarına gəldilər. Beləliklə regional qüdrətin azaldılması fikrinə düşdülər. 

Dr.Məhəmməd Əli Mütəfəkkir Azad  Azərbaycan Respublikasının Dağlıq Qarabağ məntəqəsinin Ermənistan tərəfindən işğal edilməsi məsələsinə də işarə edib və deyib: Bu işğalçılıq sadəcə Azərbaycan vətəndaşları deyil, İran və regionun müsəlman əhalisinin sinəsinə çəkilən dağ idi. Ümidvarıq İslam torpaqlarının bir parçası olan bu ərazi ən qısa zamanda azad edilsin və böyük qələbə şənliyini qeyd edək. 

Qarabağ münaqişəsinin həlli yolu, İslam ölkələrinin bu münaqişənin həllinə müdaxilə etməsidir

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bu tədbirdə çıxış edərək, ilk növbədə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Daha sonra Əhvazda cinayət törədən terrorçulara öz nifrətini bəyan edən Akif Nağı hadisə qurbanlarının ailələrinin  kədərini bölüşüb. 

Akif Nağı çıxışının davamında deyib: İran və Azərbaycanın düşmənləri illərdir ki, terror və işğalçılıq kimi metodlardan istifadə edərək, bu iki xalqı incidirlər. Amma, bu iki xalq bir-birinə dayaq olaraq problemlərin həllində bir-birinə dəstək olurlar. 

QAT-ın sədri əlavə edib: Dəfələrlə qeyd etmişəm və yenə də deyirəm, İslam dünyasının problemlərinin o cümlədən Fələstini, Yəmən, Qarabağ, Kəşmir və sair... həlli sadəcə müsəlmanların birliyi və həmrəyliyi ilə mümkündür. Bu problemlər İslam Dünyasından kənarda həll  yoluna malik deyillər. 

Ermənistan ilə təmas, işğal edilmiş ərazilərdən çıxmasının istənilməsi və 25 illik işğalçılığın zərər və ziyanlarının ödənilməsi.

Azərbaycanın Vətəndaş İnkişafı Partiyasının sədri Əli Əliyev də bu tədbirdə çıxış edib. 

İslam torpaqları olan İrəvanda Ermənistan dövlətinin yaradılmasının dünya müharibələrindən sonra İran və Türkiyə kimi güclü islam ölkələrinin inkişaf etməsi və güclənməsinə mane olmaq məqsədi daşıdığını deyən Əli Əliyev əlavə edib: Hazırda İran və Türkiyə Qarabağ münaqişəsinə müdaxilə edərək, onun həllinə kömək edə bilərlər. 

O, daha sonra İslam dünyasının hazırkı problemlərinin yeganə həll yolunu birlik adlandırıb və deyib: Bir milyard müsəlmanın dünyanın ən önəmli məsələlər barədə qərarların qəbul edildiyi BMT-nin Təhlükəsizlik Şurasında bir daimi üzvə malik olmamasını necə qəbul etmək olar? 

Hüseyn məktəbində ədalət gücə qurban edilmir

Qarabağ İslam Müqaviməti Hərəkatının sədri də bu tədbirdə çıxış edib və deyib: Biz elə bir məktəbin davamçılarıyıq ki, bu məktəbdə ədalət gücə qurban edilmir və Hüseyn(ə) kimi bir şəhid ədalət uğrunda öz canını və ən əziz insanlarını fəda etdi. 

Rövşən Əhmədli əlavə edib: İranlı mütəfəkkirlərdən biri Qarabağ haqda mənə dedi ki, sizin müsibətiniz "müharibə" sözünü "münaqişə" ilə əvəz etdiyiniz, işğal edilmiş torpaqları azad etmək üçün "müzakirə" masasının arxasına əyləşdiyiniz zamandan başlandı və bunu Qarabağ məsələsinin reallığı hesab edirəm.